“Rusiya Zəngəzur dəhlizi üzərindəki nəzarəti Türkiyə ilə bölüşmək istəmir  - TƏHLİL

 
 “Zəngəzur dəhlizi ilə bağlı proseslərin sürətlənməsi Rusiyanın Türkiyə narahatlığından qaynaqlanır. Məsələ ondadır ki, Cənubi Qafqazda Moskva və Ankaranın maraqları bu günə qədər müəyyən mənada uzlaşırdısa, Zəngəzur dəhlizi faktoru və onun həm regional, həm də qlobal əhəmiyyətinin böyük olması onu deməyə əsas verir ki, bu ortaqlıq digər regionlarda olduğu kimi, uzun sürməyəcək”. 

Bu sözləri “Sherg.az”a politoloq Turan Rzayev deyib. Politoloq hesab edir ki, prinsip etibarilə bunu Suriya və Liviyada bir neçə dəfə baş verdiyini görmüşük:

 “Rusiya indiki halda həm Çinin "bir kəmər, bir yol", həm də türk dünyası üçün həyati əhəmiyyətə sahib Zəngəzur dəhlizi üzərindəki nəzarəti Türkiyə ilə bölüşmək istəmir. Məhz buna görə də prosesi ən qısa zamanda öz moderatorluğunda həll etmək istəyir. Noyabrın 12-də İstanbulda baş tutan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü və yekunda verilən qərarlar görünür elə bu səbəbdən Kremli narahat edib. Təsadüfi deyil ki, bu görüşdən 4 gün sonra, yəni noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törətdi. Kreml bununla həm tərəflər arasında gərginliyi yenidən alovlandırdı, həm Zəngəzur məsələsində Ermənistanın inadını qırdı, həm də başda Ankara olmaqla regionda marağı olan bütün qüvvələrə regionda söz sahibi olduğunu göstərdi. Bütün bu prosesi rəsmi Bakının maraqları eyforiyasında etməsi də bir başqa maraqlı nüansdır. Rusiya Zəngəzur dəhlizinin türk dünyası üçün nə dərəcədə əhəmiyyətli bir yerə sahib olduğunu yaxşı anlayır. Belə olmasa idi, bir əsir öncə həmin ərazini qanunsuz şəkildə Ermənistana verməzdi. Kreml bu yolla türk dünyasını iki hissəyə böldü, daha sonra da bir-bir ilhaq etdi. Prisnip etibarilə Rusiyanın bu gün etmək istədiyi bu olmasa da türk dünyasının güclənməsini də istəmir. Kreml anlayır ki, türk dünyası güclənsə həm regionda ona qarşı alternativ güc olacaq, həm daxilindəki türk subyektlərinin müstəqillik arzuları artacaq, həm də “KTMT” “Avrasiya Gömrük İttifaqı” kimi türk ölkələrinin də üzv olduğu təşkilatlar tədricən sıradan çıxacaq”.