"Mən Qarabağda rayonlarımızın azad olunmasını Amerikanın Əfqanıstandan çıxmağı planlaşdırdığı vaxtdan yaranmaqda olan yeni geosiyasi vəziyyətin nəticəsi sayıram"
"Rusiyanın Ermənistan ordusunu noyabrdan başlayaraq intensiv modernləşdirdiyi rəsmən təsdiqləndi".
"Sherg.az" xəbər verir ki, bu barədə siyasi şərhçi Aydın Quliyev deyib.
Ekspert bildirib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai televiziyasına əslində bizim dediklərimizi tam təsdiqləyən açıqlama verib:
"Deyib ki, ötən ilin noyabrından Rusiyanın dəstəyi ilə ordumuzun modernləşdirilməsi başlanıb və ən qısa müddətdə bunu yekunlaşdıracağıq. Azərbaycan tərəfi olaraq başa düşürük ki, bu proses Vətən müharibəsindən dərhal sonra başlayıb .Təsdiqlənir ki, Rusiyanın regionda hələ başqa planları da var və Ermənistanla strateji müttəfiqliyi daha da gücləndirmək fikrindədir. Rusiyanın regionda hərbi iştirakının gücləndirilməsinin başqa hədəfləri də var. Hədəf təkcə Azərbaycan deyil , Rusiya artıq Özbəkistanda da hərbi baza yaratmağı, KTMT-ni genişləndirməyi, tam şəkildə Özbəkistanı və imkan daxilində hətta Çini ora qatmaq istəyir".
Analitikə görə, hər şey ötən ilin yanvarında Dohada Trampın Talibanla Əfqanıstanı tərk etmək barədə saziş imzalamasından sonra başlayıb:
"ABŞ-ın Əfqanıstandan çıxmasının yeni geosiyasi vəziyyət yaratmasının əlamətləri artıq görünür. Rusiya bunu daha əvvəl gördü və ABŞ Əfqanıstandan çıxana qədər Azərbaycanda da öz hərbi mövcudluğunu reallaşdırmaq vəzifəsini həll etdi. Təbii ki, Qarabağın ətraf rayonlarını Azərbaycana qaytarmaq şərtilə həll etdi. Mən Qarabağda rayonlarımızın azad olunmasını Amerikanın Əfqanıstandan çıxmağı planlaşdırdığı vaxtdan yaranmaqda olan yeni geosiyasi vəziyyətin nəticəsi sayıram. ABŞ Əfqanıstandan çıxmaq niyətini ortaya qoyanda bilinirdi ki, Avrasiyada yeni geosiyasi vəziyyət yaranacaq. 2020-ci ilin əvvəlində isə bu artıq məlum idi. Rusiya Qarabağ probleminin yarımçıq həllinə şərait yaratmaqla dediyim yeni geosiyasi vəziyyəti az da olsa qabaqladı. Əfqanıstanda Taliban bütün Orta şərq, Mərkəzi Asiya və Qafqaz üçün böyük təsirləri olacaq bir proses başladır. Talibanın indidən "bütün qonşularla sülh içində olacağıq" ruhlu bəyanatlarına çox da inanmamaq lazımdır".