Siyasi partiyalara yeni qanun lazımdır

Xəzər Teyyublu: "Çərçivələr o qədər çoxdur ki, müxalif partiyalar fəaliyyətsiz vəziyyətdə qalıblar"

Əli Orucov: "Hazırda partiyaları sıxan əsas problem maliyyələşmə məsələsidir"
 

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ətrafında gedən söhbətlərlə bağlı müzakirə keçirilib. Bu barədə AXP sədri Pənah Hüseyn məlumat verib. Partiya rəhbəri qeyd edib ki, müzakirələrə bir sıra partiya təmsilçiləri və müstəqil ekspertlər qatılıblar. Toplantıda qeyri-rəsmi müzakirələr aparılıb. Pənah Hüseynin mövqeyi budur ki, Konstitusiyada siyasi partiyalar və seçkilərlə əlaqədar dəyişikliklər edilənə, yeni müddəalar əlavə olunana qədər siyasi partiyalar haqqında yeni qanuna ehtiyac yoxdur:

“Konseptual olaraq, mən siyasi partiyalar haqqında qanunun, siyasi partiyalar formasında birləşmə hüququ praktikasının, o cümlədən təsisi və dövlət qeydiyyatının daha da sadələşdirilməsi, asanlaşdırılması, demokratikləşdirilməsi tərəfdarıyam. Bizə çatan məlumatlarda yeni qanun təşəbbüsçülərinin əks niyyətli olduğu deyilir. Partiyalarda birləşməni çətinləşdirən yeni məhdudiyyətlərin gətirilməsi istənilir. Xüsusi xoşagəlməz hal odur ki, bu məhdudiyyətlər, ümumiyyətlə yeni qanun layihəsinin qəbulu, guya, bir sıra mövcud qeyri-iqtidar siyasi partiyaların adından, onların tələbi kimi təqdim edilə bilər”. P.Hüseynin sözlərinə görə, siyasi partiyalarda birləşmə hüququnun məhdudlaşdırılması məntiqi olaraq qeyri formal təşkilatlanma və qeyri-hüquqi siyasi fəaliyyət formalarının yayılması və güclənməsi, sistem müxalifətinin tamamilə marginallaşması və sıradan çıxması ilə nəticələnə bilər. 

Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu “Siyasi partiyalar haqqında” qanun layihəsi ətrafında gedən söhbətlərə münasibət bildirib. Partiya funksioneri vurğulayıb ki, siyasi partiyaların fəaliyyətində çoxlu məhdudiyyətlər var:

“Çərçivələr o qədər çoxdur ki, müxalif partiyalar fəaliyyətsiz vəziyyətdə qalıblar. Uzun zamandır müzakirə olunsa da, siyasi partiyalar haqqında normal qanun qəbul edilməyib. Son bir ildə siyasi hakimiyyətin müxalif partiyalara qarşı mövqeyi müsbətə doğru dəyişib. Loyal münasibət nəticəsində bir neçə partiya qeydiyyatdan keçib, onların qərargahı üçün ofislər veriblər. Bunlar müsbət addımlardır. Amma görüləsi işlər çoxdur. Əgər bir partiya qeydiyyatdan keçirsə, onun yerlərdəki təşkilatları da ofislərlə təmin olunmalıdır. Ən mühüm məsələ isə Pənah bəyin də deyiyi kimi siyasi partiyalarla bağlı Konstitusiya dəyişikliyinə gedilməsidir. Ölkəmizdə proporsional seçki sistemi bərpa olunmalıdır. Siyasi partiyaların birbaşa fəaliyyəti və gələcəyi proporsional seçki sistemindən asılıdır. Partiyaların inkişafı və cəmiyyətdə oturuşması bu yolla mümkündür. Əslində, bu dəyişiklik siyasi hakimiyyətin özü üçün lazımdır. Çünki biz təklif etdiyimiz seçki sistemi ilə cəmiyyətdə hansı partiyanın həqiqi nüfuza malik olduğu, dəstəkçisinin nə qədər olduğu üzə çıxacaq. Zəif və dəstəyi olmayan partiyalar ya sıradan çıxacaq, ya da böyük partiyalara birləşəcək”.  

AMİP-in Siyasi Şurasının üzvü Əli Orucov da “Şərq”ə açıqlamasında deyib ki, hər dəfə siyasi partiyalar haqqında qanunlara əlavələr və dəyişikliklər ediləndə mövqe daha da mühafizəkarlaşır:

“Pis-yaxşı hazırkı “siyasi partiyalar haqqında” qanun partiyaları qane edir. Çünki dəqiq bilirik ki, yeni dəyişiliklər bundan yaxşı olmayacaq və əleyhimizə işləyəcək. Əsas olan qanunların işləmə mexanizmidir. Əgər düzəlişlərdə həqiqətən pozitiv müddəalar nəzərdə tutulursa, bu, təqdir olunacaq. Hazırda partiyaları sıxan əsas problem maliyyələşmə məsələsidir. Cəmiyyətdə fikir plüralizmi və siyasi rəqabət mühiti inkişaf etməlidir. Proporsional seçki sistemi bərpa edilməlidir. Mərkəzi Seçki Komissiyası total inhisarçılıqdan çıxmalıdır. İnanmaq istərdim ki, problemlər öz həllini tapacaq. Siyasi və sivil rəqabət olmayanda cəmiyyətdə radikallaşma meyilləri artır və bundan radikal qüvvələr istifadə edir. Bunun nəticələri acı olar”.