Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb. ANAMA-dan verilən xəbərə görə, görüş zamanı işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları barədə fikir mübadiləsi aparılıb.
Səfərin başlıca məqsədi Fransa Respublikasının Azərbaycanda icra edilən minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyinin ayrılması və bu sahədə dəstəyin istiqamətləri müzakirə olunub.
Yaxın gələcəkdə iki tərəf arasında minatəmizləmə əməliyyatlarına dəstək, eləcə də minadan zərərçəkənlərə yardım, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə layihələri kimi sahələri özündə əks etdirən sənədin imzalanması nəzərdə tutulur.
Fransanın radikal mövqedə olduğu halda birdən-birə siyasətindəki bu dəyişikliyin səbəbini “Sherg.az”a açıqlayan Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib ki, bu ölkə hər zaman Ermənistana dəstək verib:
“Fransa hökuməti və parlamentinin ermənipərəst mövqeyi onların münaqişə həllində mənfi mövqedə olduğunu göstərib. Bu mövqe hazırda Fransanın həm iqtisadi maraqlarına, həm də Fransa şirkətlərinə böyük zərbə vurub.
Ona görə də onlar hansısa formada çalışırlar ki, balansı bərpa etsinlər, Azərbaycanla münasibətləri yaxşılaşdırsınlar.
Ancaq Fransanın bölgədə hansısa formada iştirakı qəbuledilməzdir. Mina təmizlənməsi ilə bağlı humanitar dəstək göstərmək istəyirlərsə, müsbət haldır. Lakin bu, Fransanın siyasətində dəyişikliyi təsdiq edən amil deyil”.
Yeganə Bayramova