Gürcüstan növbəti inqilaba hamilədir
"Ürəyi Gürcüstanla döyünən Saakaşvili üçün vətənində mübarizə dövrü başlayır"
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “Facebook” səhifəsində Gürcüstanın Batumi şəhərində olduğuna dair videogörüntü paylaşıb. Saakaşvili öz tərəfdarlarını sabah keçiriləcək yerli özünüidarəetmə seçkilərində iştirak etməyə səsləyib: “Sabahın xeyir, Gürcüstan! Artıq 8 il sonra Gürcüstanda... Bura Batumidir. Biz oktyabrın 2-də seçkilərdə etməli, Vahid Milli Hərəkat Partiyasına səs verməliyik”. Saakaşvili vətəndaşları Tbilisinin mərkəzindəki Azadlıq meydanına mitinqə çağırıb: “Sizə ümid edirəm. Görürsünüz, bura gəlmək üçün hər şeyi riskə atdım - həyatımı, azadlığımı. Sizdən yalnız bir şeyi, seçkiyə gəlməyinizi istəyirəm. Qorxmayın, təslim olmayın. Bizdə hər şey alınacaq”.
“Vahid Milli Hərəkat” Partiyasındakı tərəfdaşları Saakaşvilinin vətənə qayıtdığını təsdiqləyiblər. Gürcüstanın Daxili İşlər Nazirliyi isə sabiq prezident Saakaşvilinin Batumidə olmasını təkzib edib. Nazirlikdən bildirilib ki, Saakaşvili ölkə sərhədini keçməyib, buna icazə verilməyəcək. Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının sədri İrakli Kobaxidze də deyib ki, Saakaşvili Gürcüstanda deyil, video Batumidə çəkilməyib. Xatırladaq ki, Saakaşvili daha əvvəl oktyabrda yerli özünüidarə orqanlarına keçiriləcək seçkilərlə əlaqədar vətəninə qayıtmaq niyyətində olduğunu bildirmişdi. O, Gürcüstanda daxili axtarışa verilib və barəsində bir neçə cinayət işi üzrə istintaq aparılır. Gürcüstan hakimiyyətinin nümayəndələri dəfələrlə sərhədi keçən kimi onu saxlayacaqlarını bəyan ediblər. Vahid Milli Hərəkat Partiyasının rəsmi nümayəndəsi Murman Dumbadze isə bildirib ki, Mixail Saakaşvilini rəsmi olaraq sabah 20:05-də göstərəcəyik: “Onun çoxlu tərəfdarı var. Onu bütün Gürcüstan gözləyir və biz rəsmi olaraq Saakaşvilini sabah 20:05-də göstərəcəyik. Hesab edirəm ki, operativ hərəkət etmək lazımdır”. Məlumat üçün bildirək ki, sabah Gürcüstanda yerli özünüidarəetmə seçkiləri keçiriləcək.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Gürcüstan hakimiyyəti bələdiyyə seçkisinə bir gün qalmış dilemma ilə üzləşib. Analitikin sözlərinə görə, Gürcüstana qayıdan eks-prezident Mixail Saakaşvilini həbs etmək problem yaradacaq. Amma onun sərbəst fəaliyyətinə şərait yaratmaq da problem deməkdir:
“Ukrayna vətəndaşlığı olan Saakaşvilinin həbsi reytinqini daha da artıracaq. ABŞ və Avropa onu siyasi məhbus kimi qiymətləndirəcək və rəsmi Tbilisiyə təzyiqi artıracaq. NATO və Avropa İttifaqına üzvlüyü qarşısına məqsəd qoyan Gürcüstan hakimiyyəti Qərbin təzyiqlərinə nə qədər dözə bilər? Mixail Saakaşvilinin Gürcüstanda sərbəst siyasi fəaliyyət göstərməsi isə İvanişvilinin hakim "Gürcü arzusu" Partiyasının problemlərini artıracaq. Saakaşvili yenə dediyini etdi. Vaxtilə onu keçmiş dostu, Ukraynanın eks-prezidenti Petro Poroşenko da zorla Avropaya ekstradisiya etmişdi. Başqa siyasətçi olsaydı, Avropadakı rahat həyatı, yüksək maaşı qoyub yenidən alovun içinə atılmazdı. Saakaşvili elələrindən deyil. Quru yolla Ukraynaya keçdi, həmin anda onu həbs edə bilməsələr də, sonradan yenidən ölkədən zorla çıxartdılar. Vladimir Zelenski prezident seçiləndən sonra Mixail Saakaşviliyə Ukraynaya qayıtmağa icazə verdi. Onu Milli İslahatlar Şurasına başçı təyin etdi. Saakaşvili bu vəzifədə Ukraynada iqtisadi islahatların dərinləşdirilməsinə var gücüylə çalışdı. Ancaq alınmadı, çünki qarşısında güclü korrupsiyalaşmış oliqarxik sistem var idi. Ürəyi Gürcüstanla döyünən Saakaşvili üçün vətənində yeni mübarizə dövrü başlayır”.