NATO ilə əməkdaşlıq davam etdiriləcək:“Terrora qarşı birgə mübarizə...”

“Azərbaycan beynəlxalq aniterror koalisiyasının etibarlı üzvüdür”

“Dövlətimiz Türkiyə Silahlı Qüvvələri ilə birgə Əfqanıstanda terrorla mübarizə aparıb”

“Azərbaycan sülhməramlıları bütün dünyanın gözü önündə uşaqları və qadınları xilas etmə əməliyyatlarından məharətlə çıxdı”


Şimali Atlantika Alyansının mətbuat xidmətindən bildirilib ki, NATO və müttəfiqləri bir çox sahələrdə, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində islahatların aparılması, həmçinin terrorla mübarizə sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə davam edirlər.
NATO qeyd edib:

“Bu yaxınlarda NATO-nun baş katibi Kabil hava limanının, həmçinin müttəfiqlərin və tərəfdaşların, habelə risk altında olan əfqanların Əfqanıstandan təxliyəsinin təhlükəsizliyinin təmin edilməsində NATO üzrə müttəfiqlər, xüsusilə də Türkiyə, ABŞ və Böyük Britaniya ilə birlikdə oynadığı həyati əhəmiyyətli rola görə Azərbaycana minnətdarlığını ifadə edib”.

Bundan başqa, Alyans Xavyer Kolominanın NATO Baş katibinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə yeni müavini təyin edilməsini alqışlayıb:“O, həmçinin NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi vəzifəsində Ceyms Appaturayı əvəz edəcək”.

 Azərbaycanın NATO ilə əməkdaşlığının ölkəmizə verəcəyi töhfələr barədə “Sherg.az”a danışan millət vəkili Asim Mollazadə xüsusilə terrorla mübarizə sahəsində NATO ilə birgə fəaliyyətimizi yüksək dəyərləndirib. Parlament üzvü vurğulayıb ki, Azərbaycan beynəlxalq aniterror koalisiyasına etibarlı üzv olduğunu bütün dünyaya sübut etdi:

“Dövlətimiz Türkiyə Silahlı Qüvvələri ilə birgə Əfqanıstanda terrorla mübarizə aparıb. Azərbaycan sülhməramlıları bütün dünyanın gözü önündə uşaqları və qadınları xilas etmə əməliyyatlarından məharətlə çıxdı. Azərbaycan terrordan əziyyət çəkən dövlətlərdəndir. Dəfələrlə ölkəmizə qarşı erməni terroru olub. Ona görə də Azərbaycan aniterror koalisiyasının fəal üzvüdür. Qardaş ölkəmiz olan Türkiyə də NATO-nun ən əsas və aparıcı hərbi qüvvələrindən biridir. Ona görə də NATO ilə əməkdaşlığımız davam etdiriləcək və Azərbaycan Türkiyə ilə birgə terrora qarşı mübarizə aparacaq”.