Növbəti danışıqlar olsa belə, tərəflər artıq qarşı tərəfin bəyanatını yox, sahədəki davranışını əsas götürəcək
ABŞ-İran münasibətlərində gərginliyin artdığı bir dövrdə, rəsmi Tehranın daxilində fərqli yanaşmaların üzə çıxması diqqət çəkir. İran Silahlı Qüvvələrinin sərt bəyanatları ölkənin hərbi cavaba hazır olduğunu göstərsə də, Məsud Pezeşkianın müharibənin heç bir tərəfə fayda vermədiyini vurğulaması və diplomatiyaya çağırışı elita daxilində fikir ayrılıqlarını açıq şəkildə ortaya qoyur. Digər tərfədən Hörmüz boğazında ABŞ tərəfindən İran gəmisinə zərbə endirilməsi və sonradan dəniz blokadasının gücləndirilməsi vəziyyəti daha da gərginləşdirib. Eyni zamanda, cavabın gecikdirilməsinin ekipaj üzvlərinin ailələrinin təhlükəsizliyi ilə izah olunması İranın addımlarında müəyyən ehtiyatlılığın olduğunu göstərir. Donald Trampın apreldə elan etdiyi müvəqqəti atəşkəsin davamlı nəticə verməməsi və danışıqlarda irəliləyişin əldə olunmaması isə böhranın siyasi yolla həllinin hələlik qeyri-müəyyən olduğunu göstərir. Bu şəraitdə İran elitasında bir tərəfdən hərbi cavabın zəruriliyini müdafiə edən sərt mövqe, digər tərəfdən isə gərginliyin azaldılması üçün dialoqu önə çəkən yanaşma arasında ziddiyyət dərinləşir və ölkənin növbəti addımlarını qeyri-müəyyən edir.
Mövzunu şərh edən Türkiyənin Azərbaycandakı keçmiş Hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a söyləyib ki, uzlaşdırmaq mümkündür, amma bu, vahid yumşalma xətti kimi yox:
"“ikiqat siqnal” strategiyası kimi görünür. Məsud Pezeşkian bu gün verdiyi mesajlarda ABŞ ilə gərginliyi azaltmaq üçün “rasional və diplomatik vasitələrin” işlədilməsini vacib saysa da, eyni zamanda Vaşinqtona qarşı ayıq və etimadsız qalmağın zəruriliyini vurğulayıb. Bu, İran daxilində belə bir bölgünü göstərir: siyasi rəhbərlik diplomatik qapını bağlamır, hərbi-establishment isə deterrens və sərt cavab imkanını qoruyur. Tehran artıq ABŞ-nin “həddən artıq və qeyri-rasional” tələblərindən və ziddiyyətli davranışından şikayət edir. Buna görə də diplomatiya indi “barış platformasın”dan çox, təzyiq altında mövqe qazanmaq aləti funksiyasını daşıyır. Bu çərçivədə İran Silahlı Qüvvələrinin sərt mövqeyi Pezeşkianın çağırışlarını təkzib etmir, əksinə, onları “güc arxalı diplomatiya”ya çevirir. Yəni Tehran daxilində verilən mesaj belə oxunur: danışıqlar mümkündür, amma zəiflik görüntüsü verilmədən. Xüsusən də əvvəlki həftələrdə İranın siyasi açıqlamalarının dərhal hərbi cavabla müşayiət edildiyi görünürdü. Bu da göstərir ki, mülki-siyasi xətt təkbaşına qərar verən deyil, təhlükəsizlik qurumları ilə paralel işləyir”.
General qeyd edib ki, Hörmüz boğazındakı insident və ABŞ-nin blokadanı sərtləşdirməsi İranın cavab strategiyasını böyük ehtimalla birbaşa total eskalasiyaya yox, asimmetrik və mərhələli cavaba yönəldəcək:
“ Son məlumatlara görə, ABŞ İran bayraqlı yük gəmisini blokadanı yarmağa çalışarkən ələ keçirdiyini bildirir. İran bunu “silahlı quldurluq” və atəşkəs pozuntusu adlandırıb, Çin də bu addımdan narahatlığını ifadə edib. Bu cür vəziyyətdə İranın ən real cavab xətti üçtərəfli ola bilər: dəniz marşrutlarında təzyiqi artırmaq, vasitəçilər üzərindən diplomatik ittiham kampaniyası qurmaq və məhdud, ölçülü cavab təhdidini gündəmdə saxlamaq. Çünki tam miqyaslı bağlama İranın özünə də baha başa gələr. Amma seçici pozuculuq Vaşinqtona və bazarlara daha sürətli siqnal verir. Son bazar reaksiyası da bunu göstərir: Hörmüzdə keçidlərin yenidən pozulması və tanker atəşinə dair xəbərlərdən sonra neft qiymətləri 6%-dən çox yüksəlib. Deməli, İran üçün boğaz artıq təkcə hərbi cəbhə deyil, strateji rıçaq və iqtisadi psixoloji təzyiq aləti olaraq qalır. ABŞ blokadanı gücləndirdikcə Tehran ehtimalən iki şeyi paralel aparacaq. Bir tərəfdən “biz danışıqlara qarşı deyilik” deyəcək, digər tərəfdən ABŞ-yə dəniz təhlükəsizliyinin hələ də İran faktorundan asılı olduğunu xatırladacaq”.
Karauz bildirib ki, Donald Trampın elan etdiyi atəşkəsin uğursuzluğu isə, bəli, tərəflər arasında etimadsızlığı daha da dərinləşdirir:
“Hazırkı tabloya görə, atəşkəsin müddəti çərşənbə günü bitir, amma həm ABŞ, həm İran bir-birini suçlayır. Üstəlik, İran ikinci raund danışıqlara qatılacağına dair təsdiq verməyib. ABŞ-nin gəmi ələ keçirməsi, İranın cavab təhdidi və ticarət keçidlərinin yenidən təhlükə altına düşməsi belə bir təsəvvür yaradır ki, atəşkəs tərəflər üçün etimad qurucu mexanizm deyil, sadəcə yenidən mövqe toplamaq üçün fasilə olub.
Bunun siyasi nəticəsi daha təhlükəlidir: növbəti danışıqlar olsa belə, tərəflər artıq qarşı tərəfin bəyanatını yox, sahədəki davranışını əsas götürəcək. Bu isə yanlış hesablama riskini artırır. Yəni bundan sonra bir diplomatik açıqlama təkbaşına bazarı və ya regionu sakitləşdirməyə yetməyəcək, real dəniz keçidi, blokada rejimi, həbs edilmiş gəmi və hərbi təmaslar daha həlledici olacaq. Bu mənada atəşkəsin uğursuzluğu sadəcə bir sənədin çökməsi deyil, qarşılıqlı niyyətlərə inamın aşınmasıdır. Pezeşkianın diplomatiya xətti ilə İran Silahlı Qüvvələrinin sərt xətti arasında ziddiyyət yox, rol bölgüsü var. Hörmüz insidenti və ABŞ blokadası bu balansı hərbi qanadın xeyrinə sərtləşdirir. Trampın elan etdiyi, amma zəifləyən atəşkəs isə artıq tərəfləri barışa yaxınlaşdırmır, əksinə, “danışıq aparsaq da, qarşı tərəfə inanmaq olmaz” düşüncəsini gücləndirir”.