Rusiyada “ağıllı səsvermə” bitdi

Putinin “Vahid Rusiya”sı qalib oldu, kommunistlər ikinci yeri qazandı

Müxaliflər “karusellər”, məcburi səsvermə, topa bülletenlərin qutuya atılması, müşahidəçilərin işinə maneələr haqda informasiyalar yayıblar


Rusiya Dövlət Dumasına seçkilərdə iqtidar partiyası - “Vahid Rusiya” (“Yedinaya Rosiya”) qələbə qazanıb. İlkin nəticələrə əsasən, iqtidar partiyası səslərin 43 faizini toplayıb. Kommunist Partiyası 23, liberal demokratlar 8,7,  Ədalətli Rusiya  isə 7 faiz səslə Dumaya daxil olublar. Ölkə üzrə seçici aktivliyinin 50 faizdən çox olduğu bildirilib. Müxalifət və müşahidəçilər üç gün davam edən səsvermə prosesində çoxsaylı pozuntuların olduğunu deyiblər. O cümlədən, dəfələrlə səsvermə haqda - “karusellər”, məcburi səsvermə, topa bülletenlərin qutuya atılması, müşahidəçilərin işinə maneələr və şikayətlərə baxmaqdan imtina olunması halları haqda da informasiyalar yayıblar. 

“Kavkazski uzel” nəşri Ukraynanın işğal olunmuş Donbas vilayətindən Rusiyanın Rostov vilayətinin Krasnı Sulin yaşayış məntəqəsinə səsvermə üçün təxminən 200 nəfər gətirildiyi haqda məlumat yayıb. Kemerovoda seçki məntəqəsində müşahidə kamerası qutuya topa bülleten atılmasını qeydə alıb. Lakin Dumaya seçkilərdə daha çox müzakirə olunan məqamlardan biri seçki ərəfəsində vətəndaşların internetə çıxış imkanlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması olub. Digər məsələ isə müxalifətin tanınmış siması Aleksey Navalnı ilə bağlıdır. Həbsdə olan Navalnının özü, o cümlədən tərəfdarları seçkilərdə və siyasi həyatda iştirak edə bilmirlər. Onlar partiya kimi qeydiyyata alınmır, Navalnı ilə bağlı təşkilatlar isə ekstremist elan olunaraq qadağan ediliblər. Rusiya müxalifəti üçün ən mübahisəli qərar isə “Google” və “Apple” kimi dünya nəhənglərinin “Navalnı” proqramını silməsi olub. Sentyabrın 17-də Prezident Vladimir Putinin onlayn səs verdiyini əks etdirən video da yayılıb. Seçkilərdən bir neçə gün əvvəl Kremldə prezidentin ətrafında çox sayda koronavirusa yoluxanların olduğu üçün özünütəcridə qapandığı elan olunmuşdu. Məhz ona görə, Putinin səsvermə kadrları sosial şəbəkə istifadəçilərində suallar doğurub. 

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti də Dövlət Dumasına seçkilərdə müşahidəçi missiyası ilə iştirak edib. Müşahidəçi deputat Nizami Səfərov bildirib ki, Azərbaycandan olan müşahidəçilər öz missiyalarını Moskva vilayətində həyata keçiriblər: “Rəqəmsal videonəzarət sistemi Moskva vilayətində tətbiq edilmişdi. Bundan əlavə, bir sıra seçki məntəqələrində müşahidələr aparmışıq və missiyamız müşahidələrinin nəticələrini yaxın vaxtlarda təqdim edəcək. Müşahidələrimiz əsasında qeyd edə bilərik ki, Rusiyada seçkilər qanunamüvafiq qaydada keçirilib və onları baş tutmuş hesab etmək olar”.  

REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib ki, Aleksey Navalnının yanvarda ölkəyə qayıtmasının nə qədər səhv olduğu bir daha öz təsdiqini tapdı. Siyasi şərhçiyə görə, Navalnı Rusiyaya seçkilərə 2-3 ay qalmış gəlsəydi, tamam başqa vəziyyət yarana bilərdi: 

“Rusiya cəmiyyətində “liberalizm” mümkün deyil. Xalq bu dəyərləri istəmir, görmür, bəyənmir. Rusiya tipik “sol”, hətta ifrat “sol” toplumdur. Seçkiyə gedən bütün partiyalar sol, etatist, “ura-patriotik” şüarlarla getdi. Hakim partiya, kommunistlər, sosialistlər, hətta Jirinovski də eyni şüarlarla, bənzər yanaşma ilə, anti-liberal gündəm ilə seçkilərdə təbliğat apardılar. Nə qədər qəribə səslənsə də, hakim “Yedinaya Rossiya” daha iqtisadi liberal tezislərlə seçkilərə getdi. Digərləri “nyu-bolşevizm”, iqtisadiyyatın milliləşdirməsi, daha militarist və aqressiv gündəliklə seçkilərə qatıldılar”. 

N.Cəfərli vurğulayıb ki, seçkilər bir daha sübut etdi ki, Kreml Qərblə qarşıdurmadan gözəl istifadə etməyi bacarır: 

“Qərbin 2008-ci ildən bəri həyata keçirdiyi Rusiya siyasəti Putin hökumətinin güclənməsinə xidmət etdi. Deməli, yanaşma və metodlar doğru deyildi. Rusiya cəmiyyəti kifayət qədər konservativ və militaristdir. Putin cəmiyyətin və toplumun böyük hissəsinin gözləntilərinə tam cavab verir. Rusiyada baş tutan seçkinin böyük nəticələrindən biri də odur ki, heç bir ciddi siyasi qüvvə “boykot” kimi  mənasız, məzmunsuz, effektsiz yola baş vurmadı. Hətta zindanda olan Navalnı belə boykota çağırış etmədi, tam tərsinə, vətəndaşları seçkilərdə aktiv iştiraka səslədi, “ağıllı səsvermə” taktikasını elan etdi”.

İsmayıl Qocayev