Erməni bloger etiraf edir

Sarkisyan və Koçaryanın Azərbaycana qarşı yürütdüyü zorakı və vandal siyasətin sonu belə olmalıydı

"Ermənistan üçün yeganə çıxış yolu xalqı və dövləti uçuruma aparan yanlışlıqlara əsla qayıtmamaq və keçmiş səhvlərdən dərs çıxartmaqdır"


Ermənilər özləri də mənsub olduqları toplumun hansı vəhşiliklərə əl atdıqlarını etiraf etməyə başlayıblar. Erməni bloger Roman Baqdasaryan Azərbaycan torpaqlarının işğalı zamanı yaşanmış qandonduran olaylardan bəhs edib. O deyib ki, ermənilər işğal etdikləri ərazilərdəki qəbiristanlıqları qazıb, meyitlərin ağzındakı qızıl dişləri oğurlayaraq, əridib külçə halında Ermənistana xammal kimi satıblar: “Ermənilər bunun bədəlini ödəməli olacaqlarını bilməliydilər. Ermənistanda hakimiyyətdə olmuş Sarkisyan və Koçaryanın Azərbaycana qarşı yürütdüyü zorakı və vandal siyasətin sonu belə olmalıydı. 44 günlük müharibə zamanı dağıdılmış qəbirlərin və təhqir olunmuş insan cəsədlərinin canlı şahidi olan Azərbaycan əsgərinin qisasçılıq hissini başa düşmək lazımdır.

Ermənilər işğal etdikləri ərazilərdəki qəbiristanlıqlardakı məzar daşlarını da sökərək üstündəki yazıları siliblər və onları material şəklində satıblar”. Baqdasaryan əlavə edib ki, o, Azərbaycan torpaqlarında bu sayda məscidlərin olmasından xəbərdar olmayıb: “Yanlız müharibədən sonra xarici KİV-lərdə yayımlanan materiallardan sonra anladım ki, ermənilər məscidləri və dini abidələri  viran qoyaraq yer üzündən siliblər. Buna görə ermənilər cavab verməli olacaqlar”.

Düşmənin etiraflarını “Şərq”ə dəyərləndirən siyasi şərhçi Anar İmanov deyib ki, Ermənistan bütün vəhşi əməllərinə görə cavab verməlidir və bu, gec-tez baş verəcək. Analitik bildirib ki, iki il əvvələ kimi Ermənistan fikirləşirdi ki, status-kvo əbədi qalacaq və Azərbaycan öz torpaqlarını işğaldan azad edə bilməyəcək:

“Mənfur düşmənin məkirli planları baş tutmadı. İllərlə işğalda saxlanılan torpaqlar cəmi 44 gün ərzində azad olundu və həqiqi yiyəsinə qayıtdı. Yenidənqurma işləri elə sürətlə aparıldı ki, Ermənistan buna təəccübünü gizlətmədi. İndi qalır, ermənilərin öz cinayətlərini dilə gətirmələri və peşmanlıq ifadə etmələri.

Səhvləri etiraf etmək üçün siyasi iradə, vicdan və kişilik lazımdır. Hələ ki, Ermənistandan nə siyasi iradə, nə də kişilik görmüşük. Ermənistan rəhbərliyi özünü elə aparır ki, sanki acınacaqlı məğlubiyyətlə üzləşən bunlar deyil.

Geriyə yol yoxdur, irəli baxmaq lazımdır. Ermənistan üçün yeganə çıxış yolu xalqı və dövləti uçuruma aparan yanlışlıqlara əsla qayıtmamaq və keçmiş səhvlərdən dərs çıxartmaqdır. Ermənistan Azərbaycanın bütün şərtlərinə qeyd-şərtsiz əməl edərsə, müəyyən məsələlərə yenidən baxmaq olar. Lakin düşmən bu günə kimi etdiyi bütün cinayətlərinə görə mütləq cəzalanmalıdır. Çünki belə cinayətlərin bağışlanılması mümkünsüzdür”. 

A.İmanova görə, yekun sülh müqaviləsinin imzalanmasında Ermənistan daha maraqlı olmalıdır:

“Paşinyan hökuməti diktə etdiyimiz şərtlərə uyğun sülh müqaviləsinə razı olarsa, hansısa konstruktiv danışıqlardan, əməkdaşıqdan söhbət gedə bilər. Kommunikasiyaların bərpası və regional əməkdaşlıq üçün ilk növbədə ermənilər revanşist düşüncədən uzaqlaşmalı, Azərbaycan xalqına nifrətə son verməlidirlər. Əks halda bölgədə normal münasibətlər üçün çox gözləməli olacağıq”.