"Kremlin vasitəçiliyinə necə inana bilərik"


Arzuxan Əlizadə: "Ermənistan rəsmilərinin Laçın dəhlizindən keçməklə Qarabağa gəlməsinə son qoyulmalıdır"

Ermənistan parlamentinin 20-dən çox deputatı Qarabağa, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi əraziyə gəlib. Erməni deputatların torpaqlarımıza gəlməsində məqsəd qondarma rejimin “müstəqillik günündə” iştirak etmək olub. Deputatlar arasında parlamentin hər 3 fraksiyasının – “Şərəf duyuram”, “Ermənistan” və “Vətəndaş Müqaviləsi”nin üzvləri yer alıblar. Proseslər göstərir ki, Azərbaycana qarşı məkirli niyyət təkcə Ermənistan tərəfindən deyil, eyni zamanda ona dəstək verən Rusiya tərəfindən də aparılır. Çünki rəsmi Bakı dəfələrlə sərt formada çağırış edib ki, Laçın dəhlizi vasitəsi ilə qanunsuz gediş-gəlişlərə son verilməli, separatçılara siyasi-hərbi dəstək kəsilməlidir. Əfsuslar olsun ki, Qarabağdakı bir qrup terrorçuya qanunsuz əməllərini icra etmək üçün hər cür şərait yaradılır. 

Erməni deputatların Qarabağa gəlişini “Şərq”ə dəyərləndirən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, bir müddət öncə ölkə rəhbərliyi konkret mövqeyini ortaya qoydu və bu, xalqın da yanaşması ilə üst-üstə düşürdü. Partiya rəhbəri qeyd edib ki, rəsmi Bakı birmənalı ismarıc verdi ki, Laçın dəhlizindən qanunsuz istifadələrə son qoyulmalıdır:

“Bu bəyanatın ardınca Rusiya XİN başçısı Sergey Lavrov dedi ki, Ermənistan rəsmilərinin Laçın dəhlizindən keçməklə Qarabağa gəlməsində Moskva heç bir problem görmür. Kreml faktiki olaraq Azərbaycanın mövqeyinə əks mövqe sərgilədi. Ziddiyyət ondadır ki, bu addımı atan tərəf “sülhməramlı” missiyanı öz üzərinə götürüb. 9 aya yaxındır görürük ki, rus hərbçiləri erməni separatçılarına dəstək verməklə onlara istənilən məsələdə havadarlıq edirlər. Qarabağa həm ermənilər, həm də silah-sursat daşınır. Bütün etirazlarımıza rəğmən, Rusiya öz işini görür, rəsmi Bakının mövqeyini nəzərə almır. Halbuki, bölgədə sülhyaratma missiyasını könüllü olaraq öz ürərinə götürən Rusiyadır. Əgər Moskva açıq-aşkar ermənilərin yanında olduğunu nümayiş etdirirsə, Kremlin vasitəçiliyinə necə inana bilərik? Ermənilər Qarabağdakı qondarma qurumu rəsmiləşdirməyə təhrik edilir. Rusiya və bəzi Avropa ölkələri Qarabağda gərginliyin artmasında maraqlıdır. Məqsəd hərbi müdaxiləyə şərait yaratmaqdır. Rusiyaya ciddi nota verilməli və son xəbərdarlıq edilməlidir. Nəticəsi olmayacaqsa, radikal addımlara əl atmalıyıq. Suveren ərazimizdə antiterror əməliyyatları həyata keçirmək hüququna malikik. Qarabağdakı separatçıları təmizləməsək, bu cür təxribatlar bitməyəcək”.