"Taliban"a Ankaranın qarantiyası lazımdır

Əfqanıstanda stabilliyi qoruya biləcək yeganə ölkə hələ ki Türkiyədir

"Əslində Rusiya da, Çin də bu qarantiyanı verə bilər. Lakin bu iki ölkəni qəbul etmək Qərblə açıq qarşıdurmaya getmək deməkdir"

“Taliban” bizimlə uyğun əməkdaşlıq edərsə, onlarla görüş üçün hansısa şərt irəli sürmərik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib. Ərdoğan açıqlamasında vurğulayıb ki, bütün hərbçilərini Əfqanıstandan çıxardıb: "Əfqanıstanda hərbi birliyimiz yoxdur. Ancaq “Taliban” bizimlə uyğun əməkdaşlıq edərsə, onlarla görüşməməyimiz üçün ön şərtimiz yoxdur. Çünki Əfqanıstan xalqı ilə yüz illərə dayanan tariximiz var. 

Rəhbərliklə də anlaşma olarsa, biz hər cür danışıqlar apara bilərik. Buna qapımız da açıqdır”.
Məsələyə münasibət bildirən siyasi-şərhçi Asif Nərimanlı "Şərq"ə açıqlamasında vurğulayıb ki, Əfqanıstanda stabilliyi qoruya biləcək yeganə ölkə hələ ki Türkiyədir. Analitik qeyd edib ki, təbii ki, Ankaranın əlini gücləndirən Pakistan faktoru var: 

"Taliban"a da indi Türkiyə ilə əməkdaşlıq, Ankaranın qarantiyası lazımdır. Əslində Rusiya da, Çin də bu qarantiyanı verə bilər. Lakin bu iki ölkəni qəbul etmək Qərblə açıq qarşıdurmaya getmək deməkdir. Həmçinin, ABŞ və NATO-nun qarantiyasını qəbul etmək də "Taliban"ın ideologiyasına uyğun gəlmir, eləcə də Rusiya və Çinlə gərginlik vəd edir. Bütün bunlar Türkiyəni "Taliban" üçün ən unikal seçim edir. Çünki Ankara həm Qərb, həm də Rusiya və Çinin qəbul edəcəyi ortaq gücdür. Türk əsgərinin Kabildən çıxması da fikrimcə, orada NATO gücü olaraq təmsil olunmasından qaynaqlanırdı və istisna deyil ki, gələcəkdə Türkiyə hərbçiləri müstəqil şəkildə yenidən Kabilə qayıtsın. "Taliban"la Ankara arasında təmaslar var, Ərdoğanın açıqlaması bunu deməyə əsas verir".

A.Nərimanlı diqqətə çatdırıb ki,  Əfqanıstanda əsas oyunçular Türkiyə ilə Pakistan olacaq: 

"Lakin bunun riskli tərəfləri də var. Çünki "Taliban"dan sonra Əfqanıstanın yeni terror mərkəzi olacağı ehtimalları mövcuddur. ABŞ-ın bölgədən çəkilməsi, İŞİD-in terror aktı törətməsi, Pentaqonun Konqresə təqdim etdiyi son hesabatda "Taliban"la "Əl-Qaidə"nin əlaqələrinin hələ də mövcud olduğuna dair qeydlər o bölgənin tezliklə stabilləşəcəyi gözləntisini sıradan çıxarır. Fikrimcə, Ankara bu proseslər fonunda "Taliban"la məsafəni müəyyən qədər qoruyur və daha çox hadisələrin hansı yöndə inkişaf edəcəyini izləyir".   Aynurə Pənahqızı