“Artıq ox yaydan çıxıb"

Əziz Ələkbərli: "Biz Vətənə – Zəngəzura, Göyçəyə, İrəvana, Qərbi Azərbaycandakı bütün yurdlarımıza qayıdırıq!”


Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı növbəti dəfə Zəngəzurla bağlı danışıb. Ölkə rəhbəri vurğulayıb ki, Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdirildi. Ölkə rəhbəri qeyd edib ki, Zəngəzur dəhlizindən istifadə edərək öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq: “Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq”. 

Dövlət başçısının diqqət çəkdiyi məqamı “Şərq”ə təhlil edən millət vəkili, Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib ki, Prezident İlham Əliyev dünya siyasətinə yeni dəst-xətt gətirən siyasətçilərdən, dünya liderlərindən biridir.

Deputat söyləyib ki, Prezidentin hakimiyyətdə olduğu son 18 il ərzindəki bütün siyasi fəaliyyətini, çıxışlarını bir-bir izləsəniz, müqayisə etsəniz, bu fəaliyyət və çıxışlardakı məntiqi və siyasi ardıcıllığı aydın görəcəksiniz:

“Cənab Prezident deyir ki, “bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da zorla qovulublar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar”. Yadınızdadırsa, bir neçə il əvvəl də Cənab Prezident çıxışlarından birində demişdi: “İrəvan, Zəngəzur, Göyçə bizim tarixi torpaqlarımızdır, biz mütləq o torpaqlara qayıdacağıq. Bu, bizim strateji hədəfimizdir”. Mən Cənab Prezidentin 2016-cı il dekabrın 3-də Tərtər şəhərinə səfəri zamanı etdiyi çıxışı da xatırlatmaq istəyirəm: “Azərbaycan vətəndaşları bunu bir daha bilsinlər və dünya da bilsin ki, İrəvan bizim tarixi torpağımızdır. Göyçə, Zəngəzur bizim tarixi torpaqlarımızdır. Mən əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq. Biz bunu ardıcıl siyasətlə, sülh yolu ilə edəcəyik. Bütün obyektiv səbəblər onu göstərir ki, o gün gələcək”. Artıq ölkə rəhbərinin dediyi “o gün” gəlib. Əslində, bunu ermənilərin özü istədi. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra ermənilər diz çökdülər, aman dilədilər və kapitulyasiya aktına qol çəkdilər. Biz də onlara aman verdik. Lakin qılıncımızın altından qalxan kimi öz yaramazlıqlarını davam etdirdilər, təxribat təxribat dalınca gəldi. Azərbaycan xalqına və dövlətinə qarşı 30 ildə törətdikləri bütün vəhşiliklərə rəğmən onlara Qarabağda yaşamaq şansı da verdik. Halbuki heç bir millət bunu eləməzdi, amma erməni xisləti yenə onları şərə sürüklədi”. 

Parlament üzvü vurğulayıb ki, ermənilər xarici havadarlarından balaca güc alan kimi xəyanət, düşmənçilik yolu tutdular:

“Təbii ki, bunun nəticəsinə də qatlaşmalıdırlar. Bu dəfə bədəli ağır olacaq, aman diləyib canını qurtaranın yenidən xəncər çıxarmasını heç kəsə bağışlamırlar. Artıq şərtlər dəyişir və masa üzərinə Qarabağ müharibəsinin ilkin mərhələsində - 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qəddarcasına qovulan soydaşlarımızın doğma yurdlarına qayıtması üçün Zəngəzur, Dərələyəz və Göyçə ərazilərinin ermənilərdən boşaldılması, 300 min qaçqına 32 ildə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi məsələsi qoyulur. Bu gün Qarabağda yaşamağa icazə verdiyimiz yolunu azmış ermənilər “biz azərbaycanlılarla birgə yaşamaq istəmirik” deyirsə, onda biz "Ermənistandan" qovulan azərbaycanlılar da geri qayıdandan sonra "Ermənistanda" ermənilərlə birgə yaşamağı istəməyə bilərik. Ermənilər bunu yaddan çıxarmasınlar. Artıq ox yaydan çıxıb, biz Vətənə – Zəngəzura, Göyçəyə, İrəvana, Qərbi Azərbaycandakı bütün yurdlarımıza qayıdırıq!”.