Azərbaycan diasporu Avstraliyanın xarici işlər nazirinə müraciət ünvanlayıb

Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) 27 sentyabr – Anım Günü ilə əlaqədar bu ölkənin xarici işlər naziri Maris Peynə müraciət ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Assosiasiyanın sədri Mikayıl Oytanın imzaladığı müraciətdə II Qarabağ müharibəsi ərzində Ermənistanın ölkəmizə qarşı törətdiyi dəhşətli müharibə cinayətlərindən bəhs edilib.

Bildirilir ki, Ermənistanın cəbhə xəttindən kənarda yerləşən Gəncə, Bərdə və Azərbaycanın digər şəhərlərində yaşayış məntəqələrini və mülki infrastrukturları raket və ağır artilleriya zərbələrinə məruz qoyması nəticəsində mülki vətəndaşlardan 94 nəfəri həlak olub, 400-dən çoxu isə yaralanıb. Ermənistan ərazisindən Azərbaycanın sənaye şəhəri Mingəçevirə, eləcə də Xızı və Abşeron rayonlarına raket hücumları müdaxilə zonasının genişləndirilməsi məqsədilə qəsdən törədilmiş təxribat olub. O da qeyd edilib ki, dünya ictimaiyyəti Ermənistanın bu cür qeyri-insani hərəkətlərinə susmamalıdır, çünki bu, cinayətkarları vəhşiliyin növbəti addımlarına sövq edir.

Bəyanatda bir daha Ermənistanın ölkəmizin mülki vətəndaşlarına qarşı qəddar hücumları pislənir və Dünya Birliyindən beynəlxaq hüquq normalarının pozulmasında günahkar olanların cəzalandırılması naminə zəruri addımlar atılması tələb edilir.