"Ortada 10 noyabr və 11 yanvar üçtərəfli razılaşmaları var. Paşinyan qarşımıza heç bir şərt qoymadan, məhz həmin razılaşmaların şərtlərini dinməz-söyləməz yerinə yetirməlidir"
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına ən qısa zamanda başlamağın tərəfdarı olduğunu deyib. Parlamentin iclasında çıxış edən baş nazir bildirib ki, siyasi hay-küy səbəbiylə yazda planlaşdırılan nəticəni əldə etmək mümkün olmayıb. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin bir sıra hissələrində qeyri-sabit vəziyyət prosesin başlaması üçün ciddi təhlükədir. Paşinyan sovet xəritələrinə əsaslanaraq, Ermənistan və Azərbaycan qoşunlarının bərabər məsafədə geri çəkilməsi fikrini dəstəklədiyini vurğulayıb. Hökumət başçısı əlavə edib ki, Ermənistan tərəfi bu gündəmlə irəliləməyə hazırdır.
Nikol Paşinyanın toxunduğu məqamları dəyərləndirən araşdırmaçı-jurnalist, siyasi şərhçi Bəybala Mirzəyev deyib ki, erməni baş nazir Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına ən qısa zamanda başlamaq lazım olduğunu, kommunikasiyaların bərpasında maraqlı olduğunu bildirir. Digər tərəfdən isə Qarabağla bağlı absurd ifadələr səsləndirir.
Ekspert bildirib ki, Ermənistanın baş naziri parlamentdə çıxışı zamanı konstruktiv danışıqlara hazır olduğunu vurğulasa da, danışıqların yalnız Minsk qrupu formatında mümkün olduğunu vurğulayıb:
“Nazir deyib ki, Ermənistan hökuməti ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində danışıqlar prosesinin bərpasını vacib hesab edir. Paşinyan çıxışında yenə də 44 günlük müharibədən əvvəlki cəfəng iddialarına qayıdıb və münaqişənin qeyri-hərbi yolla, “xalqların öz müqəddəratını təyin etmək hüququ” və ərazi bütövlüyü prinsipləri əsasında həll edilməli olduğu şərtini irəli sürüb. Bu cür qeyri-real bir şərt irəli sürən Paşinyan Ermənistanın ən yüksək səviyyədə danışıqlarda iştirak etməyə hazır olduğunu və növbəti dəfə konkret təkliflər gözlədiyini söyləyib. O, bu təklifləri kimdən gözlədiyini dəqiqləşdirməyib. Ötən çıxışında isə Minsk qrupundan təkliflər gözlədiyini bildirmişdi. Bu dəfə deyəsən Azərbaycandan təklif gözləyir. Azərbaycanın hər hansı bir təkliflə çıxış etməsinə ehtiyac yoxdur. Çünki ortada 10 noyabr və 11 yanvar üçtərəfli razılaşmaları var. Paşinyan heç bir hoqqabazlığa yol vermədən, qarşımıza heç bir şərt qoymadan, məhz həmin razılaşmaların şərtlərini dinməz-söyləməz yerinə yetirməlidir. O şərtlərin yerinə yetirilməsi üçün Minsk qrupu kimi “ölü” vasitəçiyə də ehtiyac yoxdur. Yetər ki, Rusiya öz vasitəçilik missiyasını vicdanla yerinə yetirsin”.