Paşinyan ikibaşlı manevrlər edir:“Rusiyanın təsir dairəsindən uzaqlaşmaq planı...”

 “Ermənistan hökumətinin Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı cəhdləri ikibaşlı geopolitik manevrdir. Yəni, Paşinyan hakimiyyətinin bu manevrlərində əsas hədəflər yalnız Ermənistanı blokadadan çıxarmaq niyyəti ilə məhdudlaşmır”.
Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyə ilə yaxınlaşmaq barədə bəyanatlarını “Sherg.az”a təhlil edən Müstəqil Mətbuat Mərkəzi İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, Paşinyan həm də ABŞ və Qərb ilə Rusiyanı Ermənistan uğrunda mübarizə aparmaq məcburiyyətində qoymaq istəyir:

 “Məsələ ondadır ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistana Qərbə Rusiyadan yan keçməklə, yeni çıxış "pəncərə"si aça bilər. Əgər, baş tutarsa, daha sonrakı mərhələdə bu, Ermənistanın Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmasına da münbit şərait yaradar. Təbii ki, Rusiya heç bir halda Ermənistanın Türkiyə üzərindən Qərbə yaxınlaşmasına imkan vermək niyyətində deyil. Kreml Ermənistanı Rusiyanın qeyri-rəsmi quberniyası hesab edir. Və artıq Rusiya siyasi dairələrində Türkiyəyə yönəlik maneələri ilə bağlı Paşinyan hakimiyyəti sərt ittiham olunur. Kremlə yaxın siyasi dairələr Ermənistanı və baş nazir Nikol Paşinyanı Rusiyaya qarşı xəyanət etməkdə suçlayırlar. Məsələ ondadır ki, Kreml Ermənistana Türkiyə ilə münasibətlərin normallaşdırılmasını qadağan edə bilmir. Ona görə də heç olmasa, bu prosesə nəzarəti öz əlində saxlamağa cəhd göstərir. Ancaq rəsmi İrəvan Rusiyanın Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində vasitəçilik etmək təklifini “qulaqardına vurur”. Vasitəçiləri tamamilə əks istiqamətdə axtarır”.

E.Xalidbəyli həmçinin diqqətə çatdırıb ki, hazırda baş nazir Nikol Paşinyan Azərbaycanla yekun sülh sazişinin imzalanması və Türkiyə ilə münasibətlərin normallaşdırılması proseslərini Ukrayna və Gürcüstan üzərindən yürütməyə üstünlük verir: 

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Paşinyanın Gürcüstan baş naziri vasitəsilə ona görüş təklifi etdiyini açıqlaması da bunu təsdiqləyir. Hətta Paşinyanın Gürcüstana son səfəri zamanı Batumidə 3-4 saat ərzində yoxa çıxması barədə məlumatlar da mövcuddur. İddia olunur ki, Ermənistan baş naziri həmin müddət ərzində Türkiyə və Azərbaycanı təmsil edən yüksək rütbəli şəxslərlə məxfi görüş keçirib. Ukrayna və Gürcüstanın MDB məkanında ABŞ və Qərbin əsas istinad məkanı olduğunu nəzərə aldıqda Ermənistan baş nazirinin bu prosesdə Rusiyanın vasitəçiliyindən yan keçməyə can atdığını düşünmək olar. Böyük ehtimalla Paşinyan hakimiyyətinin yaxın perspektivdə Rusiyanın təsir dairəsindən uzaqlaşmaq planı da olmamış deyil. Digər tərəfdən baş nazir Nikol Paşinyanın Türkiyə ilə münasibətlərin normallaşdırılması manevrləri ilə Rusiyanı şantaj etməyə çalışa biləcəyi də qətiyyən istisna deyil. Paşinyan hakimiyyəti bununla Rusiya qarşısında Ermənistanın geopolitik əhəmiyyətini artırmağa çalışır. Və Rusiyadan hərbi-siyasi məzmunlu güzəştlər qopara biləcəyinə ümid bəsləyir. Bu baxımdan Paşinyanın tam səmimi olduğunu düşünmək sadəlövhlük olardı. Dediyim kimi, Ermənistan baş naziri ikibaşlı geopolitik manevrlər edir. Hər iki istiqamət üzrə uduşlu mövqe qazanmağa cəhd göstərir. Onun bu ikibaşlı geopolitik manevrlərinin baş tutub-tutmayacağı isə yaxın günlərdə aydınlaşmağa başlayacaq. Hər halda Türkiyə və Rusiyanın Ermənistanın manevrlərinə imkan verəcəyi o qədər də inandırıcı görünmür”.