Azərbaycan və İran münasibətlərindəki gərginlik xarici amillərdən qaynaqlanırdı
Baş nazirin müavini, İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində İran İslam Respublikasının Xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə də görüşüb. Hüseyn Əmir Abdullahian Azərbaycan torpaqlarının işğaldan azad olunması və Zəfər Gününün ildönümü münasibətilə təbriklərini çatdırıb, İranın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.
Ölkəmizin ərazi bütövlüyünə İranın davamlı dəstəyini və prinsipial mövqeyini vurğulayan Abdullahian İran şirkətlərinin işğaldan azad olunmuş Azərbaycan torpaqlarının yenidən qurulması və bərpası işlərində iştirak etməyə hazır olduğunu bildirib. Görüşdə iki ölkə arasında fəaliyyət göstərən Hökumətlərarası Dövlət Komissiyasının əhəmiyyəti qeyd olunub və komissiyanın aktiv fəaliyyətindən məmnunluq ifadə edilib. İki ölkə arasında iqtisadi-ticari əlaqələrin, entail, turizm, nəqliyyat, energetika, tranzit daşımaları, birgə sənaye və investisiya layihələri, informasiya kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın davamlı inkişafı üçün səylərin daha da artırılması və görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub. Görüşdə həmçinin, regiondakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən politoloq Nəzakət Məmmədova deyib ki, ABŞ-da və İsraildə hakimiyyətə gələn istənilən administrasiya İranı düşmən ölkə elan edir. Bu, hər bir administrasiyanın 1979-cu il hadisələrindən sonra ölkənin İrana dair xarici siyasət kursuna sədaqətini təsdiq edir:
“Yenilənən milli təhlükəsizlik strategiyalarında da İran daima Birləşmiş Ştatların və İsrailin təhlükəsizliyinə əsas təhdid törədən ölkələr sırasında yer alır. İran həmişə hədəfdədir, sadəcə, onunla münasibətləri diplomatiya, yoxsa hərbi vasitələrlə aparmağa dair fikir ayrılıqları var. Təbii ki, məsələnin kökündə İran və İsrailin Yaxın Şərqdə liderlik ambisiyaları durur. ABŞ-ın özündə İranyönümlü qüvvələrin və yəhudi lobbisinin məsələyə fərqli yanaşmaları durur. Hərbi-sənaye konsernləri, Pentaqon, yəhudi lobbisi və başqa qüvvələrin maraqları toqquşur. Lakin İran Yaxın Şərqin heç bir ölkəsinə bənzəmir. Oraya birbaşa hərbi müdaxilə inandırıcı görünmür. Odur ki, ABŞ daha çox SSRİ kimi nəhəng dövləti parçaladığı üsullarla İranı zəiflətmək istəyir. İranın Yaxın Şərqdə böyük geosiyasi, ideoloji, hərbi təsir vasitələri var. ABŞ Obama dövründə bunu az da olsa, qəbul edirdi. Lakin Tramp və yəhudi lobbisi bununla barışmaq istəmədi və vəziyyət eskalasiyaya doğru getməyə başladı. ABŞ qarşısında İrana qarşı böyük bir ittifaq durur. Bu, İsrailə qarşı olan və ABŞ-dakı katolik güc mərkəzləri, xüsusən Pentaqonla ittifaqda olan Avropa Birliyi və NATO-dakı katolik ölkələri, Çin, Rusiyadır. Artıq son müşahidələr bunu deməyə əsas verir ki, Avroatlantik və Anqlo-sakson ideologiyaları çox zəifləyib. Onun yerini İranla geosiyasi, enerji və ticarət maraqları olan Avropa Birliyi, İngiltərə, Çin, Rusiya, Türkiyə yaxınlığı tutur”.
Azərbaycana gəlincə, politoloq bildirib ki, Azərbaycan İrana qarşı heç bir ideoloji, kəşfiyyat, diplomatik fəaliyyətlərdə yer almır: “Düşünürəm ki, beynəlxalq təcrid başa çatsa da, sanksiyalar aradan qaldırılsa da, İran əvvəlkindən daha artıq bir mürəkkəb dövrə qədəm qoyub. Çünki Suriya kimi bir müttəfiq sıradan çıxarılıb. İraq-İran, Suriya-İran sərhədində kürd dövləti yaradaraq burada ABŞ-ın hərbi bazalarının yerləşdirilməsi, üstəlik, Əfqanıstandan çıxarılan ABŞ kontingentinin yerinə "Taliban"ın hakimiyyətə gətirilməsi "Damokl qılıncı" kimi İranın ərazi bütövlüyü üzərində asılaraq onun hərtərəfli təcrid olunmasına hesablanıb. İran Türkiyə ilə birgə Yaxın Şərqdə əsas hədəfdə olan ölkələrdir.
Hətta düşünmək olar ki, Avropa Birliyi Ermənistanla tərəfdaşlıq imzalamaqla və Rusiya buna razılıq verməklə, İranın ABŞ tərəfindən tam təcridinə imkan verməmək və ona Avropaya çıxış imkanı yaratmaq məqsədi daşıyıb. İran özü də bir neçə il əvvəl Xəzərin statusuna dair razılaşmaya gələrək Britaniyanın buradakı neft maraqlarını və Azərbaycanın suveren hüquqlarına hörmətini qəbul etdi, Bakı-Qars, Şimal-Cənub layihələrinə qoşulmaq istəməklə Çindən İngiltərəyədək olan nəhəng Avrasiyanı birləşdirən kommunikasiya xəttinə daxil olmaq istədi. Azərbaycanın bu magistralda əsas yer tutan ölkələrdən biri olduğu, eyni zamanda Tehranda Azərbaycan, Rusiya, İran prezidentlərinin Şimal-Cənub layihəsini qəbul etdiyini nəzərə alsaq, Azərbaycanın İrana qarşı cəbhədə yer almayacağını demək olar. Doğrudur, son dövrlərdə münasibətlərdə aşkar gərginlik baş verdi, bu hətta diplomatik demarşlardan da ötə bir xarakter aldı. Lakin Azərbaycan və İran münasibətlərindəki gərginlik endogen, yəni daxili, təbii səbəblərdən yox, ekzogen, xarici amillərdən qaynaqlanırdı. Ona görə də tezliklə sakitlik yarandı və əməkdaşlıq mühiti bərpa olundu. Ehtimal ki, İran Zəngəzur dəhlizi məsələsinə narahat olmuşdu və görünür, Azərbaycan ona narahatlıq üçün əsas olmadığına dair təminat verib. Çünki Zəngəzur İranın Ermənistan vasitəsilə şimala açılan tək qapısıdır. Digər tərəfdən, İran şirkətlərinə də işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərində iştirak etmək üçün pay ayırmaqla ölkəmiz xoş münasibətini ortaya qoymuş oldu. Belə bir şəraitdə ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar açılır və ümid edək ki, gərginlik arxada qalmış olur. Üstəlik, İran Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki "ağıllı kənd" layihələrindən İsrailin istifadə edəcəyindən narahat idi. Lakin bu günlərdə Bakıda Rusiya-Azərbaycan biznes forumu keçirildi və Rusiyanın iş adamlarının da həmin "ağıllı kənd" layihələrində iştirakı barədə müzakirələr aparıldı. Bu isə Azərbaycanın öz ərazisində üçüncü ölkələrlə heç bir gizli işbirliyinin olmadığını və regionun bütün ölkələrinə açıq olduğunu göstərdi”.