Paşinyan əgər görüş istəyirsə, üzərinə düşən addımları tərəddüd etmədən atmalıdır
Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan gizli görüş keçirilməsini istəyib. Bunu Türkiyə lideri ABŞ-a səfərdən öncə keçirilən mətbuat konfransında deyib. Paşinyan Ərdoğanla görüşmək üçün Gürcüstanın baş nazirini minnətçi salıb. Türkiyə prezidenti isə vurğulayıb ki, Ankara-İrəvan münasibətlərinin qurulması Azərbaycanın istəkləri və tələbləri çərçivəsində mümkün olacaq. Bəyan edib ki, əgər Paşinyan Ərdoğanla görüşmək istəyirsə, bəlli addımlar atmalıdır:
“Görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistan müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar. İnşallah, Azərbaycan və Ermənistan arasındakı bu çətinlik dəhlizlərin açılması ilə ortadan qalxar”. Ekspertlərin fikrincə, Türkiyə prezidentinin Paşinyanın “siqnal”larına bu cür cavabı gözlənilən idi. Paşinyan vaxtaşırı olaraq Türkiyə ilə “müsbət siqnallar”dan danışır və İrəvan-Ankara arasında münasibətlərin normallaşmasından söz açır. Lakin yaxşı bilir ki, Ərdoğan dəhlizlə bağlı güzəştə getməyəcək. Ümumiyyətlə, Türkiyənin Ermənistan tərəfi ilə hər hansı şərtsiz yaxınlaşmasından söz gedə bilməz. Türkiyənin özündə də başa düşürlər ki, uğursuz diplomatiyanı təkrarlamağın mənası yoxdur. Zəngəzur dəhlizi olmadan Ermənistanla münasibətlər Türkiyəyə heç bir perspektiv vəd etmir. Ərdoğanın da qeyd etdiyi kimi Ermənistan hökuməti beynəlxalq arenada hüquqi subyekt kimi çıxış etmək üçün, ilk növbədə özünün qonşuluq siyasətinə redaktələr etməlidir. Türkiyə və Azərbaycana qarşı ittihamlara və saxta “soyqırım” iddialarına son verməli, Zəngəzur dəhlizi ilə bağlı addım atılmalıdır. Bu arada Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan da bildirib ki, Ermənistan hökuməti Türkiyə ilə təmaslara başlamağa hazırdır. Gevorkyan deyib ki, yüksək səviyyədə kontaktların baş tutması üçün işçi diskussiyalar olmalıdır: “Ermənistan və Türkiyənin rəsmi şəxsləri arasında hələlik heç bir təmas olmayıb. Halbuki, Ermənistan hökuməti belə təmaslara, yüksək səviyyəli görüşlərə hazırdır”.
Paşinyanın təklifini və Ərdoğanın cavabını “Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə bildirib ki, Ermənistanın baş naziri mövcud vəziyyəti dəyişmək niyyətindədir. Ən azından Türkiyə prezidentinin mövqeyini öyrənmək arzusundadır:
“Sözsüz ki, Paşinyanın normallaşma cəhdlərinə həm ölkə daxilində, həm də ölkə xaricində müqavimət olacaq. Ancaq proseslər daha çox Paşinyanın siyasi iradəsindən asılıdır. Baş nazir seçkilərdə kifayət qədər səs toplamaqla legitim hakimiyyət qazanıb. Məqsədlərinə çatmaq üçün cəsarətli addım ata bilər. Amma cəsarətli addım atmağa da cəsarət lazımdır. Reallıq odur ki, Paşinyan öz davranışlarından dolayı qeyri-ciddi siyasi oyunçu təsiri bağışlayır. Ərdoğan ilk növbədə erməni baş nazirin təklifini ona görə qəbul etmir ki, Paşinyan ciddi tərəf-müqabili deyil. İkili danışıqlarda ciddi tərəfdaş sayılmır. Xatırlayırsızsa, Paşinyan bizim prezidentlə də görüşmək niyyətini ortaya qoymuşdu. Təbii ki, baş nazir görüşün Moskvanın, yaxud digər üçüncü tərəfin vasitəçiliyi ilə reallaşmasını istəyirdi. Rəsmi Bakı yaxşı bilir ki, əksər hallarda İrəvanın görüş istəyi təxribatçılıq xarakteri daşıyır. Azərbaycan rəhbərliyi fərqindədir ki, Paşinyan müstəqil qərar qəbul etmək iqtidarında deyil. Hansısa addım ərəfəsində Kremllə, yaxud Fransa ilə mütləq məsləhətləşməlidir. Öz sözünə cavabdeh olmayan, əksər fikirləri ziddiyyətli olan bir şəxs ciddi siyasi fiqur ola bilməz. Ortada təkliflər var, amma reallaşması üçün əlverişli zəmin yoxdur. Ərdoğan o baxımdan qeyd edir ki, əgər Paşinyan səmimi və cəsarətlidirsə, öncə bunu sübut etməlidir. Paşinyan üzərinə düşən addımları tərəddüd etmədən atmalıdır ki, onunla gələcəkdə hansısa müzakirələr aparılsın. Əks halda erməni baş nazir Türkiyə lideri ilə nəyin söhbətini edəcək?!”.
İsmayıl Qocayev