Əlimizdə kifayət qədər dəlillər mövcuddur
"Xarici siyasətimizdə əsas hədəf Ermənistanın üzərinə getmək olmalıdır"
Ermənistan növbəti dəfə Azərbaycanı Beynəlxalq Cinayətlər Məhkəməsinə verib. Bu barədə məlumatı Haaqada mənzillənmiş Beynəlxalq Cinayətlər Məhkəməsi yayıb. Ermənilər tərəfindən BMT-nin ən yüksək məhkəmə instansiyasına ünvanlanan iddiada rəsmi Bakı Qarabağda son müharibə də daxil, “onilliklərdir Ermənistan vətəndaşlarına və etnik ermənilərə qarşı insan haqları pozuntularında” ittiham olunub. İddiada qeyd edilib ki, guya, Azərbaycan erməniləri “etnik diskriminasiyaya” məruz qoyub. İrəvanın ittihamına görə “ermənilər, sistematik diskriminasiyaya, kütləvi qırğınlara, işgəncə və başqa insan haqları pozuntularına məruz qalıblar”.
Ermənistan sərsəmcə iddia edib ki, guya, “Azərbaycan 2020-ci il 10 noyabr atəşkəsinin ardınca erməni hərbi əsirlərə, girovlara qarşı qətl, işgəncə və başqa bəd əməlləri davam etdirib”. İrəvan hökuməti məhkəməni “son dərəcə təcili tədbirlər görməyə” çağırıb. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistana qarşı onun iddiasında adı çəkilən pozuntular üzrə əks-iddia qaldıracaq. XİN sözçüsü Leyla Abdullayeva qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib: “Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, irqi ayrı-seçkiliyə görə də İrəvanın məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə müraciət olunacaq: “Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir. Bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulub. Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinib”. Ermənistan üçtərəfli bəyannamənin imzalanmasından sonra da minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alır.
Ermənistan tərəfinin növbəti həyasızlığı ilə bağlı “Şərq”ə danışan Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı deyib ki, 44 günlük savaşdan və ağır məğlubiyyətdən sonra Ermənistan Azərbaycana zərbə vurmaq üçün bir çox üsula əl atır. Professorun sözlərinə görə, erməni diasporası Azərbaycanı beynəlxalq aləmdə gözdən salmaq, özlərinin törətdikləri cinayətləri ört-basdır etmək üçün xüsusi proqramla hərəkət edir:
“Ermənistanın Avropada və dünyada təsirli güc kimi lobbiçilik fəaliyyətindən istifadə edəcəyi gözlənilən idi. Ancaq onların “əsir və girovlarla” bağlı hay-küyünü hüquqi müstəviyə çıxarmaq təşəbbüsləri uğur gətirməyəcək. Ermənilərin “əsir və girov” saydıqları şəxslər Azərbaycan qanunlarını pozan terrorçulardır və qanuni məhkəmələrimiz tərəfindən cəzalandırılıblar. Beynəlxalq məhkəmələrin fərqli hökm verməyi hüquqi baxımdan mümkünsüzdür. Ermənilər öz əməllərini bizim adımıza yazmağa çalışırlar. Amma əllərində heç bir dəlil-sübut, fakt yoxdur. Halbuki, ermənilərin 30 il ərzində Azərbaycanın işğal bölgəsində törədikləri vəhşiliklərin hamısı sənədləşdirilib. Bütün sübutları beynəlxalq məhkəmələrə çıxartmalıyıq. Vurulan zərərə görə təzminat davaları açmalıyıq. Əslində Ermənistan bundan narahat olduğu üçün bir növ “qabaqdan gəlmişlik” edir. Məsələ isə ondadır ki, biz də bu işdə gecikirik. Xarici siyasətimizdə əsas hədəf Ermənistanın üzərinə getmək olmalıdır. Əlimizdə kifayət qədər dəlillər var ki, Ermənistan məhkum olunsun və milyardlarla dollar təzminat ödəmək məcburiyyətində qalsın”.
İsmayıl Qocayev