Əsgərimizin bıçaqlanmasına rəsmi Bakının cavabı sərt olmalıdır
Sülhməramlılar öz missiyalarından başqa bütün işlərlə məşğul olurlar. Aşkar şəkildə özlərini ermənilərin himayədarı kimi aparırlar
Ermənistan tərəfi sərhəddə növbəti təxribata əl atıb. Avqustun 25-də Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında Dövlət Sərhəd Xidmətinin əsgəri Şirəliyev Ruslan Nəriman oğlu iki erməni hərbçisinin qəfil hücumuna məruz qalıb. Nəticədə əlbəyaxa döyüş yaşanıb və Ruslan Şirəliyev sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb. Dövlət Sərhəd Xidmətindən bildirilib ki, digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermənistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaçıblar.
Əsgər R.Şirəliyev təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilib. Hazırda həyatı üçün təhlükə yoxdur. Vurğulanıb ki, baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür və bu təxribata adekvat cavab veriləcək. Hadisədən dərhal sonra Azərbaycan tərəfi Gorus-Qafan yolunu bağlayıb. Maşınlar evakuasiya olunsa da, yol hələ də blokdan çıxarılmayıb. Ermənistanın xaricə iki əsas çıxışı var, biri Dilican (Tavuş) istiqamətində Gürcüstana, digəri Gorus-Qafan yolu ilə İrana gedən yoldur. Azərbaycan bu çıxışlarından birini faktiki bağlamaqla İrəvana nələr edə biləcəyini göstərir. Son zamanlar Ermənistan sərhədlərin delimitasiyasından yayınır və Zəngəzur dəhlizinin açılmasına getmir. Halbuki, Azərbaycan tərəfi Laçın dəhlizindən və Gorus-Qafan yolundan ermənilərin istifadəsinə şərait yaradır. Bunun qarşılığında isə Ermənistan tərəfi heç bir müsbət addım atmayaraq, hərbçilərimizə qarşı təxribatlara əl atır. Məlumat üçün deyək ki, Qafan-Gorus yolunda Rusiya hərbçiləri ermənilərin təhlükəsizliyini təmin edir. İndiki halda Gorus-Qafan yolunun bağlanması Ermənistana ciddi mesajdır. Rusiyanın bununla bağlı rəsmi Bakıya hər hansı təzyiq göstərəcəyi nəticəsiz qalacaq.
Ermənistan tərəfinin davamlı təxribatları ilə bağlı “Şərq”ə danışan ehtiyatda olan polkovnik, Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmov deyib ki, baş verənlərin arxasında Rusiyanın izi görünür. Polkovnikin sözlərinə görə, rəsmi Bakının cavabı çox sərt olmalıdır:
“Sərhəddə yaşanmış hadisə xoşagəlməzdir və ciddi təxribatdır. Ermənistanın müdafiə naziri Rusiyada həmkarı S.Şoyqu ilə görüşərkən Şoyqu açıq-aydın bildirdi ki, Moskva Ermənistanı silahlandırır. Hazırda Qarabağda çox ciddi proseslər gedir. Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə ermənilər təşkilatlanır və silahlandırılır. Sülhməramlılar öz missiyalarından başqa bütün işlərlə məşğul olurlar. Aşkar şəkildə özlərini ermənilərin himayədarı kimi aparırlar. Əlbəttə, baş verənlərə adekvat cavabımız olmalıdır. Birmənalı deyirəm ki, erməniləri silahlandıraraq təxribatlara sövq edən Rusiyadır. Laçın dəhlizinə Azərbaycan tərəfi nəzarət etməlidir. Dəhlizdə sərhəd xidmətimiz və gömrük komitəmizin iştirakı vacibdir. Qanunsuz gediş-gəlişin qarşısı alınmalıdır. Dövlət başçımız bu yaxınlarda öz mövqeyini bildirdi və açıq mesajını verdi. Problem ondadır ki, Rusiya Şuşa Bəyannaməsini qəbul etmir. Kreml Azərbaycan-Pakistan-Türkiyə üçlü müttəfiqliyindən narahat olur”.
R.Məhərrəmov vurğulayıb ki, Ermənistanın Noyanbiriyan rayonundan Voskepar kəndinə yol ancaq Qazax rayonunun Bağanis Ayrım kəndindən keçir. Ermənilərin İcevandan Voskepar kəndinə gedən yolu isə Qazax rayonunun işğal edilmiş Xeyrimli və Aşağı Əskipara kəndindəndir:
“Ruslar hazırda beynəlxalq qanunları pozaraq Azərbaycanın işğal edilmiş kəndlərindən yol kimi istifadə edirlər. Rusiya sərhədçiləri orada blok-post yox, mühəndis-istehkam işləri aparırlar. Erməni mətbuatı yazır ki, Dilican (Tavuş) rayonunda insanların köçü başlayıb. Əgər belə bir hal varsa, o istiqamətdə atəşkəsin pozulması qaçılmazdır. Qarabağda, Ermənistan-Azərbaycan sərhədində yüngül atışmalar gedir. Düşünürəm ki, bu, diqqəti yayındırmaq üçündür. Ermənilər daha çox Qazax və Tovuz istiqamətlərində ciddi münaqişəyə hazırlaşır”.