Əlisahib Hüseynov: "Kreml rəhbərinin qarşısında strateji müttəfiqlikdən dəm vuran Paşinyan, eyni zamanda Vaşinqtonun “dirijor çubuğu” ilə idarə olunur"
ABŞ və Fransanın Ermənistandakı səfirlərinin diplomatik normaları aşan hərəkətlərinə və açıqlamalarına tez-tez rast gəlirik. Hərdənbir İran səfiri də onlara qoşulur. İrəvandakı bəzi əcnəbi səfirlər sanki öz ölkələrinin deyil, Ermənistanın sözçüsü kimi çıxış edirlər. O baxımdan ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Qarabağla bağlı növbəti dəfə təxribatçı açıqlama ilə çıxış etməsinə də əsla təəccüblənməməliyik. Amerikalı səfir hazırda necə deyərlər, “erməni saatı” ilə işləyir və bu səbəbdən Ermənistanın maraqlarını ingilis dilində bəyan edir. Məlum olduğu kimi, səfir Treysi reallıq hissini itirdiyinə və Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi ilə heç cürə barışa bilmədiyinə görə iddia edir ki, “Dağlıq Qarabağın status”u hələ müəyyən edilməyib. O, həmçinin qeyd edib ki, “Minsk qrupunun həmsədri olaraq fəaliyyətlərini davam etdirəcəklər”.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə açıqlamasında bildirib ki, amerikalı diplomatın bu açıqlaması ənənəvi demaqogiyadan başqa bir şey deyil. Partiya rəhbərinin fikrincə, 10 noyabr üçtərəfli razılaşmasının nəticəsində “oyundankənar” vəziyyətə düşən Amerika bölgədəki maraqlarından tamamilə məhrum olmamaq üçün Minsk qrupu adlı saman çöpündən yapışır:
“Eyni zamanda Ermənistanı növbəti dəfə öz geosiyasi oyunları üçün alətə çevirir. Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün ölkə parlamentində çıxışı zamanı “Ermənistan hökuməti ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində danışıqlar prosesinin bərpasını vacib hesab edir” tipli bəyanatla çıxış etməsi də ABŞ səfirinin açıqlamasının davamıdır. Xətt eynidir. Paşinyanın Minsk qrupunu gündəmə gətirməsi Linn Treysi ilə razılaşdırılıb. Treysi isə öz növbəsində bu direktivləri birbaşa Dövlət Departamentindən alıb. Bu isə onu göstərir ki, Kreml rəhbərinin qarşısında strateji müttəfiqlikdən dəm vuran Nikol Paşinyan, eyni zamanda Vaşinqtonun “dirijor çubuğu” ilə idarə olunur”.
Ə.Hüseynov əlavə edib ki, Treysinin “Qarabağın statusu bəlli olmadığından münaqişəni bitmiş saymaq olmaz” fikrini birbaşa ABŞ-ın hazırkı administrasiyasının mövqeyi kimi qəbul etməliyik:
“Ağ Evin belə destruktiv mövqe sərgiləməsinə təəssüf edirik. Lakin Vaşinqton bölgədəki proseslərə təsir imkanını itirib. Treysi sadəcə ermənilərin xoşuna gəlmək, onların simpatiyasını qazanmaq üçün bu cür mənasız açıqlamalar verir. Səfirin ermənipərəst mövqeyi amerikan diplomatiyasının çürüdüyünü, aşındığını göstərir”.