Ərdoğan sülh göyərçini - Alman mətbuatı Türkiyənin diplomatik yüksəlişini etiraf etdi - GÜNDƏM

Alman analitikləri etiraf edir ki, “Ərdoğan hər kəslə danışır”

Almaniyanın nüfuzlu media orqanları olan "Der Spiegel" və "Die Zeit" Antalya Diplomatiya Forumunu Türkiyənin qlobal səviyyədə artan diplomatik gücünün sübutu kimi qiymətləndirib.

Sherg.az-ın məlumatına görə, xəbərlərdə qeyd olunub ki, Türkiyə qarşı tərəflər arasında hər kəslə dialoq qura bilən çevik diplomatik yanaşması ilə “sülhün açarı”na çevrilib və beynəlxalq arenada artıq ciddi qəbul edilən orta güc kimi çıxış edir.

Sherg.az xəbər verir ki, Antalya Diplomatiya Forumu haqqında yayımlanan materialda Rəcəp Tayyip Ərdoğan barədə “Ərdoğan sülh göyərçini olur” başlığı istifadə edilib.

“Türkiyə qlobal diplomatik platforma yaradır”

"Der Spiegel"in yazısında qeyd olunur ki, Ərdoğan və Hakan Fidan dünyanın müxtəlif ölkələrindən geniş iştirakın olduğu, “Türk versiyası Münhen Təhlükəsizlik Konfransı”na bənzər bir platforma formalaşdırıblar.

Xəbərə görə, Türkiyə Qərb dünyasından kənar ölkələri də cəlb edən qlobal dünya nizamı platforması yaradaraq öz diplomatik imicini gücləndirir və bunda uğur qazanır.

Forumun 5-ci ilində təxminən 150 ölkədən 6400 iştirakçının, 23 dövlət və hökumət başçısı, 13 baş nazir müavini və 50 nazir daxil olmaqla 52 fərqli formatda bir araya gəldiyi vurğulanıb.

“Türkiyə yüksələn orta gücdür”

Alman mediası Türkiyəni ordusu və inkişaf edən müdafiə sənayesi ilə regionda təsir gücünü artıran etibarlı tərəfdaş kimi təqdim edib.

Açılış çıxışlarında dünya böhranlarına diqqət çəkildiyi, “risklər hesablanır, nəticələr yox” mesajının verildiyi qeyd olunub. Ərdoğan isə qlobal sistemin “əxlaqi və varoluş böhranı” içində olduğunu bildirib.

“Dünya beşdən böyükdür” vurğusu

Məqalələrdə Ərdoğanın BMT Təhlükəsizlik Şurasını tənqid edərək “Dünya beşdən böyükdür” tezisini yenidən gündəmə gətirdiyi vurğulanır.

Türkiyənin Ukrayna-Rusiya, İran və Afrika böhranlarında vasitəçi rol oynadığı, hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrovun belə forumda iştirak etdiyi qeyd olunub.

“Ərdoğan hər kəslə danışır”

"Die Zeit" analizində isə Türkiyənin eyni anda müxtəlif tərəflərlə əlaqə qura bilən çevik diplomatiyası vurğulanıb:

“Ərdoğan ukraynalılarla da, ruslarla da, ermənilərlə də, azərbaycanlılarla da danışır.”

Analizdə qeyd edilir ki, Türkiyə münaqişələrdə vasitəçi rolunu gücləndirərək qlobal diplomatiyada daha aktiv mövqeyə yüksəlib.

Sonda isə belə bir fikir önə çıxarılıb:

“Dünya Antalyada gələcəyi müzakirə edərkən Berlin kənarda qalır.”