Şərtləri qəbul etmək, bütün kommunikasiyaları açmaq Ermənistanın çıxış yoludur
Ermənistan tərəfindən səslənən yumşaq ritorikaya güvən azdır, Paşinyan bu gün ziddiyyətli açıqlamalar və davranışlar ortaya qoyur
Ermənistan Gəncə-Naxçıvan reysləri üçün hava məkanını açıb. Bu barədə məlumatı Ermənistan Mülki Aviasiya Komitəsi yayıb. Bildirilib ki, tranzit uçuşları üçün Ermənistan Azərbaycana hava məkanını açıb. Qeyd olunub ki, Türk Hava Yolları Gəncə-Naxçıvan marşrutu üzrə müntəzəm reyslərdə Ermənistanın hava məkanından istifadə edə biləcək. Bu, beynəlxalq tələblərə uyğun olaraq həyata keçiriləcək.
Əslində bütün kommunikasiyaların açılmasının Ermənistanın maraqları çərçivəsində olduğunu deyən politoloq Natiq Miri "Şərq"ə açıqlamasında qeyd edib ki, kommunikasiyaların açılması Ermənistanın blokadadan çıxarılması və iqtisadi inkişafının yeganə şərtidir. Politoloq qeyd edib ki, blokada şəraitində Ermənistanın ticarət əlaqələri bütün istəklərinə rəğmən məhduddur:
"Hətta strateji mütəffiq olduğu Rusiya ilə belə əlaqələr zaman-zaman, xüsusilə də qış aylarında çox ciddi şəkildə məhdudlaşır. Bu da əməkdaşlıq və ticarət əlaqələrində iki dövlət arasında hər zaman problemə çevrilir və Ermənistanın iqtisadi dirçəlişinə imkan vermir. Ancaq çox maraqlıdır ki, bu kommunikasiyaların açılması məsələsini bu gün Ermənistanın daxilində siyasi mübarizə predmetinə çeviriblər. Bu gün müxalifət çox ciddi şəkildə kommunikasiyaların açılmasını torpaqların Azərbaycana satılması kimi qələmə verir. Bunu qətiyyətsizlik, siyasi iradəsizlik, təslimiyyət kimi qələmə verirlər. Əlbəttə, bu da erməni cəmiyyətində birmənalı qarşılanmır. Qeyd edək ki, erməni xalqı ağır məğlubiyyətə rəğmən sülhə, təhlükəsizliyə və iqtisadi dirçəlişə səs verdi. Çünki revanşist qüvvələrindən bu yöndə hər hansı gözlənti yoxdur. Ona görə də Nikol Paşinyan bu gün xalqın verdiyi mandatı doğru-dürüst dəyərləndirməli və bu yöndə strateji, qətiyyətli qərarı verməyi bacarmalıdır. Bu məsələni siyasi alver predmetinə, hökumətin cılız, korporativ maraqlarına çevirməməlidir. Ancaq Nikol Paşinyan bu gün ziddiyyətli açıqlamalar və davranışlar ortaya qoyur. Bir tərəfdən Türkiyə və Azərbaycanla danışıqlara hazır olduğunu, bütün kommunikasiyaların açılmasına hazır olduğunu bəyan edir. Ancaq digər tərəfdən Azərbaycana və Türkiyəyə qəbul olunmaz şərtləri irəli sürür. Hesab edirəm ki, bütün manevr imkanları ilə Nikol Paşinyan zaman qazanmaq istəyr. Ancaq bu zaman Nikol Paşinyana nə qazandıracaq? Bildiyiniz kimi, Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətə Avropa Birliyi 2,5 milyard avro miqyasında konkret maliyyə dəstəyi vermək niyyətindədir. Ancaq bunun üçün konkret proqram və 5 prioritet istiqamət müəyyənləşdirib. Bu istiqamətlərdən biri Ermənistanın blokadadan çıxarılaraq bir tranzit ölkəsinə çevrilməsidir. Bunun üçün mütləq mənada Azərbaycan və Türkiyə ilə diplomatik münasibətləri qurmaq, bütün kommunikasiyaları açmaq və əlbəttə ki, Azərbaycanla sülh müqaviləsini imzalamaq tələb olunur. Bunun üçün də mütləq mənada sərhədlərin müəyyənləşməsinə ehtiyac var. Sərhədlərin müəyyənləşməsi qarşılıqlı olaraq həmin ölkələrin ərazi bütövlüyünü tanıması anlamına gəlir. Nikol Paşinyan buna hazırdırmı? Əlbəttə, hələlik biz bunu görmürük. Çünki o, hələlik müəyyən güc mərkəzləri Rusiya, eyni zamanda Qərbdə olan havadarları arasında müəyyən manevr imkanlarını saxlamaq üçün aşağı-yuxarı var-gəl edir. Buna görə də Nikol Paşinyanın bu yöndə hələlik strateji qərar verdiyi hiss olunmur".
N.Miri əlavə edib ki, hava məkanının açılması Nikol Paşinyan hökumətinə ən az təhlükə vəd edən məsələdir:
"Bu gün təkcə hava məkanını açmaq yetərli deyil, Ermənistanın özünün marağında olan Mehri dəhlizinin açılmasına da ehtiyac var. Əgər ana Azərbaycan Naxçıvanla birləşəcəksə, Ermənistan da Rusiya ilə həm dəmiryolu, həm də avtomobil yoluyla əlaqələrini bərpa edəcək. Ayrıca bu kommunikasiya açılandan sonra Ermənistan Naxçıvan vasitəsilə İranla əlaqə saxlayacaq. Bu da ən azından Cənub-Şərq Asiya ölkələrinə, Hindistana qədər ticarət əlaqələrini təmin edəcək, eyni zamanda Ermənistana yeni maliyyə bazarına çıxışına şərait yaradacaq. Yəni tərəzinin bir gözündə Ermənistanın gələcək inkişaf perspektivi, o biri tərəfində siyasi hakimiyyətin cılız maraqları və konkret havadar dövlətlərin cılız geosiyasi sifarişləri var. Ermənistanda erməni xalqını düşünən bir siyasətçi varsa, o zaman Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etməlidir. Bunu anlamayana qədər isə Ermənistanın bu cür rəzil vəziyyəti davam edəcək. Düşünürəm ki, Avropa Birliyinin ayırdığı 2,5 milyard avro da bu cür inkişaf perspektivi olmayan ölkəyə verilməyəcək".
Aynurə Pənahqızı