Yunanıstanla Fransa arasında müqavilə: “Parisin Ankaraya qarşı aqressiv siyasəti...

Türkiyə Yunanıstanın Fransa ilə müdafiə müqaviləsi açıqlamasına reaksiya verib. Türkiyə xarici işlər nazirliyinin sözçüsü Tanju Bilgiç qeyd edib ki, maksimalist dəniz yurisdiksiyası və hava məkanı iddiaları beynəlxalq hüquqa ziddir.
Bilgiçin yazılı açıqlamasında aşağıdakı ifadələrə yer verilib:“Yunanıstanın NATO İttifaqına zərər verəcək şəkildə Türkiyəyə qarşı ikitərəfli hərbi ittifaqlar quraraq beynəlxalq ictimaiyyət tərəfindən də sorğu-suala tutulan bu iddiaları qəbul etməyimizi istəməsi boş bir xəyaldır”.

Yunanıstanın əməkdaşlıq əvəzinə silahlanma, Türkiyəni təcridetmə və özgələşdirmə siyasətinin özünə və üzv olduğu Avropa İttifaqına zərər verəcək və regional sülh və sabitliyi təhdid edəcək problemli bir siyasət olduğu vurğulanıb.
Qeyd edək ki, Yunanıstan Fransa ilə bağladığı müdafiə müqaviləsi çərçivəsində ondan 3 milyon avroya 3 freqat (hərbi gəmi) satın alacaq.

 Fransa və Yunanıstanın Türkiyəyə dost olmayan ölkələr olduğunu söyləyən “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri,siyasi şərhçi  Azər Rəşidoğlu “Sherg.az”a bildirib ki, onlar arasında belə sazişlərin imzalanması Ankarada narahatlıq doğurur:

“Yunanıstan türklərə qarşı siyasətini illərdir həyata keçirir. Şimali Kiprə qarşı yunanların yürütdüyü siyasi kurs bəllidir. Fransa PKK –ni maliyyələşdirən, PKK və YPQ-yə dəstək verən ölkədir.

 Fransanın dəstəyi təkcə siyasi deyil, həm də maliyyə xarakteri daşıyır. 30 mart 2018-ci il tarixində Paris PKK-nın hərbi birləşmələrinin mövqelərini möhkəmləndirmək üçün öz xüsusi təyinatlılarını Münbiç (Suriya) şəhərinə göndərmək qərarı qəbul edib. 

Paris yaxınlığında Məhəmməd Peyğəmbərin karikaturalarını nümayiş etdirən 47 yaşlı müəllim Samyuel Patini öldürməsindən sonra Makron ictimai təhqiri ifrat həddə çatdıran bəyanatla çıxış edib.

 Fransa lideri islamın böhran vəziyyətində olduğunu bildirib, müəllimi “sakit qəhrəman” və “respublikanın təcəssümü” adlandırıb. 

ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa Qarabağla bağlı müzakirələrdən və qərarların qəbulundan kənarda qaldıqdan sonra Parisdə başa düşüblər ki, Ankara ilə heç bir problemi hədə ilə həll etmək mümkün deyil. Ankara və Londonun 20,5 mlrd. avro dəyərində ticarət sazişi imzalaması fonunda Paris oyundan kənarda qaldığını anladı. 

Bu sənəd Türkiyənin Aİ-nin mümkün sanksiyalarının mənfi təsirini neytrallaşdırmasına kömək edəcək. 

Təsadüfi deyil ki, prezident Ərdoğan bu sazişi Türkiyənin Avropa İttifaqı ilə ticarət sazişi imzaladığı gündən etibarən “ən mühüm saziş” adlandırıb.

 Paris Suriya və Liviya ilə bağlı Ankara ilə gərgin münasibətlər yaşayır. Yunanıstanla imzalanan saziş isə göstərir ki, Fransa növbəti dəfə Ankaraya qarşı aqressiv siyasətindən əl çəkmək niyyətində deyil”.