Rusların əhəmiyyətli hissəsi ölkədə sosial ədalətin bərpasının tərəfdarıdır
Rusiyada sentyabrın 17-dən 19-dək keçirilən parlament və yerli idarəetmə orqanlarına seçkilərin tam nəticələri açıqlanıb. Rusiya Mərkəzi Seçki Komissiyasından bildirilib ki, seçicilərin 51 faizinin qatıldığı seçkidə “Vahid Rusiya” Partiyası Dövlət Dumasına seçkilərdə 49,82 faiz səs yığaraq qalib gəlib. İkinci yerdə isə Rusiya Federasiyası Kommunist Partiyası qərarlaşıb. Kommunistlər 18,93 faiz səs toplaya biliblər.
Rusiya Liberal Demokrat Partiyası isə 7,55 faizlə üçüncü yerə yüksəlib. Beşliyə həmçinin “Ədalətli Rusiya” və “Yeni insanlar” partiyaları da düşüblər. 5 partiya baryeri aşaraq Dövlət Dumasına düşüb.
Seçkidə Kommunist Partiyasının topladığı səs müzakirələrə səbəb olub. Əvvəlki seçkidə də ikinci yerdə qərarlaşan kommunistlər budəfəki marafonda səs faizini xeyli artırmağa nail olub.
Rusiyada kommunistlərin çoxalması faktını “Şərq”ə təhlil edən Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov şimal qonşumuzda kommunizmə meylin artmasının səbəblərini bu cür açıqlayıb. Partiya rəhbəri deyib ki, hakim partiya müəyyən administrativ rıçaqlardan istifadə edərək öz səsini artırmağa nail olub:
“Rusiyada Kommunist Partiyasına verilən səslər onu göstərir ki, rus ictimaiyyəti kapitalizmə, liberal quruluşa “yox” deyir. Rusların əhəmiyyətli hissəsi ölkədə sosial ədalətin bərpasının tərəfdarıdır. Bütün səmimiyyətimlə deyirəm ki, əgər Azərbaycanda düzgün sorğu keçirsələr, insanların əksər çoxluğu sosial-ədalətli cəmiyyətin qurulmasını istəyəcək. Nəzərə alaq ki, ölkəmizdə varlı təbəqə 10 faizdir, lap olsun 20 faiz. Amma zəhmətkeş, ziyalı, orta təbəqənin nümayəndələri çoxluq təşkil edir. Rusiyada da vəziyyət belədir. Kommunistlərin seçkidə ikinci yerdə qərarlaşması normal qarşılanmalıdır. Bundan əvvəl Dumaya keçirilən seçkidə Rusiya kommunistləri 9.2 faiz səs toplamışdılar. Ötən dövr ərzində rus xalqı sosializm tərəfdarlarının və kommunistlərin hakimiyyətə gəlməsinin daha zəruri olduğunu qəbul ediblər. Ona görə də səs faizi iki dəfə artaraq, 9-dan 19-a çatıb. Baxmayaraq ki, Rusiyanın hakim dairələri kommunistlərin sosial bazasını azaltmaq məqsədilə müxtəlif partiyalar yaratdılar. Həmin partiyalar 1-2 faiz civarında səs yığdılar. Tam əminliklə deyirəm ki, saxtakarlıq olmasaydı, bu seçkidə kommunistlər ən azı 35-40 faiz səs toplayardı. Seçkidən əvvəl keçirilən rəy sorğuları bunu deməyə əsas verirdi”.
R.Qurbanov vurğulayıb ki, yaradılan süni əngəllər səs faizini mümkün qədər aşağı saldı:
“Hər halda indiki səs faizi kommunistlərin Dumada öz fraksiyasını möhkəmləndirməsinə imkan yaradır. Dumanın rəhbərliyində və komissiyalarda təmsil olunmalarına şərait yaradır. Hər şeydən əvvəl isə rus cəmiyyətində kommunistlərə marağın yüksəldiyini göstərir. Azərbaycan Kommunist Partiyasının sədri kimi Rusiya kommunistlərinin liderinə təbrik məktubu ünvanladım. Seçkidə xalqın dəstəyi ilə qazandıqları inamlı qələbəyə görə onları təbrik etdim”.
İsmayıl Qocayev