Paris də, Vaşinqton da Azərbaycan və Rusiya ilə anlaşmağa məhkumdur
Avqustun 5-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan dövlət başçısı İlham Əliyevlə telefonla əlaqə saxlayıb. Söhbət zamanı ölkə başçıları postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar. Həmçinin, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyəti müzakirə ediblər. Danışıq əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələri də müzakirə mövzusu olub. Xatırladaq ki, E.Makron ötən müddət ərzində bir neçə dəfə dövlət başçısı İlham Əliyevə telefonla zəng edib. Bəzi ekspertlərin fikrincə, Makron açıq-aşkar Minsk qrupu formatını canlandırmağa çalışır.
Ona bu məsələdə Vaşinqton da dəstək verir. Kreml bunun əleyhinə deyil, ancaq həmsədrlərin yenidən fəallaşması məsələsində Vaşinqton və Paris qədər israrçı deyil. Çünki Kremlə Cənubi Qafqazda əsas rəqibləri - ABŞ və Fransa simasında tərəfdaş lazım deyil. Rusiya öz hərbçilərini Qarabağa göndərəndə də Vaşinqton və Parislə məsləhətləşməyib. Həmçinin, həmsədrlik institutunun süni surətdə canlandırılması Azərbaycanın da maraqlarına cavab vermir. Fransa Avropa İttifaqının iki aparıcı dövlətindən biridir. Buna görə də Azərbaycan Fransa ilə münasibətlərin normallaşmasını və Makrondan əvvəlki axarına qayıtmasını istəyir. Ancaq əksər politoloqa görə, Emmanuel Makronun prezidentliyi dövründə normal əməkdaşlıq alınmayacaq. Çünki Makron Azərbaycanın Qarabağ üzərindəki nəzarətini və Azərbaycanın Türkiyə ilə siyasi və hərbi ittifaqı reallığını qəbul etmək istəmir. Xatırladaq ki, Makron avqustun 3-də Rusiya Prezidenti Vladimir Putinlə də telefon əlaqəsi qurub və regionla bağlı müzakirələr aparıb.
Makronun yenidən fəallaşmasını “Şərq”ə dəyərləndirən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Ermənistanın hərbi təxribatlarında ABŞ və Fransanın Paşinyan hakimiyyətinə verdiyi dəstəyin xüsusi rolu var. Analitikin sözlərinə görə, əks halda, Ermənistan ordusunun darmadağın olunduğu bir situasiyada rəsmi İrəvan buna qətiyyən cəsarət etməzdi:
“Ermənistanın hərbi təxribatları ABŞ və Fransaya Cənubi Qafqazda yeni münaqişənin yaradılması baxımından sərfəlidir. Çünki məhz yeni hərbi münaqişə ATƏT-in Minsk qrupunun yenidən dirildilməsinə yol aça və bu iki dövləti yenidən regiona qaytara bilər. Əks halda Cənubi Qafqaz regionunun qapıları ABŞ və Fransanın üzünə həmişəlik qapalı qalacaq. Digər tərəfdən, Fransa Prezidenti Emmanuel Makrona ermənipərəst mövqe öz ölkəsindəki siyasi maraqları üçün də lazımdır. Prezident Makron növbəti seçkilərdə erməni seçicilərin səslərini öz xeyrinə yönəltməyə can atır. Bu səbəbdən Fransanı açıq şəkildə Ermənistanın himayədarı statusunda saxlayır. Ancaq son günlər baş verənlərdən belə aydın olur ki, ABŞ və Fransanın Ermənistan üzərindən Cənubi Qafqaza geri dönüşü mümkün deyil”.
