Uzunmüddətli sülhə nail olmaq üçün sərhədlər müəyyənləşməlidir

İrəvanın qarşısında duran yeganə yol bölgə dövlətləri ilə normal münasibətlərin qurulmasıdır

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

   Prezident İlham Əliyev yerli mətbuata müsahibəsində Azərbaycan-Ermənistan arasındakı delimitasiya və demarkasiya ilə bağlı prosesdən də bəhs edib. Dövlət başçısı vurğulayıb ki, sülh gündəliyi qarşı tərəfə təqdim olunub. Ölkə rəhbəri bəyan edib ki, Ermənistana delimitasiya ilə bağlı, əgər o baş tutarsa, sonra demarkasiya ilə bağlı çox aydın təkliflər irəli sürülüb: “Bildiyiniz kimi, ilkin mərhələdə Ermənistan cavab vermirdi, nə hə, nə yox deyirdi. Yəni bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyində gələcəklə bağlı açıq-aydın təsəvvür yoxdur”. Dövlət başçısı deyib ki, istər müharibə, istər keçmiş Qarabağ münaqişəsinin həlli, istərsə də gələcəklə bağlı siyasətimiz tam aydındır: “Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin. Kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Halbuki, biz onu da bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər”. 

   Bu arada Rusiyanın Xarici işlər naziri Sergey Lavrov da bildirib ki, Moskva tezliklə Ermənistan-Azərbaycan dövlət sərhədlərinin delimitasiyasına başlanmasına tərəfdardır. Lavrov sərhədlərin delimitasiyası məsələsinin Qarabağ regionuna aidiyyəti olmadığını qeyd edib:

 “Artıq bir ildir ki, biz sərhədlərin delimitasiyası ilə bağlı danışıqlara başlamağı təklif edirik”. Nazir diqqətə çatdırıb ki, Rusiya Azərbaycana Ermənistanın demarkasiya komissiyası ilə bağlı təkliflərini çatdıracaq: “Rusiya komissiyanın yaradılması barədə məsələnin tezliklə həll olunacağına ümid edir”. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da qeyd edib ki, Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır və tərəfləri münaqişənin hərbi yolla həllindən çəkinməyə çağırır. Zaxarova gərginlikdən qaçmağın əsas həllini sərhədin delimitasiya-demarkasiya prosesinin başlanmasında görüb. Bildirib ki, bu məsələdə Rusiya hərtərəfli yardım etməyə hazırdır: “Tərəfləri silahlı metodlardan istifadə etməkdən çəkinməyə və bütün mübahisəli məsələləri istisnasız olaraq siyasi-diplomatik yolla həll etməyə çağırırıq. Uzunmüddətli planda regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının əsas resepti Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya prosesinə başlanmasıdır. İkitərəfli komissiyanın yaradılması üzrə işləri aparmaq vacibdir. Rusiya buna hərtərəfli və məsləhətli yardımını etməyə hazırdır”. 

   Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev də sərhədlərin müəyyən olunması prosesindən danışıb. O deyib ki, Azərbaycanla Ermənistan delimitasiya ilə bağlı komissiyanın yaradılmasına şifahi razılıq veriblər: 

“Azərbaycanla Ermənistan arasında delimitasiya ilə bağlı komissiyanın yaradılması barədə şifahi şəkildə razılıq əldə olunub. Hesab edirəm ki, delimitasiya ilə bağlı sənəd imzalanmalıdır. Ancaq düşünürəm ki, bu il sülh sazişi ilə bağlı ümumi bir sənədin imzalanmasına nail ola bilməyəcəyik. Ermənistan əhalisinin əksəriyyəti Nikol Paşinyana səs verib. Ancaq hər üç şəxsdən biri ona qarşı çıxış edir. Bunu da nəzərə almaq lazımdır. Bəzi qurumlar Ermənistanda Paşinyanın siyasətini dəstəkləmir. Ermənistanda əksər diplomatlar və erməni diasporu radikal mövqe tutur”. 

F.Şəfiyev vurğulayıb ki, Ermənistan Zəngəzurdan dəmir yolu və avtomobil yolunun çəkilməsinə razılıq verib. Biz bu bunun reallaşmasına nail olmalıyıq”. Şəfiyev deyib ki, dəhliz və delimitasiya ilə bağlı müəyyən sənədlər imzalansa, bu, sülh sənədinin imzalanmasına yol açacaq. 

Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə açıqlamasında vurğulayıb ki, dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistanla sülh prosesinə, sərhədlərin müəyyən olunması məsələsinə toxunaraq rəsmi Bakının qəti mövqeyini bir daha xatırlatdı. Deputatın sözlərinə görə, görünən odur ki, Ermənistan sülh müqaviləsinə tam hazır deyil: “Ermənistanın davamlı təxribatları da bunu deməyə əsas verir. 

Azərbaycan və Türkiyənin çalışdığı odur ki, Ermənistan bir yolunun qaldığını anlasın. İrəvanın qarşısında duran yeganə yol bölgə dövlətləri ilə normal münasibətlərin qurulmasıdır. Ciddi problemlər müşahidə olunsa da, ümid edirik ki, Ermənistan tezliklə sərhədlərin demarkasiya və delimitasiya prosesinə başlayacaq. İrəvan hesab edir ki, bu məsələ Ermənistan üçün çox ağrılı prosesdir. 2022-ci ildə Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl edəcəyinə inanmaq istəyirik. Düzdür, hazırda fərqli mənzərə müşahidə olunur. 

Ancaq Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi tədbirlər nəticəsində biz öz məqsədimizə tezliklə nail olacağıq. Yekun sülh müqaviləsinə nail olmaq üçün birgə addımlamaq şərtdir. Ermənistan anlamalıdır ki, qonşu ölkələrlə normal əməkdaşlıq bölgəyə sabitlik gətirməklə yanaşı, həm də İrəvanı siyasi-iqtisadi böhrandan çıxaracaq”.