Qriqoryanın məntiqi absurddur: Sən saydığını say, gör Kreml nə sayır


Belə çıxır ki, sabah Paşinyanı devirmək istəsələr hökumət KTMT-ni köməyə çağıracaq

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qazaxıstandakı olayları nəzərdə tutaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ilk dəfə böhran vəziyyətə operativ reaksiya verdiyini bu sözlərlə tərifləyib: “Təşkilata üzv ölkələr necə reaksiya vermək lazım gəldiyini əyani göstərdilər”. Armen Qriqoryan ardınca belə bir cümlə də işlədib: “Ümid edirik ki, oxşar durum yaranarsa təşkilat Ermənistana dəstək olacaq”. Görünür, Qriqoryan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanı Azərbaycandan qorumasına işarə edib. 

Ancaq təşkilat İkinci Qarabağ müharibəsində prosesə müdaxilə etməyərək, İrəvanın yalvarışlarına rəğmən, “bu müharibə bizlik deyil” deyərək Azərbaycanla üz-üzə qalmaq istəmədi. Hazırda Azərbaycan Ermənistanla sərhədini müəyyənləşdirməyə çalışır ki, buna Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdaxilə edə bilməz. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vurğulayıb ki, təşkilat Qazaxıstan Prezidenti Tokayevin kömək istəyinə dərhal müsbət reaksiya verdi, lakin ermənilərin çağırışları qulaqardına vuruldu. Analitikə görə, Ermənistan hakimiyyətini qıcıqlandıran məqam budur:

 “Məsələ burasındadır ki, dəstək qərarı təşkilatlıq məsələ deyil. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrinin hərbçilərinin Qazaxıstana göndərilməsi qərarı Kremldə verilib. Digərləri isə bu qərarı yerinə yetirmək məcburiyyətində qalıblar. Armen Qriqoryanın “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı oxşar durumda Ermənistana dəstək ola bilər” ifadəsinin başqa mənası da var. Təşkilat Qazaxıstanı hansısa xarici hücumdan qorumur, yerli hakimiyyəti ona hücum edənlərdən qoruyur. Belə çıxır ki, bir gün Ermənistanın hazırkı hökumətini və Baş nazir Nikol Paşinyanı radikal müxalifət, o cümlədən “Qarabağ klanı” devirmək istəyərsə, Qriqoryanın məntiqinə görə, təşkilat onların da köməyinə çatmalıdır. Ancaq bunun üçün Qazaxıstanda olduğu kimi banklara və dükanlara hücum edilməli, silahlı qarşıdurmalar qeydə alınmalıdır. Əslində yerli hakimiyyəti qorumaq üçün bəhanə tapmaq çətin məsələ deyil. Əgər Kreml Paşinyanın və hökumətin devrilməsində maraqlı olacaqsa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yerindən tərpənməyəcək”.