Azər Qasımov: "Tutulan Azərbaycan vətəndaşı azad edilməli və bu işi görən məxluqların başına torba keçirərək həbs etmək lazımdır"
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb və araşdırma aparılır. Müdafiə Nazirliyindən bildirilib ki, hərbi qulluqçunun Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçdiyi güman olunur. Qeyd edək ki, Ermənistan mətbuatında Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərədə tutulduğu barədə məlumat yayılıb. Hadisə ilə bağlı və sosial şəbəkələrdə yayılan videogörüntülərdə əsgərimizə qarşı aşağılayıcı davranış nəzərə çarpır. Ekspertlərin fikrincə, öz ərazimizdə əsgərimizin separatçılar tərəfindən “əsir” götürülməsi və təhqir olunması yolverilməzdir.
Məsələ dəqiqləşdirildikdən sonra adekvat addımlar atılmalıdır. Çünki Qarabağ Azərbaycanın suveren ərazisidir və Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgələrlə aramızda hansısa “sərhəd” yoxdur. Görünən odur ki, Ermənistan tərəfi yavaş-yavaş müharibədən əvvəlki şəraiti təmin etməyə, gərginliyi daha da artırmağa çalışır. Rusiya tərəfi isə baş verənləri susqunluqla qarşılayır. Hər halda Ermənistanın bu dərəcədə azğınlaşmasının arxasında duran qüvvələr regionda sülhün və əmin-amanlığın tərəfdarı sayıla bilməz.
Hadisə ilə bağlı “Şərq”lə fikirlərini bölüşən politoloq Azər Qasımov deyib ki, görüntülərdən aydın olur ki, əsgər formasında birinə ermənilər tərəfindən aşağılayıcı tərzdə münasibət göstərilir. Ekspertin sözlərinə görə, bu hərəkət erməni tərəfinin mahiyyətini ortaya qoyur:
“Məsələ heç də həmin əsgər geyimində olanın xəstə və ya sağlam olmasında deyil. Məsələ bir azərbaycanlıya qarşı belə bir hərəkətin, özü də bizim torpağımızda edilməsidir. Müharibədən sonra ermənilərin bu cür hərəkəti hələ də ağıllarının başlarına gəlmədiyini göstərir. Bu, bir daha sübut edir ki, ermənilər Azərbaycan torpağında yaşadıqları gerçəyi yaxşı başa düşməyiblər. Rusiya sülhməramlılarının dəstəyi erməniləri o qədər qudurdub ki, Azərbaycan vətəndaşının əl-qolunu bağlamağa da ürək edirlər. Belə hadisələrin qarşısı qəti şəkildə alınmalıdır. Azərbaycan əsgəri ermənilərə öz yerini göstərməlidir”.
A.Qasımov vurğulayıb ki, Qarabağ ərazisində təcili şəkildə antiterror əməliyyatı keçirilməlidir:
“Tutulan Azərbaycan vətəndaşı azad edilməli və bu işi görən məxluqların başına torba keçirərək həbs etmək lazımdır. Belə hərəkətə cəhd edənlərin aqibəti hamıya nümayiş olunmalıdır ki, Azərbaycan vətəndaşı ilə heç kim aşağılacıyı rəftar etməsin. Hətta əsgərlərimizə yan baxmağa belə cəsarət etməsinlər”.