"TurAz Şahini - 2021” təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Türkiyə Respublikasının Konya şəhərinə çatıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Hazırda təlimlərə hazırlıq məqsədilə heyətin yerləşdirilməsi, planlama və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.
Hərbi ekspert Ədalət Verdiyev təlimlərin əhəmiyyəti barədə “Sherg.az”a danışdı. O, Bakı və Şuşa bəyannamələrindən sonra ikitərəfli təlimlərin intensivliyinin artdığını söylədi:
“Beləliklə, ilk növbədə qardaş və tərəfdaş ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı əlaqələr güclənir və hərbi hava qüvvələrinin birgə fəaliyyət potensialı artır. Uçuş texniki və təminat heyətimiz böyük təcrübə qazanır.
Hər iki ölkənin gücünə güc qatan təlimlərdə iştirak etmək davamlı olaraq döyüş potensialını artırmaq niyyətində olan Azərbaycan üçün fürsətdir. Pilotlarımız üçün unikal imkan yaranıb.
Çünki onlar çox az ölkədə olan “Avaks” tipli erkən xəbərarlıq təyyarəsi ilə müxtəlif vəzifələr icra edəcəklər. Bu, həm də Azərbaycan və Türkiyəyə qarşı ərazi idiaları ilə çıxış edən tərəflərə, o cümlədən Ermənistana xəbərdarlıqdır”.