Araz Aslanlı:"Ermənistanda da mövcud durumdan bezənlər var"
Ermənilər Qarabağda hücum cəbhəsini genişləndirib. Şuşadan sonra Ağdam, Xocalı və Xocavənd istiqamətində də təxribatlar törədilib. Təxribat cəbhəsinin genişlənməsinin zamanı diqqət çəkir. Nəzərə alaq ki, iki gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub. Makronun xahişi ilə Putin onu Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının həyata keçirilməsinin gedişatı barədə məlumatlandırıb.
Danışıq zamanı regionda ümumilikdə vəziyyətin stabil olduğu, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və əhalinin humanitar ehtiyaclarının ödənilməsi üçün addımların atıldığı qeyd olunub. Putin və Makron ATƏT-in Minsk Qrupunun üzvləri kimi Qarabağ üzrə danışıqların aspektləri üzərində daha çox iş görməyə sadiq olduqlarını vurğulayıblar. Bəzi ekspertlərə görə, Moskva bununla Qarabağda rus sülhməramlılarının fəaliyyətindən narazı olan və erməni terrorçuların çıxarılması tələbində israr edən Bakıya mesaj verir. Göstərməyə çalışır ki, məhz Fransa istədiyi üçün bu haqda danışır və Minsk qrupunun “dirilməsinə” qarşı əsas maneə, eləcə də Bakının maraqlarına uyğun yeganə həmsədr ölkə Rusiyadır. Makron Putindən sonra Ermənistan baş naziri Nikol Paşinyanla danışıb və ardınca Qarabağda erməni terrorçuların təxribat cəbhəsi genişləndirilib. Yəni hücumlar Paris və İrəvanın “məsələni Minsk qrupu formatına yenidən qaytarmaq” planlarının tərkib hissəsi kimi görünür. Lakin Qarabağdakı erməni silahlılarının üzərində Rusiyanın təsir imkanlarını nəzərə aldıqda, bunun Moskvanın oyunu olduğu ehtimalı da ön plana çıxır. Ruslar öz maraqlarına təhlükə yaranacağı təqdirdə proseslərin inkişaf perspektivini göstərmək istəyirlər. Bütün bunlar isə Ermənistanın və Qarabağdakı erməni terrorçuların əlini gücləndirir.
Narahatlıq doğuran prosesləri “Şərq”ə dəyərləndirən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, Ermənistan tərəfi və vasitəçi qismində çıxış edən ölkələr 44 günlük müharibəyədək daim şikayət edirdilər ki, guya onlar münaqişənin davam etməsindən beziblər. Bir an öncə problemin çözümünü istəyirlər. Analitikin sözlərinə görə, Vətən müharibəsi mövcud vəziyyəti həm beynəlxalq hüquqa, həm də regionun reallığına uyğun tam dəyişdi. Azərbaycanın ərazi bütövlüyü təmin olundu:
“Suverenliyimizin bütün ərazilərdə tam təmin olunmadığı bəllidir. Hamımıza məlum səbəblərdən bir sıra bölgələr üzərində hakimiyyətimiz bərpa olunmayıb. Ancaq müharibədən sonrakı mərhələdə əsas gözlənti o idi ki, uzunmüddətli münaqişədən narahat olan dövlətlər məntiqlə sülh və quruculuq prosesinin mühüm parçası olmalıydılar. Əfsuslar olsun ki, tamamilə əks gedişatın şahidiyik.
Müharibə zamanı fəal olan dövlətlər, eyni zamanda prosesdə bir qədər passiv qalan ölkələr təxribatlarda dolayı yolla iştirak edirlər. Bölgədə sülh tərəfdarı olan iki ölkə var, biri Azərbaycan, digəri Türkiyədir. Kənar ölkələr, xüsusən qonşu dövlətlər münaqişənin hansısa formada davam etməsini, tam həll olunmamasını, xarici qüvvələr üçün müdaxilə yerinin qalmasını istəyirlər. Ermənistandakı revanşist əhval-ruhiyyəni saxlamağa çalışırlar”.
A.Aslanlı vurğulayıb ki, Ermənistanda da mövcud durumdan bezənlər var:
“Məsələn, iqtisadçılar və hərbçilərin bir hissəsi gərginliyin qalmasından, sonu bəlli olmayan qeyri-müəyyənlikdən ciddi narahat olurlar. Lakin ölkənin siyasi dairələri, o cümlədən diaspora sülh müqaviləsinin imzalanmasına qarşı çıxırlar. Həmin qüvvələrin və onlara havadarlıq edən güclərin əlindəki ən təsirli vasitə Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələridir. Əks halda Rusiya sülhməramlılarına rəğmən, Qarabağda bu qədər riskli hadisələr baş verə bilməz. 44 günlük müharibə Ermənistan hökuməti və sadə ermənilər üçün dərs olmalıydı. Əgər bəzi məsələlər unudulubsa, ermənilər bilməlidirlər ki, təxribat cəhdləri onu törədənlərə və arxasında duranlara ciddi zərbə şəklində geri qayıdacaq.
Qanunsuz cəhdlərə qarşı beynəlxalq hüquqa uyğun şəkildə atıla biləcək yeganə addım anti-terror əməliyyatlarına başlamaqdır”.