"Bölgənin sülh şəraitində inkişafı birgəyaşayışdan keçir"
“Ermənistan tərəfi təxribatlarını davam etdirir, atəşkəsi mütəmadi pozur və tez-tez revanşist bəyanatlar səsləndirir”. Bunu “Şərq”ə açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, görünən odur ki, Ermənistan 44 günlük müharibədən yetərli dərs almayıb: “Bu mənada Prezidentin Şuşa səfəri və orada Ermənistana ünvanladığı mesajlar xüsusi əhəmiyyətə malikdir. İrəvan hökuməti anlamalıdır ki, Azərbaycan bir də heç vaxt Ermənistanın revanşist cəhdlərinə göz yummayacaq.
Bu kimi təxribatların qarşısı qətiyyətlə alınacaq. İşğal dövründə ermənilər elə görüntü yaradırdılar ki, guya, zəbt etdikləri torpaqlarımızda quruculuq və abadlıq işləri görürlər.
İşğaldan sonra məlum oldu ki, ermənilər işğal etdikləri ərazilərimizdə ancaq dağıdıcılıqla məşğul olublar, mövcud tikililəri viran qoyublar.
Lakin Azərbaycan tərəfi öz torpaqlarını düşməndən azad etdikdən sonra sürətlə quruculuq işlərinə başladı. Məsələn, Şuşanın işğaldan azad edilməsindən sadəcə 9 ay keçməsinə baxmayaraq, şəhərdə çoxsaylı quruculuq işləri görülüb, yeni tikililərin təməli qoyulub. Şuşada görülən işlər şəhərin kimə məxsus olduğunu bir daha ortaya qoyur”.
Parlament üzvü vurğulayıb ki, Ermənistan anlamalıdır ki, yeganə çıxış yolu Azərbaycanla normal münasibət saxlamaq və əməkdaşlıq etməkdir:
“Bölgənin sülh şəraitində inkişafı birgəyaşayışdan keçir. Hazırda Ermənistan özü də çox ağır durumdadır. İqtisadiyyatı çökmüş vəziyyətdədir. Ermənistanda çox ciddi problemlər var. Rəsmi Bakının təklif etdiyi formata, modelə, əməkdaşlığa uyğun olaraq bölgənin yenidən inkişaf etmək imkanı var. Hələki bu imkanlar Ermənistan üçün tükənməyib.
İrəvan hökuməti tarixin gətirdiyi fürsətdən düzgün yararlanmalı, imkanlardan istifadə etməlidir. Əks halda daha böhranlı vəziyyətlə üz-üzə qalacaqlar”.