Güclülər daha da güclənir

Kiyev Bakı ilə dost olduğunu bütün məqamlarda sübut edib

Ukrayna bizim üçün Avropaya açılan qapıdırsa, Azərbaycan da türk dünyasına və Şərqə açılan qapıdır


Azərbaycanla Ukrayna arasında münasibətlərin strateji olması, bu əməkdaşlığın dost, səmimiyyət üzərində qurulması rəsmi Kiyevin qəbul etdiyi daha bir sənəddə öz əksini tapıb. Ukrayna Prezidenti Zelenskinin imzası ilə avqustun 27-də qüvvəyə minən “Ukraynanın xarici siyasət strategiyası haqqında” sənəddə Azərbaycan ilə əməkdaşlığın vacibliyi qeyd olunub. Vurğulanıb ki, Ukraynanın Azərbaycanla strateji tərəfdaşlığı regionda sülhün və sabitliyin qarantıdır. Ukrayna enerji sahəsində Azərbaycanla əlaqələrin daha da dərinləşməsində, ölkəsinin sahibkarlarının Azərbaycanda iri layihələr həyata keçirməsində maraqlıdır.

Sənəddə, həmçinin qeyd olunub ki, Ukrayna Azərbaycan ərazisindəki uzunmüddətli münaqişələrin beynəlxalq hüququn prinsipləri, ilk növbədə, ərazi bütövlüyü və suverenliyə hörmət əsasında həlli üçün beynəlxalq səylərə fəal dəstək verəcək. Məlumat üçün deyək ki, Ukraynanın xarici siyasətinin istiqamətlərini, parametrlərini və prioritetlərini ətraflı şəkildə müəyyən edən 254 bənddən ibarətdir. Sənədin ümumilikdə 8 bəndində Azərbaycan, qardaş Türkiyə və GUAM haqqında fikirlər yer alıb. Sənəddə Ermənistanla bağlı heç bir bənd yoxdur. 

Kiyev-Bakı münasibətləri haqqında “Şərq”ə danışan politoloq Tofiq Abbasov deyib ki, Ukrayna və Azərbaycan xalqı bir-birinə çox yaxın dövlətlərdir. Ekspertin sözlərinə görə, xalqlarımız arasında uzun tarixi dövrü əhatə edən bağlılıq var:

“Sovet dövründə iki ölkə arasında sıx gediş-gəliş, iqtisadi, mədəni-humanitar sahədə geniş əməkdaşlıq olub. Yazıçılarımız, mədəniyyət xadimlərimiz daim ünsiyyət saxlayıblar, xalqların yaxınlaşmasına töhfələr veriblər. Yaxın əlaqələr müstəqillik dövründə də yüksələn xətlə davam edib. Neçə illərdir, qarşılıqlı olaraq hər iki ölkədə Ukrayna və Azərbaycan mədəniyyət günləri keçirilir. Qarşılıqlı maraq və istək hər zaman iki dövlət arasındakı münasibətlərin əsasını təşkil edib. Ukrayna rəsmi Bakının dostu olduğunu daim əyani göstərib, öz dəstəyini əsirgəməyib. 44 günlük müharibədən sonra Ukrayna xalqında Azərbaycana maraq hədsiz çoxalıb. Kiyevdə Azərbaycan nümunəsi, presedenti müzakirə olunmaqdadır. Mətbuatda Azərbaycanın adı tez-tez hallandırılır. Onlar bizim gedişlərimizi, texnologiyalarımızı mənimsəmək, tətbiq etmək istəyirlər. Ümumiyyətlə, iqtisadi-sosial sahədə Ukrayna ilə əməkdaşlığımızı daha yüksək mərhələyə qaldırmaq imkanlarına sahibik. Ukrayna bizim üçün Avropaya açılan qapıdırsa, Azərbaycan da türk dünyasına və Şərqə açılan qapıdır. Bir məqamı da qeyd edim ki, GUAM-ı Avropa İttifaqı öz təşəbbüsü kimi irəli sürmüşdü. İsveç və Polşanın iştirakı ilə belə bir təşkilat yaradılmışdı. Əslində məqsəd 4 ölkəni Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaq və Qərbə yaxınlaşdırmaq idi, yəni siyasi xarakterliydi. Azərbaycan tərəfinin təşəbbüsü ilə GUAM iqtisadi əməkdaşlıq təşkilatına çevrildi və siyasi alət olmaqdan çıxdı. Hazırda da dost Ukrayna ilə ən sıx əməkdaşlığımız məhz iqtisadi sahəni əhatə etməkdədir”.