"Bütün beynəlxalq alətlərdən istifadə edib ərazi bütövlüyümüzü bərpa etdik"

Ceyhun Məmmədov: "Prezident İlham Əliyev növbəti dəfə qəti və konkret mövqeyini BMT rəsmisinin diqqətinə çatdırdı"


Prezident İlham Əliyev dünən BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edib. Dövlət başçısı qonağı qəbul edərkən olduqca aktual məsələlərə toxunub. Ölkə rəhbəri Qarabağ ətrafında baş verənlərə, regiondakı proseslərə diqqət çəkib. Rəsmi Bakının qəti mövqeyini BMT təmsilçisinin diqqətinə çatdıran dövlət başçısı beynəlxalq qurumların fəaliyyətsizliyinə toxunub və BMT-nin 4 qətnaməsinin icra edilmədiyini xatırladıb. Vurğulayıb ki, 44 günlük müharibəyə görə məsuliyyət yalnız işğalçı Ermənistanın deyil, onun işğalçılıq siyasətinə göz yuman beynəlxalq birliyin də üzərinə düşür:

“Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. Onlar özləri bu qətnamələri qəbul edib. Bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi. Lakin, əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu çox imkanları əldən verib”. Prezident əlavə edib ki, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, həmsədrlər, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi: “Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür”. Ölkə başçısı qeyd edib ki, nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirib: “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik. BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdik. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. Beləliklə, biz bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyümüzü bərpa etdik”. 

Dövlət başçısı çıxışı zamanı UNESKO-nun ziddiyyətli missiyasına da diqqəti yönəldib. Bəyan edib ki, işğal dövründə Azərbaycan həmin ərazilərdə tarixi abidələrimizə dəymiş ziyanla tanış olmaq üçün UNESCO-nu bölgəyə dəvət etsə də, qurum bundan imtina edib. Müharibə bitəndən sonra bölgəyə gəlmək istədiyini bildirir: “Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bilmirəm bunu bilirsiniz ya yox biz, bir neçə il bundan öncə hələ işğal dövründə, UNESCO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik. Çünki ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə artıq iki faktaraşdırıcı missiya göndərmişdi. Biz onlardan yenidən bir missiya göndərməyi xahiş etdik, lakin onlar göndərmədilər. Tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər. Rəsmilər dedilər ki, təşkilat siyasi məsələlərə qarışmır. Lakin müharibə bitdikdən sonra UNESCO tərəfindən onların gəlmək istədiyinə dair siqnallar aldıq. Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki, demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər”. 

Ölkə başçısı artıq müharibənin bitdiyini, münaqişənin həll olunduğunu vurğulayıb. Baş verənlər haqda danışılası heç bir məsələ qalmadığını söyləyib və gələcəyə baxmaq lazım olduğunu deyib: “Hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində BMT ilə əməkdaşlığa ümid edir”. 

Dövlət başçısının toxunduğu məqamları “Şərq”ə dəyərləndirən millət vəkili Ceyhun Məmmədov deyib ki, Prezident İlham Əliyev növbəti dəfə qəti və konkret mövqeyini BMT rəsmisinin diqqətinə çatdırdı. Deputat bəyan edib ki, uzun illər BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi yerinə yetirilməyib. Ümumiyyətlə, BMT 30 il ərzində münaqişənin tənzimlənməsinə heç bir töhfə verməyib:

“Azərbaycan xalqı düşmən üzərində qələbəni öz gücünə təmin etdi. Əslində beynəlxalq qurumlar ötən dövr ərzində münaqişənin həllinə çalışmalı, ən azından bununla bağlı niyyətlərini ortaya qoymalı idilər. Lakin buna səy göstərilmədi. Ermənistana təzyiq edilmədi. Minsk qrupunun həmsədrləri isə öz fəaliyyətsizlikləri və turistik səfərləri ilə yadda qaldılar. Ermənistanın beynəlxalq hüquq və normaları kobud şəkildə pozmasına baxmayaraq, İrəvana qarşı heç bir tədbir görülmədi. Əskinə, Azərbaycana təzyiq göstərdilər ki, müharibəyə başlamayaq və torpaqlarımızın işğal faktı ilə barışaq. Ermənistanın bütün cinayətləri beynəlxalq təşkilatların gözü qarşısında baş versə də, onlara reaksiya verilmədi. Cəzasız qalan ermənilər işğal etdikləri bütün ərazilərimizdə vandalizm həyata keçirdilər, tarixi-dini abidələri yerlə-yeksan etdilər. Həmin dövrdə UNESCO-nun üzərinə ciddi məsuliyyət düşürdü ki, ermənilərin törətdikləri vəhşiliklərə ədalətli qiymət versinlər. Təəssüf ki, bugünədək qurum tərəfindən heç bir qiymətləndirmə aparılmayıb. Ermənilər isə davamlı təxribatlar törədiblər. O baxımdan Prezident öz prinsipial və qəti mövqeyini yenidən BMT təmsilçisinin diqqətinə çatdırdı”. 

Parlament üzvü bildirib ki, postmüharibə dövründə Ermənistanın bütün cinayətləri araşdırılmalı, onlara hüquqi qiymət verilməlidir:

“Ermənistan növbəti revanşist və təxribatçı bəyanatlara son qoymalıdır. Çalışmalıdır ki, bölgədə sülhün tənzimlənməsinə öz töhfəsini versin. Əks halda bunun cəzası çox ağır olacaq. Təbii ki, burada beynəlxalq qurumların üzərinə böyük məsuliyyət düşür. Onlar da öz missiyalarını layiqli şəkildə icra etməlidirlər”.