Politoloq vurğulayıb ki, Rusiya geopolitik prosesləri kənardan müşahidə edirmiş kimi görünsə də, əslində, önəmli məqamlarda baş verənlərə siyasi-diplomatik müdaxilələr edir:
“Böyük ehtimalla ABŞ və Fransa Minsk qrupunun dirçəldilməsinin və ya Cənubi Qafqazda itirilmiş mövqelərin yalnız Ermənistanın dəstəklənməsi ilə qaytarılmasının mümkün olmayacağını qətiləşdirməyə başlayıblar. Rusiyanın Vaşinqton və Parisi Ermənistana buraxmayacağı artıq qətiyyən şübhə doğurmur. Eyni zamanda ABŞ və Fransa daha bir önəmli məqamı qəbul etmək məcburiyyətində qalıblar. Bu da ondan ibarətdir ki, hətta Ermənistanı Rusiyanın əlindən ala bilsələr belə, Amerika və Fransa Cənubi Qafqaza yerləşə bilməyəcək. Çünki hazırda bölgənin gələcək taleyinin müəyyən edilməsində yalnız Azərbaycan mütləq siyasi iradə sahibidir. Əlbəttə, bu reallıq ABŞ və Fransanı qətiyyən məmnun edə bilməz. Ancaq Azərbaycan son illərdə, xüsusilə də 44 günlük savaşda öz hərbi qüdrətini və potensialını nümayiş etdirməklə, regionun nəinki lider ölkəsinə çevrildiyini sübut etdi. Əgər Rusiya belə Azərbaycanın geopolitik iradəsi ilə hesablaşırsa, Cənubi Qafqaza heç bir aidiyyəti olmayan dövlətlər - ABŞ və Fransa da rəsmi Bakının regional hegemonluq potensialından yayına bilməz”.
E.Xalidbəyli qeyd edib ki, Amerika və Fransa istənilən halda öz taktikalarına yenidən baxmaq məcburiyyətindədir:
“Bu ölkələr Ermənistanı dəstəkləməklə yanaşı, Azərbaycan və Rusiya ilə də anlaşmağa məhkumdurlar. İndiki məqamda Makronun Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi ilə bağlı yayılan rəsmi məlumatda olduqca önəmli məqamlar yer almaqdadır. Məsələn, ABŞ və Fransa buna qədər həmişə Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli ilə bağlı danışıqlara başlamaq çağırışlarını ön plana çıxarmağa çalışırdılar. Ancaq Azərbaycan və Fransa prezidentlərinin telefon danışığında əsasən üçtərəfli anlaşmaların icrası ilə bağlı müzakirələr ön planda tutulub. Bu, müəyyən mənada, Fransanın yeni taktikası da hesab oluna bilər. Çünki Makronun Kreml sahibi Putinlə telefon danışığında da üçtərəfli anlaşmaların icrası əsas müzakirə mövzusu olmuşdu. Buradan belə nəticə çıxartmaq olar ki, ABŞ və Fransa köhnə müzakirə mövzuları üzərindən Minsk qrupunun dirilməsinin mümkün olmayacağı ilə barışmağa başlayıblar. Azərbaycan və Rusiyanın köhnə mövzuların artıq öz aktuallığını itirdiyi qənaətindən geri çəkilməyəcəyini dəqiqləşdiriblər. Yeni mövzu isə indiki halda, yalnız üçtərəfli anlaşmaların icrası, eləcə də, Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası, demorkasiyası ola bilər.
Ona görə də Prezident Makron bu mövzuları Azərbaycan və Rusiya liderləri ilə müzakirə etməklə, Minsk qrupuna məhz bu istiqamətdən “nəfəs verməyə” çalışır. Belə anlaşılır ki, Fransa üçtərəfli anlaşmaların icrasına, sərhədlərin delimitasiya və demorkasiya prosesinə nəzarət və ya vasitəçilik missiyasına Minsk qrupu həmsədrlərini şərik çıxartmaq istəyir. Hələlik, bu missiya yalnız Rusiyanın üzərindədir”.
Müsahibimizin fikrincə, Rusiya da həmsədr olduğundan, Makron bu məsələdə Prezident Putinlə anlaşa biləcəyini düşünür:
“Halbuki, Minsk qrupunu bu missiyaya şərik etmək üçün yalnız həmsədrlərdən biri olan Rusiya ilə anlaşmaq yetərli deyil. İndi bu barədə yekun qərarı yalnız Azərbaycan verə bilər. Əgər rəsmi Bakı Minsk qrupunun prosesə qoşulmasına razılaşmazsa, üçtərəfli anlaşmalar yalnız Azərbaycan, Rusiya və Ermənistanın iştirakı ilə reallaşdırılacaq. Hər halda rəsmi Bakının 30 ildə ermənipərəst mövqe tutan və indi də eyni xətti davam etdirən ABŞ və Fransanın Cənubi Qafqazda yenidən geopolitik proseslərə qatılmasına razılıq verəcəyi o qədər də inandırıcı görünmür. Əgər belə olarsa, Minsk qrupunu yenidən diriltmək üçün heç bir geopolitik resurs qalmamış olacaq və bu qurum birdəfəlik “dəfn” olunacaq”.