Məlum olduğu kimi, İranın Xarici İşlər Nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpur ölkəmizdə səfərdədir. O, araşdırma mərkəzlərinin üçtərəfli müzakirələrində iştirak etməkdən məmnunluğunu ifadə edib: “Bildiyiniz kimi, bu müzakirələrdə Azərbaycan, İran və Türkiyənin araşdırma mərkəzləri iştirak edir. Bizim hər birimizin arasında çox yaxşı ikitərəfli münasibətlər var. Lakin biz düşünürük ki, həmçinin, üçtərəfli format üzərində də işləməliyik”.
Nazir müavini bunun araşdırma və beyin mərkəzlərinin görüşü olduğunu bildirib: “Bu onu ifadə edir ki, biz region barədə, mövcud ikitərəfli münasibətlərin daha effektiv üçtərəfli formata çevrilmə potensialı barədə düşünürük. Ona görə də bu görüşün hamımız üçün böyük önəmi var. İnanırıq ki, beyin mərkəzləri hər hansı ikitərəfli münasibətlərdə rol oynayır, bu, münasibətlərin bir parçasıdır. Bizim Azərbaycanla ikitərəfli münasibətlərimiz yaxşıdır, eyni zamanda bu, Türkiyə ilə də belədir. Ümid edirəm ki, biz görüşlərdə daha effektiv regional əməkdaşlığı müzakirə edəcəyik. Biz bu gün öz təhlillərimizi paylaşmaq istəyirik”.
Siyasi şərhçi Asif Nərimanlı Məhəmməd Kazım Səccadpurun ölkəmizə səfəri barədə fikirlərini “Sherg.az”la bölüşdü. Onun fikrincə, “aysberqin görünməyən tərəfləri” də var:
“Rəsmi məlumatlarda İran Xarici İşlər Nazirliyi müavininin üçtərəfli “beyin mərkəzləri” üçün ölkəmizə gəldiyi bildirilir. Lakin onun həm də rəsmilərimizlə görüşəcəyi qeyd olunub. Çox güman, bu, həm də Bakı ilə Tehran arasındakı son dövrlərdəki əlaqələrlə bağlıdır.
Dediklərimi hadisələrin xronologiyasına baxaraq da görmək olar. Məlum olduğu kimi, İranın Xankəndiyə yük daşımasının ardınca Azərbaycan Gorus- Qafan yoluna nəzarət etməyə başladı. Bu, cənub qonşumuza xəbərdarlıq idi. Torpaqlarımız azad olunduqdan sonra “əlimiz daha da gücləndi”. İndi rəmi Bakının prinsipial mövqeyi Tehranı narahat edir.
İranın keçirdiyi təlimlər “əzələ nümayişidir”. Çünki Tehran “Üç qardaş-2021” təlimlərini və türklərin Qarabağdakı yenidənqurma işlərində iştirakını özünə təhdid kimi qiymətləndirir. Halbuki Azərbaycan tarix boyu qonşuluq siyasətindən kənara çıxmayıb”.
A.Nərimanlı düşünür ki, artıq regionda İranın Azərbaycandan asılılığı artıb:
“Ona görə də Tehran Cənubi Qafqazdakı mövcudluğunu İrəvan vasitəsilə təmin etməyə çalışır. Fikrimcə, nazir müavininin Bakı səfərində Gorus- Qafan yolunda iki sürücünün saxlanılması məsələsi də müzakirə ediləcək və ya edilib. İranın bu məsələyə belə çox diqqət göstərməsi onu deməyə əsas verir ki, həmin adamlar adi sürücü deyil, bəlkə də, vəzifəli şəxslərdirlər. Əlbəttə, bu, sadəcə versiyadır. Hər halda səfər İranın diplomatik kanallarla işləmək cəhdindən xəbər verir.
Hərbi təlimlər də Bakı ilə hansısa məsələlərdə razılığa gəlməyə hesablanıb. Lakin Azərbaycan əvvəlki Azərbaycan deyil. İran geri çəkilməsə, itirə bilər”.
Kənan Novruzov