Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciətində bildirib ki, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası, dayanıqlı inkişafın irəliləməsi, eləcə də regional bağlantıların, ticarətin və iqtisadi əməkdaşlığın asanlaşdırılmasında olduqca mühüm rol oynayan, BMT-nin ən geniş və təsirli regional platformalarından biri olaraq qalır. Biz, xüsusən də, multilateralizmin gücləndirilməsinə ehtiyac duyulduğu vaxtda, bu mühüm işə töhfə verməkdən məmnunuq.
"Görüşümüz artan qlobal qeyri-müəyyənlik dövründə baş tutur. Yüksələn geosiyasi gərginlik və genişlənən münaqişələr, beynəlxalq sülh və təhlükəsizliyin həssaslığını, o cümlədən onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır. Bu xüsusda, Azərbaycan, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə özünün sarsılmaz sadiqliyini bir daha vurğulayır".
Dövlət başçısının səsləndirdiyi fikirlərdə diqqətçəkən bir neçə əsas məqam var. İlk növbədə qeyd etmək lazımdır ki, 1947-ci ildə yaradılan bu komissiyanın fəaliyyət istiqamətinə fəaliyyət dairəsinə makroiqtisadi siyasət və inkişaf, ticarət və investisiya, nəqliyyat, sosial inkişaf, ətraf aləm və davamlı inkişaf, informasiya və kommunikasiya texnologiyaları və fəlakət riskinin azaldılması, statistika, inkişaf naminə sub-regional fəaliyyət kimi məsələlər aiddir.
Məqsəd regionda iqtisadi və sosial inkişaf naminə əməkdaşlıq, regionun iqtisadi inkişafı ilə əlaqədar problemlərin öyrənilməsi, üzv ölkələrə texniki kömək göstərilməsi, üzv ölkələrin bir biri ilə və digər ölkələrlə ticari və iqtisadi əlaqələrinin inkişafıdır.
Azərbaycan 1992-ci ildə komissiyaa üzv olmuşdur. Azərbaycan mütəmadi olaraq, komissiyanın Asiya və Sakit okean üzrə İqtisadi və Sosial İcmalını hazırlayaraq təşkilata təqdim edir. İcmalda makroiqtisadi göstəricilər, iqtisadi və sosial siyasət sahələri, həmçinin iqtisadi artım, inflyasiya, ticarət və investisiya, maliyyə bazarları, məşğulluq, miqrasiya və pul köçürmələri, fiskal balans, maliyyə sektorunun inkişafı və tədiyyə balansının mövqeyi və digər məsələlər əks olunur;
Komissiya BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) ilə birgə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) təsisçisidir. Azərbaycan Respublikası proqramda fəal iştirak edir. Azərbaycan 2023-cü ildə SPECA-da sədr ölkə olmuşdur.
20-24 noyabr 2023-cü il tarixlərində Bakıda keçirimiş SPECA həftəsində UNESCAP-ın İcraçı katibi xanım Armida Salsiyah Alisjahbana iştirak etmişdir.
11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçirilmiş COP29 tədbirində komissiyanın İcraçı katibi xanım Armida Salsiyah Alisjahbana iştirak etmişdir. 3-4 iyul 2025-ci il tarixlərində Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü çərçivəsində UNESCAP-ın İcraçı katibi xanım Armida Salsiyah Alisjahbana Azərbaycana səfər etmişdir.
UNESCAP-ın 82-ci sessiyasının 20-24 aprel 2026-cı il tarixlərində Bakıda keçirilməsi planlaşdırılır.
Göründüyü kimi, BMT və onun Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası ilə rəsmi Bakı arasında çox sıx əlaqələr var. Bu əlaqələrin gələcəkdə daha da inkişafı gözləniləndir. Çünki bu, hər iki tərəfin maraqlarına uyğundur.
Qeyd olunmalıdır ki, bu gün həm BMT-nin, həm də onun komissiyalarının, o cümlədən Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının fəaliyyətinə çox ehtiyac var. Dünyadakı hərbi-siyasi gərginliklərin, iqtisadı böhran və ekoloji çətinliklərin qarşısını ancaq birbaşa olaraq bu məsələlərə məsul olan təşkilatın- BMT-nin effektiv fəaliyyəti nəticəsində almaq olar.
Azərbaycanın regionunda və dünyada sülh, sabitlik və təhlükəsizliyə verdiyi töhfə, humanitar təşəbbüsləri BMT-yə yaxşı məlumdur. Bu baxımdan BMT və onun komissiyaları Azərbaycanla əməkdaşlığı gücləndirməklə öz funksionallığını daha da artıra bilər.
Kənan Novruzov