Paşinyan etiraf edir:“Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat əlaqəsi...”

Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, nə 10 noyabr, nə 11 yanvar üçtərəfli bəyanatlarında dəhliz ifadəsi var.
“Söhbət başqa şeydən gedir: Ermənistanın Rusiya və İranla nəqliyyat əlaqəsi Azərbaycandan keçməli olduğu kimi, Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirən nəqliyyat əlaqəsi də Ermənistandan keçməlidir”, - deyə o, bildirib.


Siyasi analitik Samir Hümbətov Paşinyanın sözügedən bəyanatı barədə “Sherg.az”a danışdı:

 “Üçtərəfli razılaşmaların regionda kommunikasiyanın bərpası ilə bağlı bəndlərində nə dəhliz, nə də Zəngəzur ifadəsi var. Paşinyan da məhz buna istinad edir, lakin o demək deyil ki, bu dəhliz olmayacaq. 10 noyabr razılaşmasının 9-cu bəndində qeyd olunur ki, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Azərbaycan bu nəqliyyat xəttini “Zəngəzur dəhlizi” adlandırır və beynəlxalq müstəvidə bu adı qəbul etdirmək istiqamətində işləyir: Şuşa Bəyannaməsinə “Zəngəzur dəhlizi” ifadəsi daxil edilib. Paşinyan dəhlizin olmayacağını deyəndə məhz üçtərəfli razılaşmalarda belə ifadənin olmadığını nəzərdə tutur. Lakin Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat əlaqəsinin olacağını etiraf edir”.

S.Hümbətovun sözlərinə görə, bundan sonrakı proseslər sərhədlərlə bağlı olacaq:

 ““Qarabağ münaqişəsi”, “Minsk qrupunun fəaliyyəti”, “yeni təkliflər gözləyirik” açıqlaması həmişə olduğu kimi indi də daxili auditoriyaya və bu məsələlər üzərindən bölgəyə qayıtmaq istəyən Qərb tərəfdaşlarına hesablanıb. Əsas məqam Paşinyanın Ermənistanı blokadadan çıxarmaq istəyi və bölgədə düşmənçiliyi aradan qaldırmaqla bağlı dedikləridir. O, ermənilərə təklif edir: unutmayaq, amma “düşmənçiliyi idarə edək”, yəni maraqlarımıza görə vəziyyətlə barışaq. Bu iki məqam Ermənistanın kommunikasiyanın açılması üçün sərhədlərin delimitasiyasına razılaşmağa məcbur olduğu deməkdir. Sərhədlərin delimitasiyası və demarkasiyası həll edildikdən sonra kommunikasiyalar açılır, iqtisadi əlaqələr qurulur. Prosesin bu istiqamətdə inkişafı Ermənistanın Qarabağ iddiasını elə iddia olaraq saxlamağa imkan verir. Bakı bunu anlayır, məhz buna görə əsas diqqət sərhədlərin bərpasına yönəlib”.