Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı Ukraynanın ərazi bütövlüyünün qorunmasının olduqca vacib olduğunu deyib. "Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması mühümdür. Krım tatarlarının hüquqlarının müdafiəsi ilə bağlı səylər gücləndirilməlidir".- deyə o, bildirib.
Ərdoğanın sözügedən bəyanatını “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəylinin sözlərinə görə, bu, Ankaranın xarici siyasəti ilə bağlıdır:
“Türkiyə ilə Rusiyanın mövqeləri dörd nöqtədə- Suriya, Liviya, Aralıq dənizinin şərq sahillərində və Qara dənizdə toqquşur. Tərəflər həmin ərazilərdə siyasətlərini müntəzəm olaraq uzlaşdırmağa məcburdurlar. Məlumdur ki, liderlər ayın 29-da görüşəcəklər. Səfər öncəsi Ərdoğanın sözügedən bəyanatı təsir vasitəsidir. Yəni Türkiyə dövlət başçının əsas “kart”larından biri məhz Krım olacaq. Bundan sonra Rusiya ilə münasibətlərdə Krım əsas “kart”lardan olacaq”.
Ə.Əlibəyli düşünür ki, tərəflər arasnda toqquşma da mümkündür:
“Görüşdə Suriya- Rusiya münasibətləri müzakirə ediləcək. Həmçinin İdliblə bağlı “bazarlıq”ola bilər. Fikrimcə, Azərbaycana dair problem yoxdur. Amma digər yerlərdə situativ və uzunmüddətli ruha malik toqquşmalar istisna deyil. Nəzərinizə çatdırım ki, xüsusilə Krımın ələ keçirilməsi ilə Kremlin üstünlüyü artdı. Yəni Ukraynanın Rusiya qarşısında gücü kifayət qədər deyil. Tərəflər arasında müharibənin olması Uktaynanın parçalanması, fiaskosu deməkdir”.