Putin özünü SSRİ mogikanları kimi hiss edir

Keçmiş ittifaqa bənzər modelin yaradılması ilə bağlı Rusiya rəhbərliyi ciddi addımlar atmaqdadır

Rusiyanın KTMT vasitəsilə Qazaxıstana müdaxiləsi bunun nəticəsidir. Senari Qazaxıstandan əvvəl Belarusda sınaqdan keçirilib. Domino effekti olaraq davam etməkdədir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qazaxıstanda sülhməramlıların qalma müddətini açıqlayıb. KTMT-nin baş katibi Stanislav Zas bildirib ki, sülhməramlı qüvvələrin Qazaxıstanda nə qədər qalacağı vəziyyətdən və respublika rəhbərliyinin qərarından asılı olacaq. Onun sözlərinə görə, əməliyyat başa çatdıqdan sonra qoşunlar çıxarılacaq. Zas əlavə edib ki, qoşunların qısa müddətdə qalacağı gözlənilir: “Müddətin bir neçə gün və ya bir neçə həftə olacağını Qazaxıstandakı durum müəyyən edəcək. Əgər respublika rəhbərliyi “vəziyyətin sabitləşdiyini və köməyə ehtiyac olmadan öz qüvvələri tərəfindən nəzarət edildiyini hesab edərsə, qoşunlar çıxarılacaq”. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin də bildirib ki, KTMT-nin Qazaxıstandakı əməliyyatı təxminən bir aya yaxın davam edə bilər. Şvıtkinə görə, sülhməramlıların işi ölkədə vəziyyət normallaşdıqdan sonra başa çatacaq. 

Ekspertlərin fikrincə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi yardım adı altında Qazaxıstana qoşun yeritməsi yanlış qərar idi. Kreml göz görə-görə bu addım ilə həm KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndini pozdu, həm də Qazaxıstanda ikinci Əfqanıstan senarisinin yaranmasına imkan verdi. Məsələ ondadır ki, hərbi yardımı Qazaxıstan Prezidenti Qasım-Jomard Tokayev istəsə də bütün hallarda Kremlin buna razılıq verməsi qanunsuzdur. Çünki təşkilatın müvafiq maddəsində qeyd edilir ki, ittifaq üzvlərindən birinə kənar müdaxilə olarsa, digər üzvlər ona hərbi yardım göstərə bilər. Rusiya hərbçilərinin yaranmış fürsətdən sui-istifadə edərək Qazaxıstana soxulduğu və geri qayıtmaq niyyətində olmadıqları iddia olunur. 

Hərbi blokun yaratdığı ajiotajı “Şərq”ə dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Nursultan Nazarbayevin son illərdəki fəaliyyəti Rusiyanın hakim dairələrində müəyyən narazılığa səbəb olurdu. Siyasi şərhçinin sözlərinə görə, Qərbin Orta Asiya ilə bağlı layihələri, Çinlə əməkdaşlıq, Qazaxıstanın tədricən Rusiyadan qopması Kreml üçün qəbuledilməz idi: “SSRİ-yə bənzər modelin yaradılması ilə bağlı Rusiya rəhbərliyi ciddi addımlar atmaqdadır. Putin özünü SSRİ mogikanları kimi hiss edir. 

O, ideoloji olaraq Lenini, fiziki olaraq Stalini yamsılamağa çalışır. Rusiyanın KTMT vasitəsilə Qazaxıstana müdaxiləsi bunun nəticəsidir. Senari Qazaxıstandan əvvəl Belarusda sınaqdan keçirilib. Domino effekti olaraq davam etməkdədir. KTMT-nin ciddi önəmi yoxdur. Sadəcə simvolik olaraq ətrafdakı dövlətlərə göstərmək lazım idi ki, hərbi təşkilatın öz qoşunu var və ilk dəfə olaraq real şəkildə əməliyyat keçirirlər. Məğlub Ermənistanın 70 hərbçisi Qazaxıstanda nə edə bilər ki?!”.

Ə.Əlibəyli Belarus hadisələrinin Qazaxıstandakı olaylarla müqayisəsinə də münasibət bildirib: “Belarusda meydanlar dolu idi, amma buna rəğmən Lukaşenko Rusiyanın dəstəyini alaraq postunu qoruya bildi. Qazaxıstanda isə heç də tirajlandığı kimi geniş xalq kütləsinin üsyanından, hansısa inqilabdan söhbət getmir. Qazaxıstanda əsas məsələ tam şəkildə Rusiyanın nəzarətinə keçmək idi və nəticə göz önündədir. KTMT-nin ölkədə az və ya çox qalması isə bu reallığı dəyişmək gücündə deyil”.