Sədrəddin Soltan: "Əfqanıstan xalqı yenidən repressiya ilə üz-üzə qalıb"
"Taliban" NATO qüvvələrinin Əfqanıstandan çıxmağa başlaması ilə dərhal fəallaşdı və 20 ildən sonra yenidən ölkəni ələ keçirdi. Sanki iki onillikdə Əfqanıstanın rəsmi dövlət qurumları, ordusu deyil, məlum qruplaşma hazırlıq keçirmiş. ABŞ, Rusiya, Çin, Avropa İttifaqı, başqa ölkələr, beynəlxalq təşkilatlar bu qruplaşmanı terrorçu təşkilatlar siyahısından çıxarmadan onunla əməkdaşlıqdan bəhs etməyə başladılar.
Bir müddət öncə Co Bayden vurğuladı ki, Amerika 20 il ərzində Əfqanıstanda demokratiyanın inkişafı üçün 2 trilyon dollarlıq vəsait xərcləyib. Belə çıxır ki, əldə edilən bütün uğurlar yenidən "Taliban" tərəfindən məhv ediləcək. Etnik azlıqlar, o cümlədən türklər - özbək, türkmən, hezarilər (xəzərilər) yenidən "Taliban"ın puştunlar şovinizminin qurbanına çevriləcək.
“Orta Doğu” Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib ki, 1996-2001-ci ildə hakimiyyətdə olduğu müddət ərzində "Taliban" ölkəni orta əsrlərdən qalma metodlarla idarə edib. Analitik bildirib ki, ilk növbədə qadın və gənclərin hüquqları pozulub, onlar qadınları insan saymayıblar:
“Eyni təfəkkürün daşıyıcıları yenidən ölkəyə nəzarət edir. Onlara ABŞ-ın hərbi texnikası, silah-sursatı, azı 20 milyard dollar həcmində iqtisadiyyat qalıb. Əslində "Taliban"ın Əfqanıstanı sürətlə ələ keçirməsi İŞİD-in İraqda Səddam Hüseyndən qalma ordunu məğlub edib bütün hərbi texnikanı, silah-sursatı ələ keçirməsinə çox oxşayır. ABŞ başda olmaqla beynəlxalq koalisiya 2014-cü il iyunun 13-dən 2019-cu il martın 23-dək İraq və Suriya ərazisində bu terrorçu qruplaşmaya qarşı mübarizə apardı. Bu hadisələr fonunda Suriya və İraq ərazisində yeni bir dövlət yaratmaq cəhdi hələ ki boşa çıxıb. "Taliban"la İŞİD-in Əfqanıstanın nüfuz dairəsi uğrunda mübarizə apardığına dair xəbərlər yayılır. Əfqanıstandakı İŞİD hara getdi?”.
S.Soltanın fikrincə, ABŞ və müttəfiqlərinin Əfqanıstanı belə sadəliklə keçmişi bəlli "Taliban"a təhvil verməsi inandırıcı görünmür: “Ağ Ev Əfqanıstanda baş verənləri əvvəlcədən təxmin etdiyi halda niyə bu addımı atdı? Ehtimal etmək olar ki, ABŞ Əfqanıstandan çıxmaqla regionu Çin və Rusiya kimi rəqiblərinə təhvil verib. Nəzərə alaq ki, Kabilin girişinə yaxınlaşanda rəsmi Moskva və Pekin "Taliban"la əməkdaşlıq etməyə hazır olduqlarını bildirmişdilər. Rusiya XİN rəsmisinin Əfqanıstan Prezidenti Əşrəf Qəni hakimiyyətini tənqid etməsi də təsadüf sayıla bilməzdi. Rusiya terrorçu olaraq tanıdığı "Taliban"ın liderlərini Moskvaya buraxıb, Əfqanıstandaxili məsələlərin müzakirəsində onlara şərait yaradıb. Moskva və Pekin ABŞ-ın və NATO-dakı müttəfiqlərinin regiondan çıxmasını alqışlayır. "Taliban" özünü antiqərb göstərməyə çalışsa da, danışıqların başlıca təşəbbüskarı və əsas vasitəçi Vaşinqton idi. Belə çıxır ki, Amerika Əfqanıstanı bilərəkdən Çin və Rusiyanın nəzarətinə verib, yaxud onlara güzəşt edilib? Bu, elə də inandırıcı görünmür. Çünki "Taliban" hərəkatının qurucuları bir zamanlar keçmiş SSRİ işğalına qarşı mübarizədə iştirak edənlərdir. Bu baxımdan onlar Qərbə qarşı olduqlarını iddia etsələr də, “cinin canı olan şüşənin” ABŞ-da qaldığından xəbərdardırlar”.
Siyasi şərhçi daha bir məsələyə diqqət çəkib:
“Hadisələrin gedişindən belə anlaşıldı ki, hakimiyyət qüvvələrinin döyüş qabiliyyəti qruplaşmanın gücündən zəifdir. Yaxud 20 ildə ABŞ Əfqanıstan üçün ordu formalaşdıra bilməyib. Hakimiyyətin topu-topxanası, qırıcı təyyarələri, hava hücumundan müdafiə sistemi və başqa hərbi texnikası var idi. Onda niyə hakimiyyətin deyil, ABŞ-ın təyyarələri "Taliban"ın mövqeyini bombaladı? Görünür, Əfqanıstanın siyasi elitası və tayfa başçıları hakimiyyətə etibar etməyib. O, cəmiyyətdə nüfuzdan düşdüyündən hərbi qüvvələr arasında belə əlaqə zəif olub. Bunu marşal, keçmiş vitse-prezident Əbdül Rəşid Dostum hakimiyyətə çağırışında bildirmişdi. Beləliklə, Əfqanıstanda qanuni hakimiyyət dünyanın aparıcı gücləri tərəfindən terrorçu kimi tanınan "Taliban"a təhvil verildi. Əfqanıstan xalqı yenidən repressiya ilə üz-üzə qalıb. Qruplaşma isə əhaliyə ümidverici vədlər vermir. Onlar bəyan ediblər ki, çadra geyinəcəkləri halda qadınlar dövlət orqanlarında işləyə bilərlər. Yaxud onların yerinə qohumu olan kişilər banklarda çalışa bilərlər. Qızların təhsil alması da yenə çadra geyinməkdən asılıdır. 20 il əvvəl olduğu kimi ictimai davranış qaydalarında dəyişiklik yoxdur”.