MÜZAKİRƏ: “Bu 4 partiya birgə siyasi addımlar atacaq”


Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), AĞ Partiya və Böyük Azərbaycan Partiyasının (BAP) sədrləri ilə görüşüb. P.Hüseyn bununla bağlı Feysbuk hesabında məlumat yayıb. O qeyd edib ki, görüşdə müəyyən razılıq əldə ediblər: 

Birinci, qeyri - rəsmi görüş ənənəsi saxlanılmaqla rəsmi görüşlərə keçilsin.İkinci, yerlərdə (rayonlarda), partiyaların rayon təşkilatları rəhbərlərinin iştirakı ilə analoji qeyri- rəsmi görüşlərin keçirilməsi təşəbbüsü bəyənilsin. Üçüncü, ölkənin siyasi və sosial problemləinə aid mütəxəssislərin iştirakı ilə dinləmələr keçirilməsi təşəbbüsü bəyənilsin. Dördüncü, siyasi partiyalar haqqında yeni qanunun Konstitusiya islahatına dair referendumdan sonra qəbulu daha məqbul hesab edilsin. Beşinci, “Köklü islahatlarla dəyişikliklərə doğru" sənədinin mətni azərbaycanca, ingiliscə və rusca bir yerdə çap olunsun. Altıncı, bahalaşmaya qarşı (yanacağın axırıncı bahalaşması daxil) narahatlıq və etiraz ifadə edilsin. Yeddinci, Azərbaycana qarşı İİR-nın dost olmayan və düşmənçilik hərəkətlərindən, silahlı güc nümayişi ilə azərbaycan xalqını qorxutmaq cəhdlərindən təəssüf ifadə edilsin və hiddətlə pislənilsin. Azərbaycan xalqının öz azadlığı, haq və hüquqları uğrunda hər cür mübarizəyə hazır olduğu xüsusi olaraq vurğulansın.Səkkizinci, Rusiya sülhməramlılarının artan təxribatları pislənilsin və bildirilsin ki, bu siyasətin davam etdirilməsi Rusiya silahlı qüvvələrinin Qarabağdan çıxarılması uğrunda kütləvi xalq hərəkatının yaranmasını aktuallaşdırır. Partiyalarda bu təşəbbüsün öyrənilməsi məqsədəuğun sayılsın”.

Görüşün əhəmiyyəti ilə bağlı təəssüratlarını “Sherg.az”la bölüşən AĞ Partiya sədri Tural Abbaslı bu cür qeyri-rəsmi müzakirələrin mütəmadi olduğunu söyləyib:

“Təxminən iki həftədən bir bu görüşlər səhər yeməyi formatında baş tutur. 4 partiya sədri görüşürük və bəzən müavinlər də iştirak edir. Adətən AMİP, AĞ Partiya, BAP və AXP –nin sədrləri görüşür və bu, ənənə halını alıb. Aktual məsələlərin müzakirəsi, 4 partiya arasında münasibətlər, gündəmdə olan məsələlərə birgə fikrin formalaşdırılması, gələcəklə bağlı planlara yanaşma tərzi ilə bağlı fikir mübadiləsi aparılır. Bəzi məlumatlar ictimaiyyətə statuslar vasitəsilə çatdırılır, bir çoxları isə öz aramızda müzakirə formatında qalır. Görüşün əsas niyyəti 4 partiya arasında münasibətlərin formalaşması və lazım gəldikdə birgə siyasi addımların atılmasıdır. Qeyri-rəsmi formatın keçirilməsində səbəb istəmədik ki, hər şey tam rəsmiləşsin, ona görə də daha səmimi müzakirələrin olmasına çalışdıq”.

 Yeganə Bayramova