Soçi görüşündən GÖZLƏNTİLƏR:“ “Əli” güclü olan açar dövlət Azərbaycandır”

“Məsələlərin Azərbaycanın xeyrinə həll olunma şansı 99 faizdir. Rusiya da maraqlıdır, çünki Paşinyan Qərbin maraqlarını güdür"

“Azərbaycan da döyüş meydanında qələbə qazanıb. Rusiya Azərbaycanın maraqlarına xidmət etməyə məcburdur"

Noyabrın 26-da Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkənin Soçi şəhərinə işgüzar səfər edib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, rusiyalı həmkarı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın Soçidə görüşü baş tutacaq. Bir neçə saat əvvəl Ermənistan baş naziri Nikol Paşinyanın da Soçiyə işgüzar səfəri barədə məlumat yayılıb.  Bu, 10 noyabr bəyanatından sonra keçirilən ikinci görüşdür. 44 günlük II Qarabağ müharibəsindən sonra ilk görüş 2021-ci ilin 11 yanvarında Moskvada baş tutub. Qeyd edək ki, dekabrın 15-də isə  Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünün gerçəkləşməsi gözlənilir.

Üçtərəfli görüşdən gözləntiləri "Sherg.az"a dəyərləndirən politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev bildirib ki, yeni dünya qurulur:

"Azərbaycan meydanda qalib gəlsə də, masada təkcə Ermənistan üzərində qələbə var. Yeni dünya düzəninin formalaşdığını nəzərə almalıyıq. Bu düzəndə ABŞ və Avropa Rusiyanı, Çini orda görmək istəmir. Eyni zamanda Rusiya Qərblə olan münasibətlərini aydınlaşdırmaq məcburiyyətindədir. Rəsmi Moskva Qafqaz siyasətində  çox ciddi problemlərlə üzləşib.  Gürcüstan əlindən çıxıb. Baxmayaraq ki, onun ərazisini işğal edib oturub. Ermənistan da Rusiyanın əlindən çıxmaq üzrədir. Azərbaycanda isə yalnız sülhməramlı qüvvələr var, lakin istənilən  vaxt imtina edə bilərik. Bütün bunların fonunda Kremlin Qafqaz siyasətinin yeganə açar dövləti Azərbaycandır. Məhz dekabrın 15-nə planlaşdırılmış Brüssel görüşündən öncə başqa görüşün keçirilməsi də Putinin qısqanclığı ilə bağlıdır. O kifayət qədər aqressivdir. Bu, Azərbaycanın xeyrinədir. Soçi görüşündə də Prezident İlham Əliyev  dövlətimizin maraqlarına uyğun olaraq addımlar atacaq. Masaya üç məsələ yatızdırılacaq. Birincisi, sülh müqaviləsinin bağlanması, ikincisi, sərhədlərin delimitasiya və demarkasiyası, üçüncüsü isə kommunikasiya  və Zəngəzur dəhlizinin açılması. Məsələlərin Azərbaycanın xeyrinə həll olunma şansı 99 faizdir. Rusiya da maraqlıdır, çünki Paşinyan Qərbin maraqlarını güdür".

 Politoloq diqqətə çatdırıb ki,  Azərbaycan  üçün sərhədlərin müəyyənləşdirilməsi daha önəmlidir: 

"Ermənistan deməklə deyil. Paşinyan söyləyir, guya 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Lakin yalandır. Ölkəmiz 1992-ci ildə həmin ərazilərlə BMT-yə daxil olub. Tanıyıb ki,19 91-ci ildə Ermənistan konstitusiyasına "Dağlıq Qarabağ" onların ərazisinə  salınıb. Azərbaycan düz yoldadır. Rəsmi İrəvan sərhədlərimizi tanıyandan sonra Qarabağdakı sülhməramlıları məsələsi də həllini tapır. 1974-cü ildən Kıbrısda beynəlxalq güclər olsa da, Kıbrıs özü üçün yaşayır, digərləri də nəsə edə bilmir. Yaxud 1948-ci ildən İsrail-Fələstin, 1967-ci ildən İordaniya ilə İsrail arasında beynəlxalq güclər var. Lakin İsrail yenə öz bildiyini reallaşdırır. Burda da Azərbaycan öz maraqlarını gerçəkləşdirəcək. Çünki İsrail meydanda qələbə çalaraq belə addımlar atdı. 

Azərbaycan da döyüş meydanında qələbə qazanıb. Rusiya Azərbaycanın maraqlarına xidmət etməyə məcburdur".