Azər Niftiyev: "İşğalçılıq siyasəti bu ölkəni uçuruma sürükləyir"
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında növbəti dəfə sərsəm bəyanat səsləndirib. Paşinyan iddia edib ki, nə 10 noyabr 2020-ci il, nə də 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli bəyanatlarda Ermənistan ərazisində heç bir dəhlizin yaradılması nəzərdə tutulmayıb. O əlavə edib ki, regional kommunikasiyaların açılması Ermənistan üçün risklidir: “Söhbət başqa məsələdən gedir: Ermənistan Azərbaycan ərazisindən Rusiya və İranla nəqliyyat əlaqəsi əldə etməlidir. Azərbaycan isə Ermənistan ərazisindən özünün qərb regionları, eləcə də Naxçıvanla nəqliyyat əlaqəsi əldə etməlidir. Ancaq bu məsələ Ermənistanın və “Dağlıq Qarabağın” təhlükəsizliyi hesabına olmamalıdır. Azərbaycan tərəfinin dəhlizlər haqda provokasion bəyanatları dərinləşməkdədir”.
Baş nazir qeyd edib ki, regionda sülh və sabitlik uzunmüddətli strategiyadır. Paşinyanın açıqlamalarını şərh edən ekspertlər isə vurğulayıblar ki, 10 noyabr tarixli bəyanatda regionda bütün kommunikasiyaların açılması və onların şaxələndirilməsi barədə konkret müddəa var. Təsadüfi deyil ki, Azərbaycan məlum bəyanat imzalanan kimi bu istiqamətdə işlərə başlayıb və müəyyən addımlar atılıb. Hətta Azərbaycan, Rusiya və Ermənistan arasında baş nazirlərin müavinlərindən ibarət işçi qrupu da fəaliyyətə başlayıb. İşçi Qrupun müzakirə etdiyi əsas məsələlərdən biri məhz Zəngəzur dəhlizinin reallaşması ilə bağlıdır.
Məsələ ilə bağlı “Şərq”ə danışan siyasi icmalçı Azər Niftiyev bildirib ki, Paşinyan ənənəvi ampluasındadır və siyasi manevrlər edir. Analitikin sözlərinə görə, yaxın tarixi təcrübəyə nəzər salsaq görərik ki, Paşinyan kifayət qədər ikiüzlü və riyakar bir siyasətçidir:
“O, hər fürsətdən öz xeyrinə yararlanmağa çalışır. Hakimiyyətə ilk gəldiyi dövrlərdə rəsmi Bakıdan möhlət istəyirdi. Lakin bir müddət sonra öz vədinə xilaf çıxdı və erməni xislətini nümayiş etdirdi. Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edərkən də siyasi dividend qazanmağa çalışırdı. Bu gün oxşar və çirkin üsullardan istifadə edir”.
Həmsöhbətimiz vurğulayır ki, bu məkrli siyasət Paşinyanın sonunu gətirəcək:
“Təcrübədə bir dəfə bunu görmüşük. Şuşa rəqsi, siyasi riyakarlıq nəticə etibarilə “dəmir yumruğ”u işə saldı. Cəmi 44 günə Ermənistan ordusu darmadağın edildi. Bundan sonra seçkilər baş tutdu və erməni ictimaiyyəti başqa seçim şansı olmadığı üçün yenə də ona etimad göstərdi. Ona görə ki, işğalçılıq siyasəti bu ölkəni uçuruma sürükləyir. Məğlub dövlətin başçısı yenidən etimad qazanırsa, bu o deməkdir ki, erməni xalqı həqiqətən sülh istəyir. Belə bir məqamda Paşinyanın 10 noyabr və 11 yanvar bəyanatlarının ziddinə açıqlamalar verməsi, bəyanatın müddəalarını təhrif etməsi ilk növbədə onun özü üçün ağır fəsadlara gətirib çıxaracaq”.
A.Niftiyevin bildirdiyinə görə, Paşinyan ənənəvi siyasətini davam etdirərsə, rəsmi Bakının cavabı sərt olacaq:
“Ermənistanın nə iqtisadi, nə də hərbi gücü yoxdur ki, Azərbaycanla yenidən döyüş meydanında üz-üzə dayana bilsin. Zənnimcə, Paşinyan özü də bunu anlayır. Bir balaca təhlükə hiss edən kimi, öz mövqeyindən və siyasi ambisiyalarından geri çəkiləcək”.