Tokayev Kremlə güvənir

Prezident üsyançılara qarşı xəbərdarlıqsız atəş açmaq əmri verdi

Rusiya faktoru bundan sonra Qazaxıstanda başağrısı yaradacaq

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev xalqa növbəti müraciətində təhlükəsizlik qüvvələrinə xəbərdarlıqsız atəş açmaq əmrini verdiyini deyib. Etirazçıları “terrorçu” adlandıran prezident ölkədə konstitusion hakimiyyətin tədricən bərpa olunduğunu, situasiyanın nəzarətə götürüldüyünü qeyd edib: “Bizim ölkəmizdə antiterror əməliyyatı davam edir. Mən hüquq-mühafizə orqanlarına və orduya xəbərdarlıqsız atəş açmaq əmri vermişəm”. Prezident hadisələr zamanı yüzlərlə dinc sakinin, hərbçinin yaralandığını və öldürüldüyünü əlavə edib. Tokayev hadisələrdə iştirak edən bütün şəxslərin ən sərt şəkildə cəzalandırılacağına söz verib. 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti Qazaxıstanın hüquq-mühafizə orqanları ilə birlikdə Almatı aeroportunu nəzarətə götürüb. İğtişaşlar nəticəsində ölkəyə dəyən zərərin ilkin hesablanmış məbləği təxminən 100 mln. ABŞ dolları təşkil edib. Qazaxıstanın Milli Sahibkarlar Palatasının məlumatına görə, zərərin böyük hissəsi ticarət, ictimai iaşə, nəqliyyat, xidmət subyektləri, eləcə də maliyyə sektoruna dəyib. Ümumilikdə 519-a yaxın subyekt ziyan görüb. Eyni zamanda, qeyd edilir ki, sözügedən biznes obyektlərinə çıxış olmadığından əksər iş adamlarına dəyən tam ziyanı qiymətləndirmək hələ də mümkün deyil. Xaricdə gizlənən “Bank Turan Alem”in (BTA Bank) keçmiş rəhbəri Muxtar Ablyazov özünü ölkədəki müxalifətin və etirazların lideri adlandırıb. Mühacir qazax bankirin sözlərinə görə, Almatıdakı etirazçılar ondan hər gün necə davam edəcəyini soruşurlar: “Etirazların sakitləşməsi üçün Qazaxıstana qayıtmağa və “müvəqqəti hökumətə” rəhbərlik etməyə hazıram”. O, etirazları əlaqələndirmək üçün Qərbdən vəsait almadığını da vurğulayıb. Qeyd edək ki, Muxtar Ablyazovun qərargahı Kiyevdə, özü isə Parisdədir. 

Bu arada Avropa İttifaqı Qazaxıstana yardım etməyə hazır olduğunu bildirib. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib ki, vətəndaşların hüquqları və təhlükəsizliyi prioritetdir və təmin edilməlidir: 

“Mən zorakılığa son qoymağa və təmkin göstərməyə çağırıram. Aİ bacardığı hər sahədə kömək etməyə hazırdır”. NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina da “Twitter”də Qazaxıstandan yazıb. O bəyan edib ki, NATO Qazaxıstandakı vəziyyətlə, insan tələfatı ilə bağlı ciddi narahatlığını bölüşür: “Biz bütün tərəfləri təmkinli olmağa, zorakılıqdan çəkinməyə və dialoq aparmağa çağırırıq. Səlahiyyətlilər beynəlxalq insan hüquqları öhdəliklərinə, o cümlədən dinc etiraz hüququna hörmət etməlidir”. 
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralının Qazaxıstandakı siyasi vəziyyətlə bağlı bəyanatı yayılıb. Bəyanatda vurğulanıb ki, BTA xuliqan ünsürlərin müstəqilliyə və ərazi bütövlüyünə qarşı qanunsuz hərəkətlərini qətiyyətlə pisləyir: “Biz dinc əhalinin həyatına təhlükə yaradan, ictimai asayişi pozan hər cür terrorun, dövlətçiliyin əsaslarını sarsıdan zorakı hərəkətlərin qəti əleyhinəyik. Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin qəbul etdiyi qərarları, eləcə də davam edən antiterror əməliyyatını tam dəstəklədiyimizi bildiririk. Hesab edirik ki, bu sınaq saatında bütün cəmiyyətin birliyi və ölkə rəhbərliyinin bütün vətəndaşlar tərəfindən dəstəklənməsi vacibdir. Qazaxıstanda sabitliyin tezliklə bərpası qardaş türk ölkələri üçün son dərəcə əhəmiyyətlidir.
Bu səbəbdən də bu çətin dövrdə ölkədə ictimai-siyasi sabitliyin tezliklə bərpa olunmasını arzulayırıq”. 

