Samir Hümbətov: "Türkiyə istər geosiyasi, istərsə də geostrateji məsələlərdə mövqeyini daha da gücləndirərək Rusiyanı qabaqlamağı bacarır"
Rusiya və Türkiyə arasında işbirliyi və müttəfiqlik üzdə görünsə də, arxa fonda regional müstəvidə ciddi mübarizə gedir. Suriya və Liviyada tərəflər arasında mövqelərin müəyyənləşdirilməsi, İkinci Qarabağ savaşından sonra Ağdamda Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin yaradılması, Ukraynada müstəqillik günü ilə əlaqədar Türkiyə istehsalı olan Bayrakdar TB2-lərin nümayiş etdirilməsi və digər məqamlar bunu aydın şəkildə göstərir. Tarixə nəzər salsaq, görərik ki, 15 il öncə bütün bu məsələləri düşünmək belə qeyri-mümkün görünürdü. İndi isə regionda güc balansı dəyişir. Bir vaxtlar Rusiyanın nüfuzunun güclü olduğu regionlarda artıq nüfuz bölüşdürülməsi prosesi gedir.
Siyasi şərhçi Samir Hümbətov “Şərq”ə bildirib ki, son zamanlar atılan addımlardan və alınan qərarlardan belə qənaətə gəlmək olar ki, daha əvvəllər Azərbaycan və Türkiyə arasındakı yaxınlaşma Rusiya tərəfində qıcıqla qarşılanırdı. Ekspertin sözlərinə görə, artıq Moskva mövcud şəraitin diktəsi ilə vəziyyətlə barışmalı olur:
“İkinci Qarabağ savaşından sonra Türkiyə mövqeyi getdikcə güclənməkdə və genişlənməkdədir. Mərkəzi Asiya dövlətləri də Türkiyə ilə münasibətlərin yaxınlaşdırılmasına daha çox maraq göstərirlər. Siyasi mənzərəyə baxsaq, Türkiyə istər geosiyasi, istərsə də geostrateji məsələlərdə mövqeyini daha da gücləndirərək Rusiyanı qabaqlamağı bacarır. Türkiyənin Rusiya tərəfindən Krımın “ilhaqı”nı tanımaması isə onu göstərir ki, Türkiyənin gələcək hədəflərindən biri də Qara dənizdə Rusiyanın sıxışdırılması və öz mövqelərinin möhkəmləndirilməsidir. Türkiyə və Rusiya arasında ikitərəfli qarşılıqlı siyasi-iqtisadi əlaqələrdə inkişaf mümkündür. Amma regional güc olaraq tərəflər arasında daima mübarizənin gedəcəyi aşkardır”.