İran rəsmiləri Qarabağda!Sular durulur: Zəngəzur dəhlizinə dair dirənişin mənasızlığını anladı 




Yanvarın 24-də İran rəsmiləri işğaldan azad edilmiş ərazilərə səfər edib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Xəbərə əsasən,onlar burda həyata keçirilən nəqliyyat və digər infrastruktur layihələr ilə tanış olublar. Qonaqlara Füzuli Beynəlxalq Hava Limanı barədə məlumat verilib, cəmi 9 ay ərzində inşa olunduğu diqqətə çatdırılıb. Sonra nümayəndə heyətləri Azərbaycanın Ermənistanla həmsərhəd Zəngilan rayonunda Beynəlxalq nəqliyyat marşrutunun bir hissəsi olan Horadiz - Ağbənd dəmir yolu layihəsi üzrə görülən işlərlə tanış olublar.Tanışlıq zamanı layihənin əhəmiyyəti haqqında danışılıb,İranın bu layihədə iştirakının vacibliyi vurğulanıb. 

Onlar həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa edilməkdə olan ikinci hava limanı - Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işlərinə baxıb. Eləcə də Zəngəzur dəhlizində inşa olunan avtomobil tunellərinə və Cocuq Mərcanlı qəsəbəsində dəmir yolu layihəsinə baxış keçirilib, avtomobil və dəmir yolu layihələri ilə bağlı təqdimatlar dinlənilib.

Siyasi şərhçi Aqşin Kərimov İran rəsmilərinin işğaldan azad edilmiş ərazilərə səfərindən “Sherg.az”danışarkən Zəngəzur dəhlizi məsələsinə diqqət çəkib. Analitik bildirib ki, rəsmi Tehran əvvəldən bu dəhlizin iqtisadi aspektlərinə qarşı olmayıb: 

“Çünki  Zəngəzur koridoru həm də İrana iqtisadi mənfəət gətirən bir platformadır. Burda rəsmi Tehranın qəbul etmədiyi məsələ dəhlizin sərhəd dəyişikliyi olmadan fəaliyyətə başlamasıdır. Cənub qonşumuz sərhəd dəyişikliyini hesablamamışdı. Buna görə sonradan Azərbaycanla arasında dəhliz məsələsində fikir ayrılığı yarandı. Rəsmi Tehran buna etiraz etsə də, faydasız oldu”.  

A.Kərimov İranın Zəngəzur dəhlizi ilə bağlı etirazının faydasız olma səbəbini açıqlayıb: 

“Çünki bu dəhliz  Azərbaycanla yanaşı  beynəlxalq güclərin marağında olan və onların dəstəklədiyi bir platformadır. Onu Çin,Türkiyə eləcə də Rusiya dəstəkləyir. Belə bir məqamda İran özünü sıxışdırılmış hiss etdi. Məcbur oldu ki sərhəd dəyişikliyi paralelində olsa belə, bu dəhlizin əhəmiyyətini dərk etsin. Beləcə  prosesdə öz səylərini də ortaya qoymağa başladı”.
Siyasi şərhçinin qənaətincə, İranın hazırda nümayiş etdirdiyi mövqe onun beynəlxalq sıxışdırılması və eyni zamanda Azərbaycanın Cənubi  Qafqazda yaratdığı reallıqla bağlıdır.