Samir Əsədli: "Azərbaycanın maraqlarının tam təmin olunacağı anlaşma imzalanmadan tələsməyə dəyməz"

“Ankara Ermənistanla əlaqələrdə yeni mərhələnin başlayacağını bəyan edib. Son dövrlərdə Türkiyə regional geosiyasətdə önəmli addımlar atmaqdadır”.

Bu barədə “Sherg.az”a Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib. 

Partiya təmsilçisi bildirib ki, Türkiyənin bu addımları onunla strateji əlaqələri olan dost və qardaş Azərbaycan tərəfindən diqqətlə izlənilir: 

“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bu məsələdə hər bir addımın Azərbaycanla məsləhətləşilərək atıldığını bildirib. Bakının da Ermənistanla sülh müqaviləsi imzalanması təklifi ilə çıxış etdiyini xatırladıb. O, Türkiyə ilə Azərbaycanın bu məsələdə xoş niyyətli olduqlarını söyləyib. Bu gün ABŞ və Aİ-nin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dəstək verməsinin əsas səbəbi də aydındır. NATO üzvü olan Türkiyə İrəvanla yaxşı münasibətlərə malik olarsa, ABŞ və Aİ-nin Cənubi Qafqazda mövcudluğu, Gürcüstanla yanaşı, Ermənistan üzərindən də Rusiyaya cəbhə açılması əsas hədəfə çevriləcək. Bu mənada, Ankara bu addımları atarkən Rusiya ilə münasibətləri də nəzərə almalıdır. Ermənistanda bəzi dairələr hələ də Qarabağa saxta iddialar irəli sürməkdədir. Üstəlik, İrəvan Zəngəzur dəhlizinin açılmasına hələ də əngəl yaratmağa çalışır”. 

S.Əsədli vurğulayıb ki, bütün bunlar həllini tapmazsa, 1993-cü ildən bağlı olan sərhədlərin açılması Ermənistanda “zəfər” kimi qarşılana bilər: 

“Bu səbəbdən Azərbaycanın maraqlarının tam təmin olunacağı anlaşma imzalanmadan tələsməyə dəyməz. Üstəlik, Türkiyə Ermənistanla əlaqələrin normallaşdırılmasına 2009-cu ildə edilmiş cəhd zamanı Azərbaycanla münasibətlərdə yaranmış problemlərin təkrarlanmaması üçün tələsik addımlar atmamalı, diqqətli olmalı, bu vacib dönəmi Azərbaycanla davamlı məsləhətləşmələr aparmaqla keçməlidir. Türkiyə-Azərbaycan münasibətlərində baş verə biləcək ən cüzi problem kiçik miqyasda Ermənistan-Yunanıstan-Fransa ittifaqı, böyük mənada isə ABŞ-Aİ, həmçinin Rusiya və İran üçün böyük fürsət olacaq”.