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti, tanınmış jurnalist Füzuli Məcidli də Qazaxıstandan xəbər verib. O bildirib ki, Qazaxıstanda baş verən iğtişaşlar səbəbindən telefon və internet daxil olmaqla bütün əlaqə vasitələrinə çıxış məhdudlaşdırılıb: 

“Buna görə müxtəlif vasitələrlə bizimlə əlaqə qurmağa çalışan, zəng vuran, mesaj yazan, lakin əlaqə yarada bilməyən dostlar narahat olmasınlar. Hadisələr sakitləşməyə doğru gedir. Hazırda paytaxtdayıq və burada sakitlikdir. Narahatlığını paylaşan bütün dostlara, yaxınlara təşəkkür edirəm. 

Qazaxıstanda tezliklə sakitliyin və əmin-amanlığın bərpa olunacağına inanır, qardaş Qazax xalqına sülh arzulayıram”. 
Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü deyib ki, Qazaxıstandakı kütləvi iğtişaşların təşkilində ölkə ərazisinə sızmış hansısa radikal islamçı təşkilatın, xüsusən də “İŞİD-Xorasan” qruplaşmasının ittiham ediləcəyi daha çox gözləniləndir.

 Onun sözlərinə görə, bu, Tokayevə həm KTMT-ni ölkəsinə çağırışının qanuniliyini əsaslandırmaq üçün gərək olacaq, həm də Rusiyanın Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan sərhədlərinin təhlükəsizliyini birgə qorumaq təşəbbüsünü legitimləşdirəcək: “Xatırladım ki, bir neçə ay əvvəl Qərb mətbuatı ABŞ-ın Əfqanıstanda təlim keçdiyi hərbçilərin və kəşfiyyatçıların “Taliban”la mübarizə aparmaq üçün kütləvi şəkildə “İŞİD-Xorasan”a qoşulduqlarını, “İŞİD-Xorasan”ın Orta Asiyada nüfuz və təsirini getdikcə gücləndirdiyini yazmışdı. Elə Rusiya xüsusi xidmət orqanları da 2014-cü ildən bəri İraq və Suriyadan qayıdan İŞİD döyüşçülərinin Mərkəzi Asiyada cəmləşdiklərini və növbəti terror xaosunun Mərkəzi Asiyada yaşanacağını elan etmişdilər. Əgər indi Qazaxıstandakı hadisələrdə də radikal islamçılar suçlu elan ediləcəklərsə, hadisələrin hansı senari üzrə inkişaf edəcəyi haqda artıq aydın təsəvvür yaranacaq”.

Politoloq Qabil Hüseynli isə qeyd edib ki, Qazaxıstanda kütləvi etirazların qiymət artımına görə başlaması ilə bağlı irəli sürülən arqumentlər ciddi deyil. Analitikə görə, Qazaxıstan əhalinin maddi güzəranına, əmək haqlarının səviyyəsinə görə MDB məkanında, hətta Rusiyanı da qabaqlayaraq öndə gedən bir ölkədir: 

“Qazaxıstan iqtisadiyyat strukturlarının qurulması sürətinə, kiçik və orta sahibkarlığın inkişaf səviyyəsinə görə MDB məkanında ilk yerlərdə dayanan ölkədir. Sıxılmış maye qazının qiyməti qaldırılmaqla yanaşı, yanvar ayında əmək haqlarında da böyük artımlar oldu. Etiraz edənlər yalnız Almatı şəhəri və Aktauda-Xəzər dənizinin sahillərində olan ərazinin “bir ovuc əhalisidir”. Aksiyaçılar xarici kəşfiyyat orqanlarının, üçüncü bir dövlətin xüsusi xidmət orqanları tərəfindən bir müddətdir ki, hazırlanırdı. Eləcə də Qazaxıstanda həyata keçirilən türkçü siyasəti, “kiril”dən latın qrafikasına keçilmə, Türkdilli Dövlətlər Təşkilatının yaranması, Qazaxıstanın öz ərazisində NATO-nun hərbi bazasını yerləşdirmə ehtimalı üçüncü dövlətin qəzəbinə səbəb olmaqda idi. Rusiya onsuz da bütün dünyanı özünə qarşı səfərbər etməkdədir. Post-sovet məkanındakı ölkələrə bu, sözün əsl mənasında yaşamaq imkanı tanımır. Bunu Estoniyanın xarici işlər naziri də öz çıxışında bəyan etmişdi. Qazaxıstanın qurucu memarı olan Nursultan Nazarbayevin xidmətlərinə əhəmiyyət verməyərək, vəzifədən uzaqlaşdırılması və hətta onun haqqında daha radikal addımların atılmasını tələb edən o bir ovuc etirazçı xarici dövlətlərin agenturasının, şəbəkəsinin fəal üzvləridir. Rusiya faktoru bundan sonra da başağrısı yaradacaq”.