İrəvan düşünməli, nəticə çıxarmalıdır, sülh müqaviləsi ilə bağlı təklif masa üzərində uzun müddət qalmayacaq
Ali Baş Komandan İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində həm Ermənistana, həm də havadarlarına ciddi mesajlar verdi. Düşməni bir daha xəbərdar etdi ki, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd göstərsə, onun başını yenidən əzəcəyik. Ölkə rəhbəri vurğulayıb ki, İkinci Qarabağ müharibəsindəki məğlubiyyət ermənilər üçün ciddi dərs olmalıdır. Təbii ki, düşmənlərimiz bu xəbərdarlıqdan ciddi nəticə çıxarmalı, yenidən müharibə əhval-ruhiyyəsinə düşməməlidirlər.
Unutmamalıdırlar ki, 30 il ərzində xarici havadarlarının köməyi ilə işğal altında saxladıqları Azərbaycan ərazilərindən 44 gün ərzində qovuldular. Bu müddət ərzində Ermənistan ordusu darmadağın edildi. Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla düşmən rəsmən təslim olduğunu etiraf etdi. Bundan sonra ermənilərin yenidən baş qaldırmaları mümkün deyil. Dövlət başçısı son müsahibəsində Ermənistanda baş qaldıran revanşistlərə ciddi mesajlar verdi. Prezident qəti şəkildə bildirdi ki, Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli bəyanatına ziddir. Təəssüf ki, bu hal hazırda davam edir. Ölkə başçısı bu barədə bir neçə dəfə şifahi qaydada iradlarını bildirdiyini diqqətə çatdırdı. Vurğuladı ki, bunun nəticəsi olmadığından rəsmi qaydada irad bildirildi. Ekspertlərin fikrincə, Ermənistan xəbərdarlıqdan ciddi nəticə çıxarmalı, son variant kimi sülh danışıqlarına razılıq verməlidir. Əks halda yaşanan proseslər ermənilər üçün ikinci fəlakətə səbəb olacaq.
Siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Ermənistanın öhdəliklərinə sadiq qalmaması bölgədə sülhün yaranmasına mane olur. Analitikə görə, Azərbaycan tərəfindən sülh sazişi barədə təklifin irəli sürülməsinə baxmayaraq, Ermənistan nəyin bahasına olursa-olsun, ən müxtəlif provakasiyalarla gərginliyi artırır:
“Ermənistan bölgədə münaqişə vəziyyətinin qaldığını görüntüləməyə və bununla da üçüncü qüvvələrin regiona müdaxiləsi üçün bəhanə yaratmağa çalışır. Prezidentin “CNN Türk” televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi, sülh müqaviləsi ilə bağlı təklif masa üzərində uzun müddət qalmayacaq. Müxtəlif istiqamətlərdən Azərbaycana qarşı həyata keçirilən təxribatların qarşılığı ən sərt formada veriləcək. 44 günlük müharibənin ədalətli nəticəsinin yaratdığı reallıqlar ölkəmizin üstün mövqeləri ilə daha da möhkəmləndiriləcək. Şübhəsiz ki, Ermənistanın təxribat xarakterli davranışlarını stimullaşdıran çoxsaylı səbəblər var. Bu səbəblərin sırasında, erməni cəmiyyətinin uzun illərdən bəri ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya kimi radikal və zəhərli ideoloji atmosferdə “nəfəs almaları” mühüm rol oynayır. Eyni zamanda erməni Qriqoryan kilsəsi, diaspor, radikal millətçi təşkilatların apardıqları təbliğat, qonşularla normal münasibətlərin qurulmasının tərəfdarı olan sağlam düşüncəli insanların təzyiqlərə məruz qalması da başlıca səbəblərdəndir. Məhz bu və Ermənistandan bölgədə maşa kimi istifadə edən xarici qüvvələrin nəzarəti altında olan siyasətçilərin fəaliyyəti nəticəsində erməni cəmiyyəti zamanında regiondakı reallıqları qəbul edə bilməyib. Miflərin arxasınca süründü və bu miflər darmadağın ediləndə isə ağır psixoloji sarsıntı içərisində qaldı”.
E.Mirzəbəyli vurğulayıb ki, vaxtilə erməni xalqına həqiqəti demək istəyənlər böyük maliyyə imkanları qazanan müharibə cinayətkarları tərəfindən terrora məruz qalıblar:
“Ermənistanda regionda sağlam münasibətlərin qurulmasına xidmət edən bütün alternativ fikirlər “süngü” ilə qarşılanır. Qonşularla normal münasibətlərin qurulması, müharibəyə son qoyulması çağırışları ilə çıxış edən erməni yazıçısı və ictimai-siyasi xadimi Vardqes Petrosyan 1994-cü ildə yaşadığı binanın girişində qətlə yetirildi. Azərbaycanla sülh tərəfdarı olan siyasətçilər 1999-cu ildə Ermənistan parlamentində terrora məruz qaldı. Bunlara bənzər çoxsaylı cinayət hadisələri Ermənistan cəmiyyətində həqiqəti demək istəyənlərin gözünü qorxutdu. Sağlam düşünməyi bacaran insanlar daim qorxu və basqı altında qaldılar. Şübhəsiz, Ermənistan tərəfinin təxribatlarının davam etməsində kapitulyasiyaya uğramış ölkəni yenidən silahlandırmağa, təcavüzkar qüvvələri yenidən ruhlandırmağa cəhd göstərənlərin “xidməti” də az deyil. Bəzi dairələrin “dovşana qaç, tazıya tut” siyasətini davam etdirməsi, öhdəliklərinə sadiq qalmamaları bölgədə davamlı və dayanıqlı sülhün yaranmasına mane olur. Məhz bu səbəbdən, Azərbaycanın sülh müqaviləsi təklifinin uzun müddət masa üzərində qalmayacağını hər kəs başa düşməli və nəticə çıxarmalıdır”.