Düşmənin istənilən təxribatının qarşısı Azərbaycan-Türkiyə birliyi tərəfindən qətiyyətlə dəf ediləcək
“IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla görüşüb. Görüşdə tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Həmçinin, müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Regional təhlükəsizlik, ikitərəfli münasibətlər, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Nazirlərin məhz indiki məqamda, gərgin proseslərin yaşandığı günlərdə bir araya gəlməsi ilə bağlı “Şərq”ə danışan politoloq Tofiq Abbasov deyib ki, Ermənistan kapitulyasiya sənədinə imza ataraq məğlubiyyətini qəbul etsə də, son dövrlər bölgədə yeni təhdidlərin şahidi oluruq. Analitik vurğulayıb ki, məntiqlə məğlub tərəf özünü sakit, çəkingən aparmalıdır. Amma İrəvan hökuməti tamam fərqli davranış sərgiləyir:
“Erməni tərəfi hər gün təxribatlara əl atır, sərhəddə gərginlik yaradır, müzakirələrin gedişatını pozur. Eyni zamanda diplomatik yollarla, bir sıra xarici ölkələrin və qurumların əliylə Azərbaycana təzyiq göstərməyə çalışır. Əlbəttə, bu, boş yerə deyil və sadəcə, Ermənistanın başının altından çıxan məsələ kimi görünməməlidir. Burada xarici qüvvələrin əlləri və rolları açıq sezilir. Təsadüfi deyil ki, Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı Prezident İlham Əliyev bir daha Ermənistana xəbərdarlıq etdi. Ondan əvvəl Azərbaycanın Müdafiə Nazirliyi sərt bəyanat yaydı. Hamıya məlumdur ki, Azərbaycan və Türkiyənin hərbi sahədə əməkdaşlığı genişmiqyaslıdır. Son dövrlər atılan addımlarla qardaş ölkə ilə hərbi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyulub. Bu əməkdaşlıq kimlərsə üçün təhdid kimi görünə bilər. Amma bu, zərurətdən doğan yaxınlıq və əlaqələrimizin daha da genişləndirilməsidir. Çünki Ermənistan daim özgə qüvvələrin əlində alətə çevrilərək bölgədə gərginlik yaratmaq niyyətindən əl çəkmir. İndi də eyni siyasəti həyata keçirir və xalqını dirçəltmək, ölkəni inkişaf etdirmək əvəzinə növbəti provakasiyalara əl atır”.
Siyasi şərhçiyə görə, bölgədə sabitliyin qorunmasının, etibarlı regiona çevrilməsinin qarantı Azərbaycan-Türkiyə tandemidir:
“Rahatlanmaq yeni hazırlıqlar görürlər. Təbii ki, düşmənin istənilən təxribatının qarşısı Azərbaycan-Türkiyə birliyi tərəfindən qətiyyətlə dəf ediləcək”.