Elçin Xalidbəyli: "Rusiya-Türkiyə münasibətlərində müəyyən problemlər yarana bilər"
Ankara Krımda Rusiya Dövlət Dumasına keçirilən seçkinin nəticələrini tanımır. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Rəsmi Ankara seçkinin hüquqi qüvvəsinin olmadığını bildirib. Bəyanatda Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub. Analoji bəyanatı AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell də yayıb. Bildirilib ki, AB Krımın və Sevastopol şəhərinin qanunsuz ilhaqını və bu səbəbdən işğal altındakı Krım yarımadasında keçirilən qondarma seçkiləri tanımır:
“Rusiyanın Ukraynadakı Donetsk və Luqansk bölgələrinin hökumət tərəfindən nəzarət edilməyən hissələrini seçkilərə daxil etmə qərarı Minsk razılaşmalarının məqsədlərinə ziddir. AB Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməyə davam edir”.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ankaranın bəyanatını cavabsız qoymayıb. O bildirib ki, Moskva Türkiyə XİN-in Krımdakı seçkini tanımamasından müvafiq nəticələr çıxarır. Diplomatın sözlərinə görə, Türkiyə Krımın Rusiya Federasiyasının suveren bir hissəsi olduğunu çox yaxşı bilir.
Türkiyənin Krımla bağlı mövqeyini və Moskvanın reaksiyasını “Şərq”ə təhlil edən “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli deyib ki, Rusiyada Dövlət Dumasına keçirilən seçkilər Kremlə müəyyən problemlər yaratmağa başlayıb. Analitikin fikrincə, bu seçkilər Rusiyaya kifayət qədər ciddi başağrısı yaradacaq:
“Əlbəttə, əsas problem yalnız seçkilərdə yol verilən qanun pozuntuları deyil. Bütün dünya Rusiyada heç vaxt azad və ədalətli seçki keçirilmədiyini bilir. Ona görə də bu məsələ o qədər ön planda deyil. Ancaq Rusiya Dumasına seçkilərin Krım yarımadasında da keçirilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Beynəlxalq hüquqa görə, Krım yarımadası Ukraynanın ayrılmaz tərkib hissəsidir. Rusiya Krım yarımadasını ilhaq etsə də, beynəlxalq hüquq qarşısında olan problemlərini həll edə bilməyib. Yəqin ki, heç vaxt da həll edə bilməyəcək. Türkiyənin və Avropa Birliyinin Rusiya Dövlət Dumasına Krım yarımadasında keçirilən seçkilərin nəticələrini tanımaması ilə bağlı bəyanatları beynəlxalq hüquq normalarının tələblərinə tamamilə uyğundur. Kremlin bu bəyanatlardan qıcıqlanması tamamilə yersiz və mənasızdır. Ukrayna Türkiyə ilə dost ölkədir. Rəsmi Ankara Ukraynanın ərazi bütövlüyünü tanıyır və müdafiə edir. Türkiyənin ötən ay Ukraynada keçirilən “Krım platforması”nda fəal iştirak etməsi də bunu təsdiqləyir. Rəsmi Ankara Rusiya ilə münasibətlərinin normal olmasına baxmayaraq, Ukrayna ilə bağlı mövqeyindən qətiyyən geri çəkilmək niyyətində deyil”.
E.Xalidbəyliyə görə, Kremlin məsələyə həssas yanaşması anlaşılandır:
“Moskva Krım yarımadasını Rusiya ərazisi kimi təqdim etməklə yanaşı, rəsmi Ankaradan da dəstək gözləyir. Rusiya XİN-in rəsmisi Mariya Zaxarovanın “Türkiyənin Krımla bağlı mövqeyindən nəticə çıxarılacaq” deməsi də, rəsmi Ankaraya üstüörtülü mesaj sayıla bilər. Rusiya tərəfi bununla Türkiyə ilə münasibətlərə müəyyən düzəlişlər oluna biləcəyinə eyham vurur. Yəni belə anlaşılır ki, Rusiya-Türkiyə münasibətlərində müəyyən problemlər yarana bilər. Hazırda bir çox beynəlxalq məsələlərə münasibətdə Rusiya və Türkiyənin maraqları böyük ölçüdə üst-üstə düşür. Düzdür, bəzi regionlarda Rusiya və Türkiyə arasında müəyyən ziddiyyətlər də olmamış deyil. Ancaq bu iki dövlət arasında bəzi bölgələrə münasibətdə olduqca ciddi geopolitik ortaqlıqlar da var. İndi Rusiyanın ilhaq etdiyi Krım yarımadası ilə bağlı ziddiyyət ucbatından münasibətlərin pozulması hər iki ölkəyə ziyan vura bilər”.
Siyasi şərhçinin fikrincə, Zaxarovanın eyhamları o qədər də böyük əhəmiyyət daşımır: “Türkiyə və Rusiya münasibətləri birmənalı şəkildə bu iki ölkənin prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin tərəfindən tənzimlənir. Rusiyanın beynəlxalq təzyiq və təhdidlərə hədəf olduğu indiki dönəmdə Kreml sahibi Türkiyə kimi güclü tərəfdaşı itirmək də istəməz. Yəqin ki, Kreml bu məsələnin üzərindən mümkün qədər sükutla ötməyə üstünlük verəcək. Bu baxımdan, Türkiyə-Rusiya münasibətlərinin gələcək inkişaf istiqamətləri yaxın günlərdə Soçidə keçiriləcək Ərdoğan-Putin görüşündən sonra aydınlaşmağa başlaya bilər. Zaxarovanın “Ankara Krımın Rusiyanın suveren ərazisinin tərkib hissəsi olduğunu bilir” deyərkən nəyə işarə etməsinə gəldikdə isə, bu, daha çox tarixə yönəlik eyhamdır. Məsələ ondadır ki, Krım yarımadası uğrunda Türkiyə və Rusiya arasında yüzilliklər öncə müharibələr olub. Həmin savaşlar nəticəsində Rusiya Krım yarımadasını öz ərazisinə qatmağa nail olub. Sonradan keçmiş SSRİ dövründə Krım yarımadası Ukraynanın tərkibinə verilib. M.Zaxarova da məhz bu tarixi məqamlara eyham vuraraq, Türkiyənin Krım yarımadasının Rusiyaya aid ərazi olduğunu bildiyinə işarə edir”.
Həmsöhbətimiz qeyd edib ki, Mariya Zaxarovanın və Kremlin nəzərə almaq istəmədikləri daha bir önəmli məqam mövcuddur:
“Keçmiş SSRİ dağılarkən Krım yarımadası Ukraynanın tərkib hissəsi olub. BMT və digər beynəlxalq qurumlar da Ukraynanın sərhədlərini məhz tərkibində Krım yarımadası olmaqla, tanıyıblar. Beynəlxalq hüquqa görə, sərhədlərin zorakı dəyişdirilməsi isə yolverilməzdir. Bu baxımdan, Krım yarımadası Ukraynanın ayrılmaz tərkib hissəsidir və Rusiya beynəlxalq hüquq qarşısında gücsüzdür. Ona görə də hesab etmək olar ki, Rusiyanın beynəlxalq hüquqa görə, Ukrayna ərazisi olan Krım yarımadasında Dövlət Dumasına seçkilər keçirtməsi Kremlə ciddi problemlər yarada bilər. Hər halda, bu faktdan istifadə etməklə, Rusiyaya qarşı yeni beynəlxalq sanksiyaların tətbiq edilə biləcəyi qətiyyən istisna deyil”.
İsmayıl Qocayev