“TŞ-nın qətnamələrinin icra edilməməsi müharibəyə səbəb oldu”
“Artıq beynəlxalq təşkilatlardan istəyimiz sülhü möhkəmləndirmək prosesində aktivlik göstərməkləridir”
Bu gün Prezident İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edib. Ölkə başçısı görüş zamanı bir sıra mühüm məsələni BMT əlaqələndiricisinin diqqətinə çatdırıb.
Prezident qeyd edib ki, 44 günlük müharibəyə görə məsuliyyət yalnız işğalçı Ermənistanın deyil, onun işğalçılıq siyasətinə göz yuman beynəlxalq birliyin də üzərinə düşür. Dövlət başçısı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına dair məsələyə də toxunub:
“Azərbaycan bu məsələni ardıcıl şəkildə, ən yüksək səviyyədə, bütün mühüm platformalarda bu məsələni qaldırsa da, təəssüf ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı TŞ-nın qəbul etdiyi 4 qətnamə icra olunmadı. Bu qətnamələri qəbul edənlərin, həm də BMT TŞ-nın daimi üzvü olan beş ölkədən üçünün ATƏT-in Minsk qrupuna həmsədrlik etməsi məlumdur. Amma onlar da bu qətnamələrin icrası üçün lazımi mandat olsa da, Minsk qrupu 28 il ərzində bu imkanlar çərçivəsində heç bir əməli iş görmədi. Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, MQ həmsədrləri Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə məcbur etsəydi, müharibə baş verməzdi. Son nəticədə isə Azərbaycan özü qətnamələri icra etdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik, BMT TŞ-nın qətnamələrini özümüz yerinə yetirdik!”.
Ölkə başçısının çıxışını “Sherg.az”a dəyərləndirən millət vəkili Sevil Mikayılova bildirib ki, 30 il ərzində BMT və digər beynəlxalq təşkilatlar bölgədə sülhün təmin olunması üçün effektiv işlər görməyib:
“Bu gün hər birimiz müharibədə qələbə çaldığımızı qürurla deyirik. Artıq Azərbaycan-Ermənistan arasındakı münaqişə tarixin arxivinə çevrilib, münaqişə tam şəkildə həll olunub və biz sülhün möhkəmləndirmə mərhələsinə daxil olmuşuq. 30 il ərzində davam edən qanlı münaqişə təəssüf ki, sülh yolu ilə həllini tapmadı. Bu münaqişəyə vasitəçi kimi ATƏT-in Minsk qrupu da cəlb olunmuşdu. Eyni zamanda hüquqi baza mövcud idi. Dəfələrlə qeyd etmişik ki, BMT TŞ-nın 4 qətnaməsi 1993-cü ildə qəbul olunsa da, BMT-nin özünün verdiyi qətnamələrin icrası üçün uyğun mexanizmlərin olmaması bu məsələdə qlobal təsisatı iflic vəziyyətinə gətirdi. Son nəticədə münaqişə sülh yolu ilə həllini tapmadı. Münaqişədə vasitəçilik missiyasını üzərinə götürən Minsk qrupunun yarıtmaz fəaliyyətini xüsusilə qeyd etməliyik. Çünki bu qurum 30 il müddətində münaqişəni həll etmək üçün müəyyən mexanizmlərə malik deyildi”.
S.Mikayılovanın sözlərinə görə, Azərbaycan Prezidenti dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, Azərbaycan münaqişənin birdəfəlik və sülh yolu ilə həllinə çalışır, ancaq bu mümkün olmasa, müharibə ilə torpaqlarımızı azad etməyə qadirik:
“Təəssüf ki, BMT-nin özü və üzvləri olan ölkələr tərəfindən kəsərli addımların şahidi olmadıq. Nəticələr isə göz qabağındadır. BMT və digər qurumlar münaqişənin müharibə və siyasi-hərbi yolla həllindən nəticə çıxarmalıdırlar. Yəni bu məsələdə məsuliyyət onların da üzərinə düşürdü. Sözsüz ki, müharibə qan və itkidir, döyüşlərdə çoxlu tələfat olur. Ancaq münaqişəni sülh yolu ilə həll etmək mümkün olsa da, müəyyən mexanizmlərin olmaması, TŞ-nın qətnamələrinin icra edilməməsi müharibəyə səbəb oldu. Artıq beynəlxalq təşkilatlardan istəyimiz sülhü möhkəmləndirmək prosesində aktivlik göstərməkləridir. Fikrimcə, BMT özünün uyğun sturukturu olan YUNESKO-nun da ərazilərin bərpası məsələsində aktivliyini artırmalıdır. Dağıdılmış abidələrin yenidən bərpası, həmçinin bu ərazilərdə təhsilin, səhiyyənin və digər sosial xidmətlərin bərpasında BMT tərəfindən humanitar addımların atılması çox vacibdir. Beynəlxalq təşkilatlardan gözləntilərimiz bunlardan ibarətdir. Cənubi Qafqazda dayanıqlı sülhə yardımçı olsunlar, qarşılıqlı etimadın yaradılmasına öz töhfələrini versinlər. Çalışmaq lazımdır ki, bölgədə sülh və əmin-amanlıq davam etsin”.